AZ

Milli ideologiya, informasiya təhlükəsizliyi və süni intellekt dövründə vətəndaş modeli: Millət vəkili Hikmət Babaoğlu ilə MÜSAHİBƏ

Müasir dövr həm milli, həm də qlobal səviyyədə ideoloji və texnoloji transformasiyaların kəsişməsində formalaşır. Keçmişə bağlılıqla gələcəyə baxış arasında tarazlıq axtarışında olan cəmiyyətlər, xüsusilə müharibə sonrası mərhələdə olan dövlətlər üçün milli ideologiyanın doğru qurulması təkcə kimlik məsələsi deyil, həm də strateji məsələdir. Azərbaycan da bu tarixi mərhələdə öz ideoloji, təhlükəsizlik və təhsil platformasını yenidən dizayn etməkdədir.
 
Məhz bu məqamda informasiya müharibələrinin artması, süni intellektin həyatımıza inteqrasiyası, təhsil mühitinin yenilənməsi və medianın funksional rolu kimi mövzular önə çıxır.
 
Məsələyə daha dərindən yanaşmaq üçün Millət vəkili, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu ilə geniş söhbət etdik.
Moderator.az həmin müsahibəni təqdim edir:
 
– Hikmət müəllim, milli ideologiya çox zaman “keçmişə bağlılıq” kimi təqdim olunur. Halbuki ideologiya gələcəyə yönəlməli deyilmi? Sizin fikrinizcə, Azərbaycan üçün gələcəyə baxan ideologiyanın əsas sütunları nə olmalıdır?
 
– Milli ideologiya milli məqsədlər uğrunda milli enerjini səfərbər edən, dərin düşünülmüş və sistemli bir konsepsiyadır. O, təsadüfi fikirlər toplusu deyil, əksinə, gələcək yönlü məqsədlərin vahid platformada birləşdirilməsini təmin edən strateji baxış sistemidir. Bu səbəbdən ideologiyanı yalnız keçmişdə axtarmaq doğru yanaşma deyil. Keçmiş milli ideologiyanın doğurduğu gerçəkliklərin nəticəsi kimi tarixə çevrilir. Biz bu reallıqlara “tarix” deyirik. Lakin milli ideologiyanın özü tarix deyil, gələcək tarixi yazacaq siyasi və ideoloji əsasların məcmusudur.
 
Müasir ideologiya çevik, zamana uyğunlaşan, amma eyni zamanda sabit milli dəyərlərə əsaslanan bir sistem kimi fəaliyyət göstərməlidir. Onun mərkəzində birləşdirici milli məqsədlər dayanmalı, bu məqsədlər isə millətin inkişafına xidmət etməlidir. Azərbaycanın da bu baxımdan formalaşmış və cəmiyyət tərəfindən qəbul olunmuş milli ideologiyası mövcuddur. Bu ideologiyanın əsas sütunu Azərbaycançılıqdır.
 
Azərbaycanın ümumi siyasi davranışlarını bir cümlə ilə xarakterizə etmək gərəkdirsə, bunu belə ifadə etmək olar: Azərbaycançılıq – milli neokonservatizm nümunəsidir. Neokonservatizm bu gün Qərbdə də bir çox dövlətlərin ideoloji dayağı kimi çıxış edir və Azərbaycanda da bu tendensiya müşahidə olunur. Onun sosial-siyasi düsturu belədir: mühafizəkarlıq + liberallıq = neokonservatizm. Bu düstur həm sabitliyi, həm də çevikliyi özündə birləşdirir və milli ideologiyamızın əsas komponentlərindən biri kimi çıxış edə bilər.
 
– Müasir informasiya müharibələrinin milli təhlükəsizliyə təsiri günbəgün artır. Sizcə, Azərbaycanın informasiya təhlükəsizliyi strategiyası hansı ideoloji əsaslara söykənməlidir və bu sahədə sistemli müdafiə necə qurulmalıdır?
 
– Müasir mərhələdə informasiya yeni gücə çevrilib. Bu, sadəcə vasitə deyil, cəmiyyətləri və insan şüurunu dəyişən, hətta yeni insan tipini formalaşdıran strateji bir alətdir.
 
2014-cü ildə qələmə aldığım monoqrafiyada mən informasiya əsasında formalaşan yeni insan modeli – Homo Informatikus anlayışını irəli sürmüşdüm. Keçən illər göstərdi ki, bu yanaşma öz təsdiqini tapır. Artıq Homo Sapiens informasiyanın təsiri altında Homo Informatikus formasına keçid edir.
 
Əgər Homo Sapiens dünyanı idraki imkanları ilə anlayır və reaksiyasını buna uyğun qururdusa, Homo Informatikus isə yalnız aldığı informasiya əsasında dünyanı dərk edir və davranışlarını da bu informasiyanın diktəsi ilə formalaşdırır. Bu, fərdin və ümumilikdə cəmiyyətin informasiya vasitəsilə yönləndirilməsi deməkdir.
 
