AZ

Uşaqlar nə vaxt məktəbə başlamalıdır? - 6, yoxsa 7 yaş...

Uşağın birinci sinifə başlaması valideynlər, müəllimlər və cəmiyyət üçün əhəmiyyətli mərhələlərdən biridir. Bu mərhələ, uşağın təhsil həyatına atdığı ilk ciddi addım olmaqla yanaşı, onun psixoloji, emosional və fiziki inkişafına da təsir edir. Buna görə də, uşağın məktəbə nə vaxt başlamalı olduğu məsələsi böyük önəm daşıyır.

Azərbaycanın mövcud təhsil qanunvericiliyinə əsasən, uşaqlar 6 yaşı tamam olduqdan sonra birinci sinifə qəbul olunurlar. Konkret olaraq, uşağın sentyabrın 15-dək 6 yaşı tamam olmalıdır ki, həmin ilin tədris ilində məktəbə başlaya bilsin. Bu yaş həddi ölkədəki təhsil sisteminə uyğun olaraq müəyyənləşdirilib və uşaqda məktəb həyatına uyğunlaşma üçün lazım olan ilkin bacarıq və inkişaf səviyyəsinin formalaşdığı hesab olunur.

Baxmayaraq ki, qanunvericilik 6 yaşını əsas götürür, hər bir uşağın fərdi inkişaf tempi nəzərə alınmalıdır. Bəzi uşaqlar 5-6 yaşında artıq məktəbə hazır olur. Ancaq bəzi uşaqlar var ki, onları 7 yaşdan tez məktəbə göndərmək doğru deyil.

6 yaşında məktəbə getmək üçün uşağın kollektivdə davranış qaydalarına riayət etməsi, müəllimlə və digər uşaqlarla ünsiyyət qura bilməsi, evdən ayrılmağa və yeni mühitə uyğunlaşmağa psixoloji olaraq hazır olması, sadə anlayışları qavrama və yadda saxlama və yazı yazmaq, şəkil çəkmək kimi incə motorik hərəkətləri yerinə yetirmə qabiliyyəti tam formalaşmalıdır.

Bəzən uşaqlar 6 yaşı tamamlamış olsa da, məktəbə psixoloji və ya emosional baxımdan tam hazır olmurlar. Lakin qanunvericiliyin müəyyən etdiyi yaş çərçivəsinə uyğun olaraq valideynlər onları məktəbə göndərməyə məcbur qalırlar.  Bu cür hallar, həm uşağın, həm də müəllimin işini çətinləşdirir. Əsas məqsəd, uşağın məktəbə sevə-sevə getməsini və orada özünü təhlükəsiz, rahat hiss etməsini təmin etməkdir. Uşağın sadəcə fiziki yaşı yox, emosional və zehni hazırlıq səviyyəsi də nəzərə alınmalıdır.

Bir çox ölkədə uşaqlar 7 yaşında məktəbə başlayır. Məsələn, Rusiyada uşaqların əksəriyyəti 7 yaşında məktəbə başlayır. Finlandiyada ibtidai təhsil 7 yaşdan başlayır və təhsil sistemi dünyada ən yüksək nəticələrdən birinə sahibdir. Norveçdə də uşaqlar 7 yaşında məktəbə gedirlər. Estoniya və Latviyada da məktəb yaşı 7-dir. Eləcə də Polşada uşaqlar 7 yaşda məktəbə getməyə başlayır.

Bu ölkələrdə məktəbə başlama yaşı bir çox səbəblə 7 olaraq seçilib, çünki uşaqların bu yaşda sosial və əqli inkişafı təhsil üçün daha uyğun hesab edilir.

Azərbaycanda valideynlər uşaqların daha erkən yaşda həyata atılmasına sevinirlər. Hətta 4-5 yaşında nitqi tam formalaşmamış uşağa evdə Azərbaycan dili ilə yanaşı, digər dilləri də öyrətməyə çalışırlar. “Baxın, mənim uşağım rusca saya bilir, ingiliscə danışa bilir” deyib bununla qürur duyurlar. Bunun nəticəsində də sanki tələsirmişik kimi uşaqları həyata erkən atırıq. Bu proses uşağın psixofizioloji yaşına uyğun müəyyən edilməlidir.

