BAKI, 23 iyun. TELEQRAF
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev Teleqraf-a müsahibə verib.
59 yaşlı mütəxəssis həm yığmanın uğursuz nəticələri, həm də onlarln səbəblərini açıqlayıb:
- Azərbaycan millisi 10 oyundur qələbə üzünə həsrətdir. Yığma komandanın sabiq baş məşqçisi olaraq buna münasibətiniz necədir?
- İllərdir deyirəm ki, yığmada problem baş məşqçi deyil. Baş məşqçi dəfələrlə dəyişdiyi halda, nəticələr dəyişmirsə, deməli, problemi düz yerdə axtarmırıq. Sadəcə, futbolumuz çox dəyişib, inkişaf üçün də heç bir addım atılmır. Arxaya baxdıqda U-17, U-19, U-21 millilərinin futbolçuları yetişirsə, gözləmək olar. Bugünkü millinin futbolçularını fəda verib, gözümüzü yumaraq gözləyə bilərik ki, 17 və ya 21 yaşlılarımız yaxşı gəlsinlər. Amma göstəricilər o səviyyədə deyil. Təəssüf ki, bu gün strategiyanın olub sistemin olmaması Azərbaycan futbolunun qarşısında böyük imtahandır.
- Bir il qələbəsiz seriyaya görə baş məşqçi günahkar deyil?
- Hər şey nəyəsə nisbidir. Baxın, bu gün Azərbaycan millisində Abdullah Zubir və ya Salifu Suma oynamır ki?! Gəlib yenə öz futbolçularımıza, yerli futbolumuza çıxırıq. Avropada özündən söz etdirən futbolçuların böyük əksəriyyəti xaricilərdir.
- Amma Mahir Emreli, Coşqun Diniyev, Emin Mahmudov, Bədavi Hüseynov illərdir yığmada top qovurlar. Bəs nəticələr niyə aşağı düşüb?
- Bir-iki futbolçu ilə nəyəsə nail olmaq çətindir. Ümumi futboldan söhbət gedir. Bu, güləş, boks deyil ki, fərdi hazırlaşdıraq. Ümumi orkestirdir, orada biri operanı düzgün çalmayacaqsa, istədiyimiz əsəri ala bilməyəcəyik. Futbola fərdi yanaşmaq doğru deyil.
- Gənc futbolçular ümid vermirmi?
- Hazırki duruma baxaq: U-17, U-18, U-19 və ya U-21-də uğurumuz yoxdur. Bu uşaqlar isə sabahın A millisinə namizədlərdir. Ona görə böyük problemlər var.
- AFFA ötən il açıqladı ki, baş məşqçi Fernandu Santuşa AVRO-2028-ə qədər yeni komanda formalaşdırması tapşırılıb. Sizcə, bu müddətə millidən nə isə gözləmək olar?
- Söhbət qoyulan müddətdən yox, o vaxtı necə səmərəli keçirməkdən gedir. Beş il də, bir il verilə bilər. Amma o illər ərzində heç bir iş görülməsə, sistem qoyulmasa, eləcə illəri sayacağıq. Beş il keçəcək, yenidən beş il verəcəyik. Federasiyaya yeni rəhbərliyinin (AFFA prezidenti Rövşən Nəcəfi nəzərdə tutur-red.) gəlişindən bir il keçdi. Yeni strategiya varsa, təkcə yazılmaqdan ibarət deyil. Onu həyata keçirə biləcəyimiz halda, nə isə gözləmək olar. Yox, kağızda qalacaqsa, onu reallaşdıra bilməyəcəyiksə, beləcə uzana-uzana gedəcək.
- Geridə qalan bir ili necə dəyərləndirərdiniz?
- Mən qiymət verə bilmərəm, çünki futbol adamıyam. AFFA-nın da, komandanın da işi millinin göstəricilərindən aydın olur. Nəticələr isə göz qabağındadır.
- Uğursuz nəticələrə görə Santuşun göndərilməsi gündəmdədir. Sizcə, yerli mütəxəssis yığmanı dirçəldə bilərmi?
- Problem baş məşqçi deyil. Yerli və yaxud xarici mütəxəssis, kim gəlir gəlsin, kardinal olaraq bunu dəyişmək mümkünsüzdür. Əlində olan material böyük işlər görəcək gücündə deyil. Dünyanın ən güclü baş məşqçisi gəlsə belə, əlində futbolçu olmadısa, böyük uğurlar qazanmaq imkansızdır. Yeni gələn baş məşqçi 10 faiz yaxşı və ya 10 faiz pis edə bilər. Bu qədər.
- Belə düşüncə var ki, milliləşdirilən futbolçular yığma üçün “can qoymurlar”. Siz milliləşdirilmənin fayda verdiyini düşünürsünüz?
- Xeyr, fayda verdiyini düşünmürəm. Səhv etmirəmsə, AFFA yaranandan 300-dək futbolçu milliləşdirmişik. Ümumi konsepsiya, sistem, strategiya lazımdır. Öz futbolçularımızı inkişaf etdirməliyik. Bu gün FIFA, UEFA-nın qoyduğu qərarlar da elə-belə deyil. İndi asanlıqla hansısa oyunçunu milliləşdirə bilməzsən. Milliləşdirilən futbolçular da öz millilərində oynayırsa, heç vaxt ikinci ölkəni seçməzlər. Bu kimi şeylər var. Belədə, keyfiyyətli futbolçular gətirə bilməyəcəyik. Bu baxımdan, problemlərimiz çoxdur. Sadaladığım məsələlərin hamısı bir-biri ilə zəncirvari bağlı olan proseslərdir.