Reallıq budur ki, hazırda milli ideologiyanın sistemli şəkildə xaotikləşdirilməsi baş verir. Burada xaos təsadüfi deyil. Bu, idarə olunan bir xaosdur. Xarici təsirlər və ideoloji təzyiqlər milli şüurda təhriflər yaradır, milli qürur hissi ilə qəbul ediləcək hadisələri belə manipulyasiya edərək onları yanlış istiqamətlərə yönəldirlər. Biz artıq “milli ideologiyanın xaotizasiyası” deyilən bir reallıqla üz-üzəyik və bu prosesi anlamadan ona qarşı mübarizə aparmaq mümkün deyil.
 
Yeni bir termin kimi səslənsə də, “milli ideologiyanın xaotikləşdirilməsi” anlayışı bu günkü reallığı dəqiq ifadə edir. Bu, bizim iradəmizdən asılı olmadan baş verir və nəticədə millətin ortaq düşüncə sistemi deqradasiyaya uğrayır.
 
Odur ki, informasiya təhlükəsizliyi yalnız texnoloji məsələ deyil. Bu, eyni zamanda milli şüurun, ideologiyanın və cəmiyyətin gələcəyinin qorunması məsələsidir. Hazırlanacaq milli strategiyalar da bu reallıqları nəzərə almalı, informasiyanın təsiri ilə formalaşan yeni insan və yeni cəmiyyət modelini dərk edərək formalaşdırılmalıdır.
 
– Təhsil yalnız bilik yox, həm də vətəndaş tərbiyəsidir. Yeni dövrün vətəndaş modelini formalaşdırmaq üçün məktəb və ali təhsil müəssisələri hansı ideoloji və praktiki dəyişikliklərə hazır olmalıdır?
 
– Əlbəttə, təhsil və maarifləndirmə hər ikisi cəmiyyətin inkişafında mühüm rol oynayır. Təhsil daha konkret və ölçülə bilən prosesdir – müəyyən proqramların mənimsənilməsi və bu prosesin nəticələrinin qiymətləndirilməsi ilə bağlıdır. Amma maarifləndirmə daha geniş və dərin bir anlayışdır. Gecə-gündüz bütün mümkün vasitələrlə həyata keçirilə bilən maarifləndirmə insanın sosial varlıq kimi formalaşmasına təsir göstərir və nəticədə bu, onun gündəlik davranışlarında öz əksini tapır. Bu davranışlar isə bütövlükdə cəmiyyətin keyfiyyətini müəyyənləşdirir.
 
Bu baxımdan, təhsil və maarifləndirmə institutlarının birgə fəaliyyəti son dərəcə əhəmiyyətlidir. Sovet dövründə Maarif və Təhsil Nazirliklərinin ayrılığı da bu yanaşmadan qaynaqlanırdı. Bugünkü reallıqda informasiya təhlükəsizliyi məsələləri önə çıxırsa, maarifləndirmə də strateji əhəmiyyət daşıyan sahəyə çevrilir.
 
Prezident İlham Əliyevin çıxışlarının birində də bu məsələ xüsusi vurğulanıb. O, fərdin şəxsiyyət kimi formalaşmasında ardıcıllığı dəqiq təsvir edib: birinci mərhələ – ailə, ikinci – məktəb, üçüncü isə cəmiyyətdir.
 
Bu məqsədlə maarifləndirmənin dərinliyi, əhatə dairəsi və təsir gücü ilə bağlı xüsusi konsepsiyaların hazırlanması zəruridir. Belə yanaşma həm idrak baxımından dərk edilən, həm də ictimai yaddaşda uzunmüddətli iz buraxa biləcək maarifçilik mühitinin formalaşmasına xidmət edər. Amma bu sahədə hər şeyin qaydasında olduğunu düşünmək də düzgün olmaz. İrəliləyiş var, lakin görüləcək işlər də çoxdur.
 
– Elm və təhsil sahəsində süni intellektin rolu genişlənir. Sizcə, texnologiya ilə ideologiya arasında balans necə qurulmalıdır ki, gələcək nəsil həm müasir, həm də milli düşüncəli böyüsün?
 
– Artıq məlumdur ki, insan inkişafının müxtəlif mərhələlərində fərqli tiplər formalaşıb. Əgər bir dövrə qədər insan homo sapiens kimi tanınıbsa, informasiya əsrində bu tərif homo informatikus anlayışı ilə əvəzlənir. Öz monoqrafiyamda isə bu zəncirin növbəti halqası olan homo hibritikus, yəni hibrid insan anlayışını irəli sürmüşəm. Bu mərhələdə artıq süni intellektin rolu həlledici xarakter daşıyır. O, yalnız informasiya texnologiyalarından istifadə edən deyil, həm də texnologiya ilə inteqrasiya edən insan tipini formalaşdırır.
 
