AZ

Təhsildə sərt addımlar atılmalıdır ki, nailiyyətlər olsun

“Sertifikasiyadan kəsilən müəllimlərə bir il möhlət belə verilməməlidir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev qeyd edib.

 

Ekspertin sözlərinə görə, təhsildə humanist olmaq lazım deyil:

 

“Daha sonra bir ilin yekun nəticəsində təkrar sertifikasiya imtahanında iştirak edirlər. Əgər uğursuz olarlarsa, bu zaman əmək müqaviləsinə xitam verilir. Yəni hazırda Nazirliyin humanist yanaşması bu istiqamətdədir. Düşünürəm, təhsildə çox humanist olmamaq lazımdır. Niyə? Çünki biz övladlarımızı müəllimlərə təhvil verməklə onların bilik və bacarıqlarının, dərslərinin, elminin, gələcək karyerasının təməlini məhz müəllimlərə həvalə edirik. Əgər o müəllim öz ixtisası üzrə müvəffəq olmazsa, o müəllim öz ixtisası üzrə lazımi tələbi yerinə yetirə bilməyibsə, ixtisası üzrə sertifikasiya imtahanından kəsilirsə, mən düşünürəm ki, heç birimiz - yəni cəmiyyətdə olan heç birimiz belə bir müəllimə öz övladımızı təslim etmərik. Ona görə də mən qəti, konkret olaraq təhsildə müəyyən sərt addımların atılmasının tərəfdarıyam. Sərt addımlar atılmalıdır ki, təhsildə müəyyən nailiyyətlər, irəliləyişlər əldə olunsun.

 

Bəzi müəllimləri, həqiqətən də, anlamaq olmur. Mən bunu ağlıma, həqiqətən də, sığışdıra bilmirəm. Yəni bu səviyyədə müəllim hələ də şikayət edir, suallardan da narazılıq edir, Nazirliyi tənqid edir ki, guya sertifikasiya nədir, guya hər hansı bir qeyri-qanuni hadisələr baş verib, guya sualların tərtibatında problemlər var və s. və ilaxır. İnanın, əgər elə bir problem var idisə, bütün müəllimlər kəsilərdi, bütün müəllimlərə ciddi təsir göstərərdi. Əgər digər müəllimlər verilən fənnin 50%-ni keçibsə, demək ki, kəsilənlər də keçə bilərdilər”.

 

Ekspert qeyd edib ki, sertifikasiyada kəsilən müəllimlər günahı özlərində axtarmalıdır:

 

"Məsələn, bir müəllim birinci sertifikasiya imtahanından kəsildi, ona bir il möhlət verildi. O, bu müddət ərzində ciddi hazırlaşdı və gözlənilməz şəkildə yüksək nəticə göstərdi - 59 bal topladı. Bu göstərir ki, müəllim istəyərsə, bunun öhdəsindən gələ bilər. O, sübut etdi ki, mən müəlliməmsə, gecə-gündüz çalışıb buna nail ola bilərəm.

 

Bu səbəbdən düşünürəm ki, sertifikasiya imtahanından kəsilən hər bir müəllim növbəti bir il ərzində ixtisası üzrə ciddi hazırlaşmalı və növbəti imtahanda özünü sübut etməlidir. Əgər yenə də özünü göstərə bilməzsə, belə müəllim uşaqlarımıza dərs demək üçün uyğun deyil. Heç kim öz övladını zəif müəllimə etibar etməz. Hər kəs güclü, işinin öhdəsindən gələn müəllim istəyər.

 

Məhz buna görə də bu sertifikasiya imtahanı, inanıram ki, 5-6 ildən sonra təhsil sistemimizdə ciddi irəliləyişə səbəb olacaq. Onun müsbət təsirini o zaman rahatlıqla görəcəyik. Mən bunu səmimiyyətlə deyirəm".

 

“Bir il möhlətin verilməsinə belə razı deyiləm”, - deyə R. Nurəliyev fikrinə əlavə edib:
 

“Təbii ki, bu, mənim şəxsi fikrimdir. Nazirlik humanistlik göstərir, humanistcəsinə yanaşır, bir il möhlət verir. Ancaq o bir il möhlətdən sonra müəllim yenə də imtahanda uğursuz olur, sosial platformalarda haqsızlığa məruz qaldığını iddia edir. Məncə, bu halda həmin müəllim ərizəsini yazmalı və ümumtəhsil məktəblərindən kənarlaşmalıdır. Həmin şəxs başqa sahələrdə fəaliyyət göstərə bilər, məsələn, kitabxanaçı kimi.

 

Sertifikasiya imtahanından kəsilən və əmək müqaviləsinə xitam verilən müəllim məktəblərə yenidən qayıda bilməyəcək demək deyil. Həmin şəxs imtahanlara ciddi şəkildə hazırlaşa, daha yaxşı nəticə əldə edə, MİQ-də  iştirak edə və uğur qazandıqdan sonra yenidən ümumtəhsil məktəblərində işləmək hüququ əldə edə bilər.

 

Konkret olaraq, mənim fikrimcə, sertifikasiyadan kəsilən müəllimə bir il möhlət belə verilməməlidir. Bu bir il möhlət nə üçün lazımdır? Bizim ali təhsil müəssisələrini müəllimlik ixtisasları üzrə bitirən dinamik gənc nəslimiz var. Onlara üstünlük verilməlidir, onların yolunu açmaq lazımdır. Baxın, bu gün ümumtəhsil məktəblərində, xüsusilə Bakı şəhəri üzrə vakansiyalar demək olar ki, yox səviyyəsindədir. Niyə? Çünki biz bacarıqsız, savadsız müəllimləri, ixtisası üzrə işləməyənləri məktəblərdən yığışdırırıq, sertifikasiya imtahanının nəticələrinə əsasən əmək müqavilələrinə xitam veririk. Beləliklə, Bakı məktəblərində müəllimlik ixtisasları üzrə kifayət qədər vakansiyalar yaranacaq, boş yerlər olacaq.

 

Ali təhsil müəssisələrini bitirən enerjili və həvəsli gənclərimiz üçün iş imkanları genişlənəcək. Bəlkə də həqiqətən də gənc müəllimlər işi daha yaxşı görəcək, öhdəsindən daha rahat gələcəklər. Mən inanıram ki, yeni bitmiş və yaxud da bitirəcək olan gənclər içərisində işinə həvəsli, məsuliyyətli kadrlarımız var. Onların önü açılacaq, iş imkanları genişlənəcək və bu istiqamətdə mütləq qəti addımlar atılmalıdır".

Seçilən
4
azedu.az

1Mənbələr