AZ

Rusiya İsrailin hücumundan sonra niyə İranı müdafiə etmədi?

Yaxın Şərqdə yeni müharibə dünyanın ən qeyri-sabit bölgəsinin xəritəsini yenidən formalaşdıra bilər. Bu bölgədə Rusiya ənənəvi olaraq vacib oyunçulardan biri sayılırdı. Lakin Bəşər Əsədin Suriyadan qaçmasından sonra və Kremlin prioriteti olan Ukrayna müharibəsi səbəbindən Rusiyanın mövqeləri zəifləyib.

İndi isə Moskva nüfuzuna daha bir zərbə vuracaq risk altındadır - İsrailin İrana qarşı müharibəsi ölkənin destabilizasiyası və ya dağılması ilə nəticələnərsə. Halbuki Vladimir Putin bundan cəmi yarım il əvvəl İranı "strateji tərəfdaş" elan etmişdi.

Müharibənin sonu görünmür və ABŞ-ın İranın nüvə obyektlərini vurandan sonra onun da bu münaqişəyə qoşulma təhlükəsi var ki, bu da lokal konflikti dünyanın ən güclü ordusunun iştirak etdiyi beynəlxalq münaqişəyə çevirə bilər.

Rusiya isə hələlik diplomatiya ilə kifayətlənir və öz müttəfiqi, Xəzər dənizi qonşusuna hərbi yardım göstərməyə tələsmir. Niyə?

Birincisi, ona görə ki, istəmir, ikincisi isə edə bilmir - ekspertlər deyirlər.

Rusiya Yaxın Şərq münaqişəsinə birbaşa yalnız bir dəfə - Suriyada müdaxilə edib.

Digər hallarda həmişə diplomatiya və neytrallıq siyasətini seçib və çox güman ki, indi də bunu edəcək.

Kreml həmişə vasitəçi rolu götürmək iddiası olub və bölgədəki bütün düşmən qüvvələrin yalnız Rusiyaya danışmağa hazır olduğunu bəyan edib.

Lakin Rusiyanın etibarlı tərəfdaş kimi nüfuzu sual altındadır.

"Altı ay əvvəl Rusiya Suriyada zəifləyən Bəşər Əsəd rejiminə kömək etməyə gəlmədi," – deyə BBC-yə Yaxın Şərq üzrə ekspert, Vaşinqton İnstitutunun əməkdaşı Fabrice Balanche bildirib. – "Eyni şəkildə, indi də zəifləyən İrana kömək etməkdə məna görmür".

"Ondan əlavə, Rusiyanın yeni bir nüvə dövlətinin meydana çıxmasına ehtiyacı yoxdur," – deyə o əlavə edib.

Kreml Fars körfəzi monarxiyaları ilə münasibətləri pozmağa və İsraillə əlaqələri kəsməyə tələsmir. O, artıq İran rejiminin süqut risklərini qiymətləndirir və Ayətullahlar devriləcəyi halda yeni hakimiyyətlə münasibətləri necə qurmaq barədə düşünür.

Müşahidəçi rolu hələlik Putin üçün ən uyğun variantdır. Müharibə neftin qiymətini artırır - bu isə Rusiyanın əsas ixrac məhsuludur. Nüvə reaktorları olan qaynar nöqtədəki münaqişə isə dünya ictimaiyyətinin və jurnalistlərin diqqətini Rusiyanın Ukraynaya qarşı təcavüzündən yayındırır, - deyə James Martin Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Mərkəzinin eksperti Hanna Notte bildirir.

"Putin amerikalılara özünü köməkçi, dünya məsələlərində hər mövzuda danışa biləcək tərəfdaş kimi təqdim etmək istəyir, Ukrayna istisna olmaqla hər şey haqqında danışmağa hazırdır", - deyə o, BBC-yə bildirib.

Trump isə hələlik Putinin təklif etdiyi xidmətlərdən imtina edir.

