AZ

Qırğızıstanda 500-dən çox yeni məktəb tikiləcək

Qırğızıstan hökuməti 2025-ci ildə ölkə üzrə 500-dən çox yeni məktəbin tikintisini planlaşdırır.

AzEdu.az xəbər verir ki, bu barədə Kabar xəbər agentliyi məlumat yayıb.

Layihə dövlətin təhsilə verdiyi önəmin bariz göstəricisi kimi qiymətləndirilir.

Məktəblərin inşası üçün dövlət büdcəsindən 68.8 milyard som (təxminən 4.2% ÜDM) ayrılıb. Qırğızıstanın elm və təhsil naziri Nadirə Cüsübəkova bu təşəbbüsün təhsilin keyfiyyətinin artırılması, regionlar arasında bərabərliyin təmin olunması və gələcək nəsillərin daha yaxşı şəraitdə təhsil alması məqsədi daşıdığını bildirib.

“Bu layihə dövlət siyasətində təhsilin prioritet istiqamət olduğunu təsdiqləyir. Məqsədimiz yalnız məktəb binalarını artırmaq deyil, həm də keyfiyyətli tədris mühitini təmin etməkdir,” – deyə nazir qeyd edib.

Son illərdə ölkədə təhsil infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atılıb. 2023-cü ildə 315 yeni məktəb, 69 uşaq bağçası və 28 səhiyyə obyekti istifadəyə verilib. 2024-cü ilin əvvəlində isə Bişkek və digər bölgələrdə 55 məktəbdə əsaslı təmir işləri həyata keçirilib.

Hazırda yeni tikiləcək məktəblərin bölgələr üzrə necə paylanacağına dair ətraflı məlumat verilməsə də, hökumət layihənin bütün regionları əhatə etməsinə çalışır. Tikintilərin mərhələli şəkildə aparılması və 2025-ci il ərzində tamamlanması nəzərdə tutulur.

Ekspertlər bu təşəbbüsün kənd və ucqar bölgələrdə məktəb çatışmazlığı problemini xeyli dərəcədə aradan qaldıracağına ümid edir.

Seçilən
9
azedu.az

1Mənbələr