Rusiyada patent, müvəqqəti və ya daimi yaşayış icazəsi almaq istəyən əcnəbilər üçün rus dili imtahanları çətinləşdiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə Rosobrnadzor-un rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, iyulun 10-dan etibarən dövlət qurumları imtahanları yenilənmiş tapşırıqlar bankı və yeni spesifikasiyaya uyğun şəkildə həyata keçirəcəklər.
Qərar xarici dil kimi rus dili, Rusiya tarixi və ölkə qanunvericiliyinin əsasları üzrə imtahanların keçirilməsi üçün nəzarət ölçü materiallarının hazırlanmasına cavabdeh komissiya tərəfindən qəbul edilib. Komissiyanın tərkibinə federal qurumlar, Moskva hökuməti və ali təhsil müəssisələrinin nümayəndələri daxildir.
Yeniliklərə əsasən, dinləmə üzrə tapşırıqların sayı iki dəfəyə qədər artırılaraq dördə çatdırılıb. Eyni zamanda danışıq bölməsi üzrə də minimal keçid balları müəyyən edilib. Bu dəyişikliklər miqrasiya məqsədilə imtahan verən şəxslərin dil biliklərinin daha dəqiq qiymətləndirilməsini hədəfləyir.
Aynurə İsmayıl
KONKRET.az