Əgər süni intellektdən cəmiyyətin və fərdin inkişafı, sənaye və innovasiyalar naminə faydalanmağı bacarsaq, bu güc ölkələrin rifahına xidmət edə bilər. Əks halda bu texnologiyanın zərərli istiqamətdə yönləndirilməsi cəmiyyət və dövlət üçün ciddi təhdidə çevrilə bilər. Çünki süni intellekt böyük gücdür – kinetik intellektual enerjidir. Hərəkət etdikcə güclənir.
 
Bu prosesin içində sinergetika baş verir, süni intellektin müxtəlif sahələrdə yaratdığı təsirlərin kəsişməsi yeni və gözlənilməz imkanlar doğurur. Vacib olan odur ki, bu gücdən milli və dövlətçilik mənafelərimiz baxımından düzgün şəkildə istifadə edək.
 
– Siz bir neçə çıxışınızda milli ideologiyanın media vasitəsilə gücləndirilməsinin vacibliyini vurğulamısınız. Bəs hazırda Azərbaycanda media bu missiyanı yerinə yetirmək gücündədirmi, yoxsa daha çox kommersiya və populizmə məğlub olub?
 
– Əlbəttə, milli ideologiyanın təbliği və mənimsənilməsi prosesində bütün intellektual və funksional institutların rolu böyükdür. Lakin medianın bu prosesdəki rolu xüsusi əhəmiyyət daşıyır.
 
Media insan şüuruna təsir edən ən kütləvi alətlərdən biridir. Müasir dövrdə onun internet və sosial şəbəkələr üzərindən fəaliyyət göstərməsi təsir gücünü daha da artırıb. Bu baxımdan, medianı yalnız elektron və ya çap formatı ilə məhdudlaşdırmaq doğru deyil. O, artıq universal bir platformaya çevrilib.
 
Azərbaycan mediasının bu missiyanı necə yerinə yetirdiyinə gəlincə, mən optimistəm. Görülən işlər var, amma mövcud potensialla əldə edilən nəticələr arasında fərq hiss olunur. Bu səbəbdən cəmiyyətin intellektual mərkəzləri bu məsələyə ciddi yanaşmalı və medianın real təsir gücünü daha düzgün yönləndirməlidirlər.
 
– Beynəlxalq təzyiqlər və postmünaqişə dövrünün çağırışları fonunda milli maraqların müdafiəsində parlamentin və xüsusən Elm və Təhsil Komitəsinin hansı yeni funksiyaları önə çıxmalıdır?
 
– Heç şübhəsiz ki, postmüharibə dövründə Azərbaycanın yaratdığı yeni reallıqların dünyaya tanıdılması və qəbul etdirilməsi yeni diplomatik yanaşmalar tələb edir. Sevindirici haldır ki, yeddinci çağırış Azərbaycan Milli Məclisi bu istiqamətdə ciddi və məqsədyönlü fəaliyyət göstərir. İnstitusional baxımdan müxtəlif ölkələrlə işçi qruplar yaradılır, parlament diplomatiyasına isə yeni ənənələr gətirilir.
 
Məsələn, Azərbaycanın mövqeyi dost ölkələrin parlamentlərinə bu qrupların üzvləri vasitəsilə rəsmi məktublar şəklində çatdırılır. Bu, həm maarifləndirmə, həm də effektiv məlumatlandırma üsuludur. Parlament rəhbərliyinin və deputatların mütəmadi səfərləri, xarici həmkarlarla keçirilən görüşlər və qurulan dostluq əlaqələri də bu diplomatik prosesin mühüm tərkib hissəsidir.
 
Elm və təhsil məsələlərinə gəldikdə isə, Milli Məclisin Elm və Təhsil Komitəsinin əsas vəzifəsi qanunvericilik təşəbbüsləri və mövcud qanunların təkmilləşdirilməsidir. Bununla belə, komitənin elm və təhsil sahəsində fəaliyyət göstərən ictimai institutlar və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı daha geniş perspektivlər aça bilər. Düşünürəm ki, bu istiqamətdə müəyyən addımlar atılır və bu proses dərinləşdirilməlidir.
 
Beynəlxalq təzyiqlərə qarşı milli müqavimət mexanizmləri formalaşdırmaq günümüzün zərurətidir. Bu müqavimət intellektual və idraki əsaslara söykənməlidir. Əgər buna bir ad verməli olsaq, bu, “milli müqavimət cəbhəsi” ola bilər. Çünki elm və mədəniyyət hər zaman qibtə doğuran sahələrdir.
 
Biz elmi və texnoloji tərəqqimizi elə bir səviyyəyə çatdırmalıyıq ki, Azərbaycan yalnız hərbi sahədə deyil, intellektual sahədə də nümunə göstərilsin. Necə ki, Vətən müharibəsində əldə olunan qələbədən sonra xalqımıza və ordumuza qibtə edildi, eləcə də elm və texnologiyada qazandığımız nailiyyətlər hörmət və rəğbət doğurmalıdır.
 
– Hikmət müəllim, əhatəli cavablarınız üçün təşəkkür edirəm.
 
– Buyurun, xoşdur, mən təşəkkür edirəm.
 
PƏRVİN ŞAKİRQIZI
Seçilən
5
moderator.az

1Mənbələr