- Gürcüstan millisində gənc futbolçular qısa müddətdə Avropa klublarına transfer olunur. Niyə bizdə elə deyil?
- Hər ikisi oxşar ölkələrdir, müstəqilliyi və eyni tarixi yolu addımlayıb. Ancaq bizdən fərqli olaraq, Gürcüstan millisinin 95-98 faiz futbolçusu xaricdə çıxış edir. Sistem artıq qurulub. Bu halda da gənc futbolçuların xaricə gedib legionet həyatı yaşamaları mümkündür. Belədə, artıq milliyə müəyyən çəkidə, yetişmiş futbolçular qayıdacaq. Gürcülər başqa yol tutublar. Futbolçular erkən yaşlarda ölkələrindən çıxırlar. Bizdə isə oyunçular rahat yaşayışı seçirlər. Əsas fərq bundadır. Ona görə də konsepsiya, strategiya, sistem olmalıdır. “Necə inkişaf etməliyik” sualına düzgün cavab tapmalıyıq.
- Azərbaycanda fəaliyyət göstərən futbol akademiyalarının işini necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, siz deyən akademiya yoxdur. Bizdə iki ortabab akademiya olub. Biri “Bakı”, digəri də “Qəbələ” futbol klubunun. İndi oradan çıxan 1994 - 1997 təvəllüdlü futbolçular hələ də oynayırlar. Bundan sonra da akademiya yoxdur. Heç bir klubumuzun belə məktəbi yoxdur. Olsa belə, fəaliyyəti elə deyil. Həmin “Qəbələ” akademiyasından isə 10-15 faiz nə isə qalıb. Akademiya tamam başqa olmalıdır.
- Premyer Liqanı tərk edən ”Səbail”in icraçı-direktoru Firuz Abdulla açıqlamasında mövcud büdcə ilə akademiyanın növbəti mövsüm fəaliyyət göstərə bilməyəcəyini deyib. Sizcə, bu, ölkə futboluna necə təsir göstərəcək?
- Əlbəttə, fərqi yoxdur hansı klub olur-olsun, bir akademiyanın fəaliyyətini dayandırması heç də yaxşı deyil. Bir akademiyanın arxasında 300-500 futbolçu var ki, onları itirmək deməkdir. Onlardan 30 faizi başqa akademiyaya yığılacaq, qalan 70 faizi isə itəcək. Burada yüngülvari itkilər gələcəyimizə zərbələr vuracaq.
- Yeri gəlmişkən, "Səbail"in sizdən sonra gələn sabiq baş məşqçisi Cavid Hüseynov müsahibəsində “Orada məşqçilər otağı var idi. Mənə deyirdilər ki, sən bura gələnəcən bu otağın qapısı 3 ildir açılmır. Lakin biz – məşqçilər hər gün səhər saat 9-dan otağa girir, məşqlərin gedişini yazır, oyun planını tutur, növbəti görüşə hazırlaşırdıq” fikrini səsləndirib. Bu fikirlərə münasibətiniz necədir?
- Mən “Səbail” haqqında danışmaq istəmirəm. Bir yerdə olanda, nə isə varsa, həmin vaxt danışmalısan. Çıxıb sonradan nə isə demək artıqdır. Görməmişəm, müsahibəsini, bilmirəm, ona görə o barədə də danışmaq istəmirəm.
- Bu halda, növbəti mövsüm legioner limitinin tətbiq olunmaması nələrə yola açacaq?
- Hər şey təcrübədən gəlib keçir. Bu gün biz pis də, yaxşı da deyə bilərik. Bir mövsüm sonra hər kəs bunun nə qədər xeyirli və xeyirsiz olduğunu görəcək. Ancaq fakt qarşısında doğru mülahizə yürütmək olacaq. Bu gün biz proqnoz verə bilərik. Təcrübədən sonra isə daha dəqiqini biləcəyik. Şəxsən düşünmürəm ki, limitin yığışdırılması əsas heyət futbolçularının sayının azalması baxımından Azərbaycan millisinə zərbə olacaq. Kimisi deyir ki, özünü güclü hesab edən yerli oyunçu legionerdən güclü olduğunu sübuta yetirsin. Deyim ki, bir neçə futbolçu elə xarakterli olacaq, lakin hər biri Avropanın akademiyalarlndan çıxan əcnəbilərə qarşı mübarizə aparmaq iqtidarında deyil. Onlar üçün çətin olacaq. Millidə çıxış edən futbolçuların çoxu, öz klubunda oynamayacaqsa, onda bugünkündən də böyük problemlər olacaq. Deyirik ki, ikinci variant kimi, burada oynamasın, qoy, xaricə getsin. Bəs xaricdə bizimkilərə ehtiyac varmı? Bizim futbolçuları istəyirlərmi? Baxın, bu da sualın bir tərəfidir. Ona görə deyirəm ki, nə proqnoz versək, yanlış çıxacaq. Bu səbəbdən, 2025/2026 futbol mövsmünü başa çatanda deyə bilərik ki, bu limit bizə nəsə verir.
- Axı sentyabrda Azərbaycan yığmasını rəsmi oyunlar gözləyir...
- Bəli, sentyabrda DÇ-2026-nın seçmə mərhələsinin oyunları olacaq. Həmin vaxta qədər isə Premyer Liqada 3-4 tur keçəcək. Ora dəvət alan futbolçuların oyun praktikası olacaqmı-olmayacaqmı? Bunlar Fransa, Ukrayna, İslandiyaya qarşı çıxa biləcəklərmi? “Keçənilki Məmməd”lə, “indiki Məmməd” arasında səviyyə fərqi nə qədərdir? Millinin oyunlarından sonra biləcəyik ki, həmin futbolçularda artım var, ya yoxdur.