AZ

“Euronews Academy” Azərbaycanda fəaliyyətə başladı

BAKI, 23 iyun. TELEQRAF

Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində beynəlxalq tədris platforması olan “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayıb.

Teleqraf xəbər verir ki, bu gün layihə çərçivəsində ilk təlim - "Rəqəmsal Jurnalistika" təlimi keçirilib.

İlk təlim gənc jurnalistlər, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə marağı olan sonuncu kurs bakalavr və magistratura pilləsi tələbələri üçün nəzərdə tutulub.

Təlimin ilk günündə təlimçi Tuba Altunkaya "Rəqəmsal Xəbər Toplama və Məlumatlara Əsaslanan Jurnalistika" mövzusunda danışıb.

Təlimlər daha 4 gün davam edəcək. Rəqəmsal Jurnalistika üzrə təlim kursu 23–27 iyun 2025-ci il tarixlərində Bakı Dövlət Universitetində keçiriləcək.

Qeyd edək ki, media və informasiya sahəsində peşəkar inkişafı dəstəkləmək məqsədilə yaradılmış “Euronews Academy” fərqli hədəf auditoriyaları əhatə edən müxtəlif mövzularda təlim proqramları təqdim edir. Proqramlar hazırda jurnalistika sahəsində fəaliyyət göstərən peşəkarlar, həmçinin bu sahədə ixtisaslaşmaq istəyən gənclər üçün nəzərdə tutulub. Təlimlər yüksək ixtisaslı beynəlxalq təlimçilər və “Euronews” telekanalının peşəkar heyəti tərəfindən keçilir. Təlimin məqsədi media sahəsində çalışan peşəkarların yeni tendensiyalara uyğun bilik və bacarıqlarını təkmilləşdirmək, eləcə də bu sahədə ixtisaslaşmaq istəyən gənclər üçün beynəlxalq ekspertlərdən öyrənmə imkanları yaratmaqdır.

Seçilən
10
teleqraf.com

1Mənbələr