"O, vasitəçi kimi çıxış etməyi təklif etdi. Mən ona dedim: "Zəhmət olmasa, əvvəlcə öz işlərinlə məşğul ol. Gəl, əvvəlcə Rusiyanı qaydaya sal, olar? Sonra bu barədə narahat ola bilərsən", - deyə Trump çərşənbə günü bildirib.

Rusiyanın təsir rıçaqları azdır

Eyni zamanda, Rusiyanın itirəcəyi şeylər var: İranı itirmək onun regiondakı böyük məğlubiyyəti olacaq və Yaxın Şərqdəki mövqeləri daha da zəifləyəcək.

Ancaq müharibə davam etdiyi müddətdə manevr üçün imkanlar qalır: əgər Kreml tərəfindən təklif olunan vasitəçilik qəbul olunarsa, Putin Ukraynadakı müharibəyə baxmayaraq özünü sülhməramlı kimi göstərə bilər.

"Əgər Rusiyaya vasitəçi rolu verilsə, bu əksinə, onun böyük güc kimi mövqeyini gücləndirəcək – çünki o, münaqişələrin həllində yardım göstərir. Bu da diqqəti Ukraynadan yayındıracaq," – deyə Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun aparıcı elmi işçisi Anna Borşevskaya bildirir.

Lakin hələlik nə İsrail, nə də İran sülhdən danışmağa hazırdır - onlar üçün qarşıdurmanın yeni mərhələsi sağ qalmaq uğrunda mübarizə deməkdir. Avropa ölkələrinin işğalçı ölkənin prezidentinin danışıqlar masasına dəvət olunmasını istəmədiklərini açıq şəkildə bildirdiklərini nəzərə alsaq, belə bir ssenarinin nə dərəcədə real olduğunu indidən anlamaq olar.

Rusiyanın buna təsir etmək üçün demək olar ki, heç bir imkanı yoxdur, - deyə Hanna Notte razılaşır. Moskva yüksək səslə danışıqlara və diplomatik həll yollarına çağırış etməyə davam edəcək, lakin münaqişənin necə başa çatacağı Rusiyadan deyil, başqalarından asılı olacaq.

"Əslində, Rusiya İsraillə İran arasında qarşıdurmanın nə vaxt, necə və hansı şəraitdə başa çatacağını müəyyən edən faktor deyil," - deyə ekspert vurğulayır.

Hazırda üstünlük Donald Trump-ın əlindədir. İsrail ABŞ prezidentindən birbaşa İranla mübarizədə dəstək gözləyir, Rusiya isə vasitəçilik xidmətlərini təklif edir.

Moskva bu yolla Bəşər Əsədin devrilməsindən sonra Suriyadakı müttəfiqini itirdiyi üçün zədələnmiş Yaxın Şərqdəki mövqeyini bərpa etməyə ümid edir.

İran təkdir

İsrail İrana hava zərbələri endirir və əməliyyatın əsl məqsədini demək olar ki, gizlətmir - İran İslam Respublikasında ruhanilərin hakimiyyətinə son qoymaq. İranın əvvəllər də bölgədə və dünyada çox az sayda müttəfiqi var idi, amma indi faktiki olaraq tamamilə tək qalıb.

Bir vaxtlar güclü olan İranın "Müqavimət oxu" artıq gücdən düşüb - Livandakı "Hizbullah"ın faktiki məğlubiyyəti, Suriyada Bəşər Əsədin devrilməsi və Fələstin HƏMAS-ı ilə mübarizə bu ittifaqı zəiflədib.

ABŞ artıq İsrailin İrana qarşı hücumlarında nüvə obyektlərini bombalamaqla birbaşa iştirak etdi.

İranın əsas müttəfiqlərindən biri olan Rusiya İsraili ilk qınayanlardan oldu və gərginliyin azaldılmasına, dərhal atəşkəsə çağırdı. İranla münasibətləri olan Türkiyə və Çin də eyni mövqe sərgilədilər.

Lakin bu səslənən bəyanatlardan sonra real addımlar atılmadı.