Ümumiyyətlə hər bir uşaq fərqlidir. Buna görə də o, məktəbə getməmişdən əvvəl pedaqoqun, psixoloqun və digər mütəxəssislərin müşahidəsindən sonra məktəbə götürülür. Əgər bir uşaqda hər bir inkişaf normal gedibsə, istər zəka inkişafı, istər nitq inkişafı - bu zaman artıq uşaqda beş yaşından sonra məktəbə aid müəyyən təsəvvürlər yaradılmalıdır. Burada uşağın yalnız intellektual bacarıqları deyil, sosiallaşmağı da vacibdir. Bu ona görə vacibdir ki, bəzən uşaqlar 5 yaşında fərdi şəkildə məktəbəhazırlıqdan çox yaxşı keçir, amma uşağın kollektiv içərisində olmaması, anaya, ataya çox bağlı olması məktəbdə qala bilməmə problemləri yaradır ki, bu da uşaqları təhsildən yayındırır. Çünki uşaqların akademik bacarığı məktəbə hazır olsa da, əgər özgüvəni aşağıdırsa, özünü ifadə edə bilmirsə, sosiallaşa bilmirsə, yaşıdları ilə ünsiyyətə girə bilmirsə, bu zaman uşaq dərsini evdə öyrənsə də məktəbdə gəlib danışa bilməyəcək.

Rəsmi olaraq 6 yaş məktəbə başlama yaşı hesab olunsa da, psixoloqlar uşağın yalnız yaşı ilə deyil, onun fərdi psixoloji və inkişaf xüsusiyyətləri ilə yanaşılmasını vacib sayırlar.

Həkim-psixoloq Arifə Məmmədova deyir ki, məktəbə getməyə hazır olmaq yalnız yaşı tamam olmaq deyil. Bəzi sahələrdə müəyyən səviyyədə inkişaf uşağın məktəbə hazırlığını göstərir. Məsələn, emosional hazırlıq. Uşaq yeni mühitə daxil olduqda, valideynindən uzaq qalmağa psixoloji cəhətdən hazır olmalıdır. Uşaq ayrılıq zamanı həddindən artıq narahatlıq keçirməməlidir. Yeni insanlarla -müəllim və sinif yoldaşları ilə ünsiyyət qurmaqdan çəkinməməlidir. Təlimata əməl etməyi və gözləməyi bacarmalıdır. Növbə gözləmək və mübahisələri zorakılıq olmadan həll etmək məktəbə hazır olmanın vacib göstəriciləridir. Qələm tutmaq, xətt çəkmək, qayçını idarə etmək kimi incə motor bacarıqlar da məktəb fəaliyyətləri üçün vacibdir. Məktəbə başlamaq üçün ən uyğun yaş aralığı 6–7 yaş arasındadır. Bəzi uşaqlar 6 yaşında tam hazır olur, digərləri isə 7 yaşında daha uyğun ola bilər. Bu fərqlilik uşağın şəxsiyyətindən, ailə mühitindən və əvvəlki təhsil təcrübəsindən asılıdır”.

Bəzi valideynlər qanunla təyin olunan yaşa əsaslanaraq, uşaqlarını məktəbə məcburən göndərirlər. Əgər uşaq məktəbə emosional və psixoloji baxımdan hazır deyilsə, bu məktəb qorxusuna, dərsə marağın itməsinə, özgüvən çatışmazlığına, davranış pozuntularına səbəb ola bilər.

Psixoloq deyir ki, fiziki cəhətdən zəif, müxtəlif somatik problemləri olan, tez-tez xəstələnən, yorulan uşaqların 7 yaşdan tez məktəbə getməsi məqsədəuyğun deyil. Qarşıdakı bir ildə valideyn bütün diqqətini uşağın sağlamlığını möhkəmlətməyə, ehtiyac olarsa, loqopedə, psixoloqa müraciət etməklə nitqinin inkişafına, onun psixoloji cəhətdən məktəbə hazırlığına yönəltməlidir. Məktəbə hazırlıq üzrə ixtisaslaşmış müxtəlif dərnəklər, klublar fəaliyyət göstərir ki, həftədə bir neçə dəfə uşaqların burada iştirakı gələcəkdə onların məktəbə adaptasiyasında faydalı ola bilər.

