Rumıniyada 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında təşkil olunan Avropa çempionatında finalçılar müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, yarımfinal mərhələsində xüsusilə İspaniya- Almaniya matçı dramatikliyi ilə yadda qalıb.
Uzun müddət hesabda geridə olan ispanlar yalnız 90+2-ci dəqiqədə bərabərlik qolunu vura biliblər.
Pireneylilər 90+5-ci dəqiqədə hətta 3:2 hesabı ilə önə çıxıblar. Hamının oyunun taleyinin həll olunduğu düşündüyü bir vaxtda - 90+9-cu dəqiqədə İspaniya yığmasının müdafiəçisi, "Barselona"lı Andres Kuença topu öz qapısından keçirib - 3:3.
Əlavə vaxtda tərəflər hərəyə bir dəfə hesabda irəli çıxıblar. Nəhayət, 119-cu dəqiqədə "Betis"in hücumçusu Pablo Qarsiya oyunda son nöqtəni qoyub - 6:5.
Digər yarımfinal cütündə Niderland komandası çətinlik çəkmədən Rumıniyanı 3:1 hesabı ilə məğlub edib.
İspaniya və Niderland arasında final matçı iyunun 26-da keçiriləcək.