AZ

Uşaq bağçalarında təhlükəsizlik - Kameraların quraşdırılması niyə GECİKİR?

Müasir dövrdə uşaqların təhlükəsizliyi cəmiyyətin və ailələrin əsas qayğılarından birinə çevrilib. Xüsusilə erkən yaş dövründə uşaqların təhsil aldığı uşaq bağçaları, həm fiziki, həm də psixoloji təhlükəsizlik baxımından daim nəzarət tələb edir. Bu baxımdan dövlət bağçalarında müşahidə kameralarının quraşdırılması məsələsi gündəmdə olan və mübahisələr doğuran mövzulardan biridir.

Kamera nəzarəti həm valideynlərin, həm də müəllim heyətinin məsuliyyət hissini artırır. Bir tərəfdən valideynlər gün ərzində övladlarının vəziyyətindən xəbərdar olmaq imkanı əldə edir, digər tərəfdən isə tərbiyəçi və texniki personal daha məsuliyyətli davranmağa təşviq olunur. Dövlət bağçalarının əksəriyyətində müşahidə kameraları yoxdu. Bu hal valideynlərdə narahatlıq yaradır.

Kamera nəzarət sistemləri şəffaflığı artırırsa, onların bütün dövlət bağçalarında tətbiqi niyə gecikir?

Mövzu ilə bağlı Bizim.Media-ya açqlama verən Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyi bildirdi ki, bu mövzu diqqətdə saxlanılan mühüm məsələlərdəndir:

“Məktəbəqədər təhsil müəssisələrində uşaqların təlim-tərbiyə prosesi və qidalanması ilə yanaşı, onların təhlükəsizliyi də vacib şərtlərdəndir. Bu məsələ müəssisə rəhbərliyi və tərbiyəçi-müəllimlər tərəfindən daim nəzarətdə saxlanılır”.

Qurumdan bildirilib ki, bu mövzu ilə bağlı müzakirələr davam etdirilməkdədir:
 

“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, eyni zamanda Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” haqqında qərarına əsasən dövlət məktəbəqədər təhsil müəssisələrində kameraların quraşdırılması nəzərdə tutulmayıb.


Müasir dövrün tələbləri, eləcə də təlim-tərbiyə prosesinə nəzarətin daha da artırılması məqsədilə hazırda məktəbəqədər təhsil müəssisələrinin kameralarla təchiz edilməsi imkanları araşdırılır. Bununla bağlı Elm və Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla müzakirələr aparılır”.

Gülər Həsənli, Bizim.Media 

Seçilən
4
bizim.media

1Mənbələr