ABŞ-nin İranın Fordo nüvə zavodunu vurduqdan sonra diqqətçəkən görüntülər yayılıb.
Azreform.info xəbər verir ki, bir çoxları sözügedən mənzərənin zərbənin nəticəsi kimi qiymətləndirsə də, buna inanmayanların sayı da az deyil. Belə ki, rəsmi tərəflər məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Digər məqam isə görüntüləri qeydə alan şəxslərin ərəbcə danışmasıdır ki, bu da kadrların İrandan çəkildiyini şübhə altına salır.
Dünən CNN telekanalı Maxar texnologiya şirkətinin peyk görüntülərinin təhlilinə istinadən məlumat yayıb ki, ABŞ-nin İranın Fordo nüvə obyektinə endirdiyi hava zərbələri nəticəsində ərazidə ən azı altı böyük krater (partlayış çökəyi) əmələ gəlib.
Yayımlanan görüntülərdə bir-birinə yaxın yerləşən iki sahədə altı ayrıca zərbə nöqtəsi müşahidə olunub. Həmin kraterlər yeraltı kompleksin yerləşdiyi dağ silsiləsinin üzərində, Fordo obyektinin yuxarı hissəsindəki relyef boyunca qeydə alınıb.
Ekspertlər bu izlərin superpenetrasiyalı (çox dərinliyə nüfuz edən) bombaların istifadəsinə işarə etdiyini bildirirlər. Bu tip bombalar yeraltı obyektləri dağıtmaq üçün xüsusi olaraq hazırlanır.
Bundan əlavə, peyk fotolarında dağ yamacının rəngində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunub – bu da zərbələrin nəticəsində geniş bir ərazinin kül və toz təbəqəsi ilə örtüldüyünü göstərir.