Azad Mirzəcanzadə İnkişaf Proqramı istedadlı gənclərin elmi, sosial və texnoloji layihələrini dəstəkləyən mühüm bir təşəbbüsdür. Proqramın əsas məqsədi insan kapitalının inkişafına töhfə vermək və gənclərə öz potensiallarını reallaşdırmaq üçün geniş imkanlar yaratmaqdır. Bu təşəbbüs gənclərin karyera inkişafını dəstəkləməklə yanaşı, ölkədə innovasiya mühitinin formalaşmasına da xidmət edir.
Proqramın ikinci dalğasının davam elədiyi vaxtda 2024-cü ildə reallaşan birinci dalğanın qaliblərindən – “Sərhədisz gənc” layihəsinin müəllifi Gülşən Səfərova “Report”un suallarını cavablandırıb. Gülşən Səfərova həm də Ağdaş rayon Yenicə kənd Rüstəm Allahyarov adına tam orta məktəbin biologiya müəllimidir.
Müsahibədə layihənin ideyası, məqsədləri, nail olunan hədəflər, həmçinin gələcəkdə reallaşdırılması planlaşdırılan bu tipli digər layihələrlə bağlı məsələlərə toxunulub.
– Gülşən xanım, əvvəlcə layihənin yaranma ideyasından danışaq. Necə oldu ki, Azad Mirzəcanzadə İnkişaf Proqramına belə bir layihə ilə müraciət etdiniz?
– Mən həmin vaxt Regional İnkişaf İctimai Birliyində (RİİB) könüllü kimi fəaliyyət göstərmək üçün müraciət etmişdim. RİİB-in Mərkəzi Aran zonası üzrə səlahiyyətli şəxsi ilə müsahibəmizdə bir sıra məsələlər barədə müzakirə apardıq. Müsahibə əsnasında o, fikirlərimi konkretləşdirib layihə formasına salmağı və Azad Mirzəcanzadə İnkişaf Proqramına müraciət etməyi təklif etdi. Mən də bu təklifi dəyərləndirdim, müraciət elədim, nəticədə, qaliblərdən biri oldum.
Konkret niyə bu cür təşəbbüsü layihələşdirməyimə gəldikdə isə beynimdəki fikirləri bir xeyli götür-qoy edərək düşündüm ki, bütün bunları məhsul kimi ortaya çıxarmalıyam. Həmin vaxta qədər gender bərabərliyi, erkən nikah tipli mövzularla əlaqədar bir xeyli təlimdə iştirak etmişdim. Düşündüm ki, mən bu mövzunu bilirəm, bu mənada məhz bu mövzu ətrafında layihə hazırlasam, daha effektiv olar. Yəni mən özümün inanmadığım bir şeyə başqasını inandıra bilməzdim. Bundan əlavə, layihəmizdə xarici mübadilə proqramı ilə bağlı da istiqamət mövcuddur. Bu istiqamətin də layihədə yer almasına səbəb şagirdlərimdir. Çünki mən dərs dediyim şagirdlərin potensiallarını görə bilirdim, onlar özləri yox. Üstəlik, əksəriyyətinin maddi imkanları da zəif idi.
– Bəs layihə rəhbəri kimi nələri hədəfləmişdiniz?
– “Sərhədsiz gənc” layihəsinin hədəfi gender bərabərliyi mövzusunda gənclərin beynindəki stereotipləri qırmaq, onları bu mövzuda maarifləndirməkdir. Eləcə də layihə çərçivəsində xarici mübadilə proqramları mövzusunda onlar üçün yol xəritəsinə müəyyən köməklik etmək də bura daxildir. Onu da deyim ki, biz layihəyə müraciət üçün yaş həddini də sadaladığım hədəflərdən yola çıxaraq 15-29 yaş arası təyin etmişdik.
– Aşağı yaş həddinin 15 kimi təyin olunmasının səbəbi nə idi?
– Çünki 9-cü sinfi bitirən şagirdlər həmin vaxt kolleclərə sənəd verə bilirlər. Düşündüm ki, bu yaş üçün də xarici mübadilə proqramları mövcuddur və onlar da bu proqramlara qoşula bilərlər. Bu mənada, həmin istiqamətdə maarifləndirmə işi aparmağımız faydalı olar. Ümumilikdə layihəmizdə 200-dən çox qeydiyyatdan keçən oldu ki, onlardan 81 nəfərini qəbul etmişdik.