"Rusiya İrana hərbi yardım göstərmədi. Amma bunu heç kim gözləmirdi də. Rusiya və İran yanvarda hərtərəfli əməkdaşlıq haqqında saziş imzaladılar. Amma orada dərhal qeyd olunmuşdu ki, bu, müharibə halında hərbi yardımı əhatə etmir. Keçən il İsrail İrana ilk dəfə hücum etdikdə, İran daha müasir Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin göndəriləcəyinə ümid edirdi, amma bu baş vermədi," – deyə BBC-yə açıqlamasında Silahların Yayılmaması üzrə Tədqiqat Mərkəzinin Avrasiya Proqramı direktoru Hanna Notte bildirib.

Rusiya həqiqətən də İrana hava hücumundan müdafiə vasitələri, məsələn, uzaq məsafəli sistemləri və digər hədəfləri qorumaq üçün yaxın radiuslu "Pantsir S1" komplekslərini verə bilərdi.

Bundan əlavə, Rusiya vaxtilə uğursuz alınmış müqavilə çərçivəsində Misir üçün yığılmış Su-35 qırıcılarının bir partiyasını İrana sata bilərdi. İran bu təyyarələrlə maraqlandığını bildirmişdi.

"Bu addım atılmadı. Bəlkə də Rusiya bacarmadı, ya da istəmədi. Ya da hər ikisi," deyə Notte əlavə edir.

Ekspertlərin fikrincə, Rusiya indi silah göndərə bilərdi, amma artıq gecdir - İsrail İranın hava məkanına nəzarət etdiyini bəyan edib.

Putin 18 iyun tarixində xarici agentliklərin rəhbərləri ilə görüşündə son günlər İrandan yardım istənilmədiyini bildirdi. Hava hücumundan müdafiə sistemlərinə gəlincə, Putinin sözlərinə görə, Rusiya "iranlı dostlara HHM sahəsində əməkdaşlıq təklif etmişdi, amma tərəfdaşlar böyük maraq göstərmədilər".

Rusiyanın əli Ukraynadakı müharibə ilə bağlı bağlıdır və Putin üçün əsas prioritet də elə budur, - deyə Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun eksperti Fabrice Balanche deyir.

"Putinlə Trump-ın Ukrayna barədə nə danışdıqlarını bilmirik. İstisna deyil ki, müəyyən razılaşma olub - Rusiya İranda neytrallığını qoruyur, əvəzində Ukrayna ilə bağlı hansısa güzəştlər əldə edir. Məhz bu, Putini maraqlandırır," - deyə ekspert ehtimal edir.

Rusiya hakimiyyəti açıq şəkildə başa düşür ki, İsrail İranla müharibədə üstünlük qazanır və zəif tərəfi dəstəkləmək istəmir, - deyə Hanna Notte şərh edir.

"Kim güclüdürsə, haqlı da odur", bir neçə gün əvvəl Rusiya təbliğatçısı Marqarita Simonyan X platformasında yazıb.

"Bu, Rusiyadakı əhval-ruhiyyəni əks etdirir," Hanna Notte belə hesab edir. - "Putin qalibləri daha çox sevir, uduzanları yox".

Rusiya və İran həm müttəfiq, həm də rəqibdir

Rusiya özünü İranın müttəfiqi adlandırır. Lakin əslində iki ölkə arasında etimadsızlıq səviyyəsi ənənəvi olaraq yüksək olub və bu, bir vaxtlar onların bir-biri ilə müharibə apardığı keçmişə gedib çıxır.

Onları anti-Qərb ritorikası və Qərbə qarşı çıxmaq məqsədilə "Qlobal Cənub" adlanan ölkələr blokunu formalaşdırmaq cəhdləri birləşdirirdi. Amma fikir ayrılıqları da az deyildi.

Rusiya və İran Suriyada müttəfiq idilər, lakin orada da hər şey problemsiz deyildi.

