AZ

Peskov Rusiyanın İrana hərbi dəstək verəcəyini istisna etməyib

Rusiyanın İran-İsrail münaqişəsində İrana hərbi və digər yardımlar göstərməyə hazır olması İran tərəfinin Moskvadan hansı xahişlə çıxış etməsindən asılı olacaq. Oxuməni.az xəbər verir ki, bunu “Kommersant”ın sualını cavablandıran Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml nümayəndəsi Rusiyanın İrana hava hücumundan müdafiə sistemləri, məsələn, S-300 və ya S-400 sistemləri verməyə hazır olub-olmadığı sualına cavab verməyib.

"Hər şey İran tərəfinin və iranlı dostlarımızın nəyi müzakirə edəcəyindən asılıdır. Bu gün İran Xarici İşlər Nazirliyi təmaslar keçirəcək, burada dramatik gərginlikdən sonra fikir mübadiləsi aparılacaq və İran tərəfi bu vəziyyətlə bağlı öz mövqeyini bizə çatdıra biləcək", - Peskov Rusiyanın İsraillə münaqişədə hərbi dəstək də daxil olmaqla İrana dəstək vermək niyyətində olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

İyunun 23-də səhər saatlarında “Reuters” agentliyi yüksək rütbəli mənbəyə istinadən xəbər verib ki, İranın xarici işlər naziri Abbas Əraqçi ali lider Əli Xamneyinin ölkəyə dəstək verilməsini xahiş edən məktubunu Rusiya prezidenti Vladimir Putinə təqdim etməli idi. Agentlik hansı dəstəyin müzakirə olunduğunu və Tehranın hərbi yardım tələb edib-etməyəcəyini dəqiqləşdirməyib.

İyunun 13-də İsrail “Yüksələn Aslan” əməliyyatına başlayıb və İrandakı nüvə və hərbi obyektlərə hücum edib. İyunun 22-də ABŞ hərbi əməliyyatlara qoşuldu. Ölkənin Hərbi Hava Qüvvələri Natanz, Fordo və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib.

Almaz Həsənli

Seçilən
1
1
oxumeni.az

2Mənbələr