AZ

İranın nüvə obyektləri məhv edildi, ancaq bomba istehsalı yarışı sürətlənir-TƏHLİL

ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana endirdiyi zərbələri “möhtəşəm hərbi uğur” kimi qiymətləndirib və İran İslam Respublikasının nüvə obyektlərinin tamamilə məhv edildiyini deyib.

Qərb hərbi mənbələri CNN-ə bildiriblər ki, İranın əsas nüvə obyektlərini vuran ABŞ-ın ondan çox bunker bombası və bir sıra Tomahawk qanadlı raketlərinin vurduğu ziyanı tam qiymətləndirmək hələ tezdir.

Lakin Trampın səciyyələndirməsi doğru olsa belə, İranın nüvə obyektlərinin məhv edilməsi İrandan gələn “nüvə təhlükəsi”nin sonu demək olmaya bilər.

İllərdir ki, İran İslam Respublikası daxilindəki sərt səslər məhz belə böyük hücumlara qarşı çəkindirici vasitə kimi nüvə silahına çağırır.

İran nüvə proqramının sırf dinc məqsədlər üçün olduğunu iddia etməyə davam etsə belə, bu çağırışlar istər-istəməz güclənəcək və nüvə sərt xətt tərəfdarları nəhayət öz yolunu tapa bilər.

Qəribədir ki, İran rəsmiləri nüvə silahının qlobal yayılmasının monitorinqi və qarşısının alınması üçün nəzərdə tutulmuş əsas razılaşma olan Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxacaqlarına artıq açıq şəkildə eyham vururlar.

Digər iranlı qanunvericilər İran İslam Respublikasını rəsmi olaraq sazişdən çıxmağa çağırıblar ki, bu da İranın nüvə silahı yaratmaq niyyətinin faktiki təsdiqi kimi şərh edilə bilər.

Təbii ki, niyyət başqa, tutum başqa şeydir.

Və çox güman ki, nüvə potensialı ABŞ-ın zərbələrindən dərhal sonra əsas problem olacaq. Son peyk görüntülərinin təsdiq etdiyi kimi, ondan çox bunker partladan bomba ilə vurulmaq İranın nüvə proqramını ciddi şəkildə əngəlləyə və ya hətta məhv edə bilərdi. Lakin siyasi iradə olarsa, nüvə zənginləşdirmə obyektləri sonda təmir edilə və ya yenidən tikilə bilər və İsrailin çoxlu sayda iranlı nüvə alimlərini hədəf almasına baxmayaraq, İranın nou-hausu qorunub saxlanıla bilər.

Bu arada, Birləşmiş Millətlər Təşkilatının nüvə tənzimləyicisi olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəsmiləri deyirlər ki, onlar İranın artıq istehsal etdiyi nüvə materialının, o cümlədən 60%-ə qədər zənginləşdirilmiş uran-235-in silah səviyyəsinə çox yaxın olan nüvə materialının harada olduğundan əmin deyillər.

İran dövlət mediası bildirir ki, ABŞ-ın vurduğu üç nüvə obyekti – Fordov, Natanz və İsfahan əvvəllər “boşaldılıb” və bu, materialın bir hissəsinin və ya hamısının nüvə müfəttişlərinin xəbəri olmadan başqa yerdə, ola bilsin ki, gizli bir obyektdə saxlanılması ehtimalını artırır.

Bu təhlükəli nüvə qeyri-müəyyənliyi Trampın bazarlıq etdiyi şey deyil.

Lakin bütün region indi İranın İsrailə, ABŞ hərbi bazalarına və ya Hörmüz boğazı kimi mühüm gəmi yollarına qarşı daha çox cavab hücumlarına hazırlaşırsa, sülhə nail olmaq perspektivi getdikcə uzaq görünür.

Qeyd edek ki, avropalı diplomatlardan biri CNN-ə cümə günü Cenevrədə Avropa və İran rəsmiləri arasında keçirilən qısa görüşə istinad edərək deyib ki, İranla danışıqlar əsl fürsət pəncərəsi idi.

“Lakin amerikalılar indi o pəncərəni bağlayıblar”, – diplomat əlavə edib.

//Gülnarə Abasova, Editor.az

 

 

 

Seçilən
5
editor.az

1Mənbələr