İranda hesab edirdilər ki, Rusiya İsrailə İran obyektləri barədə məlumat ötürür və bu obyektlər sonradan İsrail tərəfindən bombalanır. İran və Rusiya Türkiyənin roluna fərqli yanaşırdılar, üstəlik hər iki ölkənin Suriyada öz iqtisadi maraqları vardı. Əsəd rejiminin süqutundan sonra isə tərəflər bu uğursuzluqda bir-birini günahlandırmağa çalışdılar.

İran və Rusiya arasında gərginlik təkcə Suriyada deyil, həm də Cənubi Qafqazda və Mərkəzi Asiyada müşahidə olunur - burada hər iki tərəf öz nüfuzunu artırmağa çalışır, - deyə Fabrice Balanche xatırladır. İran Ermənistanla sıx münasibətlər saxlayır, halbuki Rusiya ilə Ermənistanın son illərdə münasibətləri gərginləşib.

Ümumi maraqlara baxmayaraq, Rusiya və İranın Mərkəzi Asiyada da fərqli məqsədləri var.

"Son 10 ildə İranla Rusiya arasındakı rəqabət bir qədər səngimişdi, çünki onlar Suriyada tərəfdaş idilər, amma indi bu rəqabət yenidən Cənubi Qafqazda və Mərkəzi Asiyada qayıdır", - deyə Fabrice Balanche bildirir.

Ukraynada müharibənin başlaması ilə Tehran və Moskva arasında hərbi əməkdaşlıq güclənib. İran Rusiyaya "Shahed 131/136" pilotsuz uçuş aparatları (PUA) tədarük edib və bu dronlar Ukraynaya hücumlarda istifadə olunub.

Lakin son illərdə Rusiya bu dronların yerli versiyası olan "Geran-2"nin istehsalını artırıb və artıq əvvəlki qədər İrandan asılı deyil.

"İran İslam Respublikasında Rusiyaya qarşı daim bir etimadsızlıq olub, bu, hərbi sahəyə də aiddir. Çünki Moskva 'Shahed' dronları qarşılığında Tehrana nə hərbi texnika, nə kosmik texnologiyalar, nə də nüvə texnologiyalarını təqdim edib. İran mətbuatında tez-tez Rusiya tərəfindən, hətta imzalanmış müqavilələr çərçivəsində belə, silahların tədarük olunmamasından narazılıq ifadə olunur," - deyə şərqşünas Ruslan Süleymanov bildirir.

Rusiya - etibarsız tərəfdaşdır

Rusiyanın Yaxın Şərqdəkı mövqeləri Suriyanı itirdikdən sonra zəifləyib. Əgər İsrail məqsədinə çatsa və İran rejimi devrilsə, Rusiya daha bir müttəfiqini və bölgədə təsir imkanlarını itirəcək.

"Bəşər Əsədin devrilməsindən sonra Rusiyanın Yaxın Şərqdəkı mövqeləri ciddi şəkildə sarsıldı. İndi bir çoxları görür ki, Rusiya çox da etibarlı müdafiəçi deyil. Və ruslar bu məsələdə İranı da günahlandırırlar," - deyə Fabrice Balanche bildirir.

Ancaq Hanna Nottenin ehtimalına görə, belə vəziyyətdə Rusiya əvvəlki kimi davranacaq - hər hansı əlverişsiz vəziyyətdən öz xeyrinə maksimum fayda götürməyə çalışacaq.

Suriya müttəfiqini itirdikdən sonra belə, Rusiya hələ tamamilə Suriyadan çıxmayıb, İran isə çıxıb. Moskvanın İranda da belə bir hesablaması ola bilər.

Bundan əlavə, Rusiya Ukraynadakı müharibə səbəbindən Qərbin tətbiq etdiyi sanksiyalardan sonra ona xüsusilə kömək edən Fars körfəzi ölkələri ilə münasibətləri qurmağa davam edir. Bu ölkələr də İranın nüvə silahı əldə etməsi perspektivinə çox da müsbət baxmırlar, amma böyük müharibə istəmirlər.

Seçilən
12
bbc.com

1Mənbələr