AZ

Dövlətin qüdrəti rəhbərinə və güclü ordusuna bağlıdır » AzadMedia.az


Akademik İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru


26 İyun tarixinin dövlətçilik tariximizdə xüsusi çəkisi və strateji önəmi vardır. Bu gün güclü bir ordunun yaranması günü deyil, həm də xalqla dövlətin, vətəndaşla əsgərin birliyinin canlı təcəssümüdür. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev hələ 1996-cı ildə verdiyi tarixi mesajda deyirdi:
“Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir.”
Bu fikirlər sadəcə bir bəyanat deyil, Azərbaycan Respublikasının ordu quruculuğu siyasətinin ideoloji və praktiki əsaslarını formalaşdıran strateji yol xəritəsidir.
Ulu Öndər Heydər Əliyev peşəkar ordu quruculuğunun memarı sayılır, çünki Azərbaycan Silahlı Qüvvələrinin tarixi inkişaf trayektoriyası birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə respublikaya rəhbərliyə gəldiyi ilk gündən o, hərbi kadr potensialının yaradılması istiqamətində qətiyyətli addımlar atdı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, bu siyasətin ilk böyük nəticəsi oldu. Bu təhsil ocağı azərbaycanlı gənclərin hərb sənətinə yiyələnməsi, peşəkar zabit kimi yetişməsi üçün mühüm platformaya çevrildi.

SSRİ dövründə də azərbaycanlı gənclərin hərbi məktəblərə göndərilməsi üçün xüsusi kvotaların ayrılması, onların yüksək ixtisaslı zabit kimi formalaşmasına şərait yaratdı. Hərb sənətinə bu cür sistemli yanaşma Azərbaycan müstəqillik əldə etdikdən sonra güclü ordu quruculuğuna zəmin yaratdı.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan, təəssüf ki, daxili siyasi böhranlar və idarəetmədəki səriştəsizlik səbəbindən ordusuz, başıpozuq silahlı birləşmələrlə üz-üzə qaldı. Ermənistanın işğalçılıq siyasətinə qarşı durmaq iqtidarında olan bir güc strukturu yox idi. Torpaqlarımız ard-arda işğal olundu, ölkə məhv olmaq təhlükəsi ilə üzləşdi.
Lakin 1993-cü ildə xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddət ərzində ordu quruculuğu prosesinə strateji və çevik yanaşma tətbiq etdi. Başıpozuq dəstələr ləğv olundu, vahid komandanlıq və nizami ordu formalaşdırılmağa başlandı.
1994-cü ilin mayında imzalanmış atəşkəs razılaşması Azərbaycan Silahlı Qüvvələrinin strukturlaşdırılması və müasir orduya çevrilməsi üçün yeni imkanlar yaratdı. Bu dövrdə həyata keçirilən siyasətin prioritetləri maddi-texniki bazanın möhkəmləndirilməsi; müasir silah və texnika ilə təchizat; əsgər və zabit heyətinin döyüş və psixoloji hazırlığının artırılması və vətənpərvərlik ruhunun orduda əsas ideoloji xətt kimi möhkəmləndirilməsi oldu.
Bu məqsədyönlü strategiya nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından birinə çevrildi.
1998-ci il 22 may tarixində Ümummilli Lider Heydər Əliyevin imzaladığı fərmanla 26 İyun – Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün Silahlı Qüvvələr Günü kimi təsbit olundu. Bu qərar, ordunun dövlətin təməl sütunlarından biri kimi tanınmasının hüquqi ifadəsi idi.
Bu gün artıq Azərbaycan Ordusu təkcə hərbi güc simvolu deyil, həm də milli birliyin, vətən sevgisinin və dövlətçilik düşüncəsinin daşıyıcısıdır. Azərbaycan gənclərinin orduya könüllü və qürurla qoşulması bu vətənpərvərlik ideologiyasının xalqda necə dərin kök saldığını sübut edir.
Bu gün müasir Azərbaycan Ordusunun inkişafı Prezident İlham Əliyevin rəhbərliyi altında yeni zirvələr fəth edir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə – illərlə aparılan strateji, siyasi, diplomatik və hərbi siyasətin real nəticəsi idi.
Azərbaycan Ordusu, yalnız torpaqlarımızı azad etmədi. Eyni zamanda regionda güc balansını dəyişdi, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi və xalqın ordusuna olan inamını tarixi bir zəfərlə möhkəmləndirdi. Yenə Ulu öndərdən misal çəkmək yerinə düşər.
Ulu Öndər Heydər Əliyev deyirdi ki, “xalqla ordunun sağlam mənəvi birliyini təmin etmək bizim əsas vəzifəmizdir.” Bu vəzifə bu gün də aktualdır. Dövlətin gələcəyi gənclərin vətənpərvər ruhda yetişməsindən, orduda xidmətə məsuliyyətlə yanaşmasından, vətəndaşla əsgərin eyni amal uğrunda birləşməsindən keçir.
Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan əsgərini, zabitini, orduya xidmət edən hər kəsi ürəkdən təbrik edir, onlara Vətən yolunda qətiyyət və uğurlar arzulayıram!
Seçilən
0
azadmedia.az

1Mənbələr