– Layihə üçün seçimlərdə əsasən, hansı meyarlar vaciblik təşkil edirdi?
– Seçim prosesi üçün əvvəlcədən forum hazırlamışdıq. Bu forumda müxtəlif suallar var idi ki, namizədlərin o suallara verdiyi cavabı əsasında seçim prosesini reallaşdırdıq. Yəni orada qeyd olunan suallar və onlara verilən cavablar əsas idi.
Əlavə olaraq, xüsusilə qeyd edim ki, layihəyə iştirakçı seçimi zamanı cins kateqoriyasında bərabərliyin qorunmasına xüsusi diqqət yetirirdik. Çünki bu həm də ümumi atmosferə təsir edən məsələdir.
– Bəs “Sərhədsiz gənc” layihəsi hansı regionda icra etmisiniz?
– Layihə Mərkəzi Aran regionunu əhatə edirdi, konkret olaraq, Mingəçevir, Ağdaş, Sabirabad və Göyçay rayonlarını. Bu regionu seçməkdə əsas səbəb o idi ki, özüm Ağdaşda orta məktəbdə müəllim kimi çalışırdım və o regionu daha yaxşı tanıyırdım. İkinci səbəb isə aran zonası erkən nikahın tez-tez rast gəlindiyi əsas regionlardandır. Bu mənada, gender mövzusunu orada təbliğ etməyin faydalı olacağı qənaətinə gəldim.
- Azad Mirzəcanzadə İnkişaf Proqramı müraciət edən iştirakçılara hansı dəstəyi həyata keçirir?
– Əslində, proqram daxilində layihənin inkişafı üçün bir çox dəstək həyata keçirilir. Burada əsas onu qeyd edim ki, iştirakçı kimi üç müxtəlif təlim keçdik. Məhz bu təlimlərdən sonra hər birimiz öz layihəmizi hazırlayıb təqdim etdik. Bundan əlavə, sadəcə, qaliblər üçün deyil, bütün iştirakçılar üçün davamlı mentor dəstəyi təşkil edilmişdi. Mentorlar öz sahələri üzrə yüksək peşəkarlığa malik şəxslər idi və içərilərində Azad Mirzəcanzadənin tələbələri də var idi. Mən öz layihəmə dəstək məqsədli altı mentor seçmişdim və bizim onlarla davamlı onlayn görüşlərimiz olurdu. Bu görüşlərdə karyera və layihəyönümlü bütün suallarımıza cavab tapır, təcrübə toplayırdıq. Onlardan bəziləri ilə indi də əlaqəmiz var.
- Necə düşünürsünüz, layihə gəncləri nəzərdə tutduğunuz istiqamətdə gözlədiyiniz kimi maarifləndirə bildimi?
– Mən hesab edirəm ki, bəli. Məsələn, bir nümunə çəkim, Mingəçevirdə olarkən kişi iştirakçılardan biri mövzuya çox aqressiv yanaşırdı. O davamlı şəkildə mövzunun mənasız olduğunu deyir və gender bərabərliyi məsələsini qadınların önə çəkilməsini, kişilərin arxa plana atılması kimi başa düşürdü. Yaxud elə iştirakçılarımız olurdu ki, onların, ümumiyyətlə, mövzunun məğzindən anlayışları yox idi. Şübhəsiz, bizim layihədən sonra həmin şəxslərdə gender mövzusu barədə ümumi görüş formalaşdı. Bu da böyük uğurdur.
– Aydındır. Hazırda hansı layihə üzərində çalışırsınız?
– Əslində, beynimdə bir çox ideya mövcuddur, lakin onlar hələlik, sadəcə, ideya olaraq qalır, konkret layihə kimi təkmilləşməyib. Buna görə zamanı qabaqlamaq istəmirəm. Amma bu layihənin icrası mənim üçün motivasiya oldu və gələcəkdə yeni layihələrim olacağına şübhəm yoxdur.