Psixoloqun sözlərinə görə, uşaq məktəbə 7 yaşda gedəndə daha özgüvənli olur, özünü daha yaxşı müdafiə edib, qaydalara daha yaxşı uyur. Verilən tapşırıqların məsuliyyətini  daha yaxşı dərk edir. İctimai davranış formaları, iradə böyük yaşlarda özünü göstərir. Çünki dərsləri oxuyub yaxşı cavab vermək ağıl yox, iradə məsələsidir. Uşaq iradəlidirsə və ona uşaqlıqdan məsuliyyət aşılanıbsa, yaşı artdıqca iradəsi, məsuliyyəti daha da güclənir. İradə müəyyən yaş dövründən sonra azala və ya arta bilər. Bəzən, uşaq ibtidai sinifdə yaxşı oxuyur, sonradan zəifləyir. Və ya əksinə. Bu, onun iradəsindən asılıdır: “Uşaq iradə və məsuliyyəti dərk edəndən sonra məktəbə getməlidir. Azyaşlının savadı, zehni varsa, bunu kurslarda tətbiq edə bilər. Amma məktəbin  qayda-qanunları fərqlidir. Onlara riayət etməyib yaxşı oxuyan uşaq başqalarının da haqqına girmiş olur. Çünki dərsi pozur və mənfi nümunə olur.  Bu , onun yalnız cəmiyyətə verdiyi ziyandır. Bundan əlavə bu, onun özündə də güvənsizlik formalaşdırır. Çünki hər dəfə ona düz otur deməklə o özünə inamını itirir və bu daxili aqresiyaya çevrilir. Ya  Melonxolik olub və “mən heç nə bacarmıram” düşüncəsi üzə çıxır, ya da “mən beləyəm” deyərək, aqresivləşir. Düşünür ki niyə mən hamı kimi deyiləm. Buna görə də uşağın məhz 6-7 yaşdan sonra məktəbə getməsi psixoloji cəhətdən daha düzgündür”.

Bəzən belə fikirlərə rast gəlinir ki, uşaqların məktəbə qədər hazırlığına, ona həftənin, rəqəmlərin və s. öyrədilməsinə ehtiyac yoxdur. Onsuz da uşaq bütün bunları məktəbdə öyrənəcək və ona belə şeyləri erkən öyrətmək gələcəkdə dərsə marağının zəifləməsinə, "uşaqlığının əlindən alınmasına" gətirib çıxarar. Lakin hazırda mövcud ibtidai təhsil proqramı uşaqların minimum səviyyədə də olsa, müəyyən biliklərə malik olmasını tələb edir. Hətta bəzi məktəb-liseylərdə tədris proqramlarının xüsusiyyətlərini nəzərə alaraq, uşaqları xüsusi testlərdən keçirərək qəbul edirlər. Buna görə də, istənilən halda, uşaqların məktəbə hazırlığı məsələsinə diqqət yetirilməsi zəruridir. Lakin uşağa hansısa biliklər aşılanarkən onun yaş və psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır. Belə ki, məktəbəqədər yaşlı usaqlara istənilən biliklərin aşılanması əsasən oyun formasında həyata keçirilməli və hər dəfə 10-15 dəqiqədən artıq davam etməməlidir.

6 yaşından məktəbə gedən uşaqların məktəbəqədər hazırlıq proqramlarını keçməsi zəruridir. Yəni burada söhbət yalnız təlim proqramlarından deyil, eyni zamanda sosial-psixoloji hazırlıqdan da gedir. Uşaqların uşaq bağçalarına getməsi önəmlidir. Burada uşaq həm kollektivdə fəaliyyət göstərməyi öyrənir, həm də sosial rolların, cəmiyyətdə mövcud qayda-qanunların mənimsənilməsi baxımından da ilkin bilikləri, vərdişləri mənimsəyir. Müşahidələr göstərir ki, uşaq bağçalarından məktəbə gələn uşaqlar evdə ana, nənə, dayə tərbiyəsi görüb məktəbə ayaq basan uşaqlara nisbətən məktəb mühitinə, qayda-qanunlarına və kollektivə daha yaxşı adaptasiya olunur

Məlum olduğu kimi, 2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyata start verilib. Uşaqların düzgün inkişafında və gündəlik rejimlərinin formalaşmasında, ictimai mühitə alışmasında, sərbəstliyə öyrəşməsində, ən nəhayət, məktəbə hazırlığında məktəbəqədər təhsilin rolu əvəzsizdir. Məktəbəqədər təhsil uşaqların gələcəyi üçün zəruri bir başlanğıcdır. Uşağın bu dövrdə necə təhsil alması və hansı təlim-tərbiyə üsulundan keçməsi çox önəmlidir. Məktəbəqədər yaş dövrü insan şəxsiyyətinin formalaşmasına təsir göstərən əsas mərhələlərdən biridir. Bu səbəbdən də məktəbəqədər təhsil uşaq şəxsiyyətinin formalaşmasına və inkişafına, daim dəyişən mühitə müvəffəqiyyətlə uyğunlaşmasına şərait yaradır. Aparılan tədqiqatlar sübut edib ki, məhz məktəbəqədər yaş dövrü insanın intellektinin, şəxsiyyətinin formalaşması, sosial və emosional inkişafı üçün çox mühüm mərhələdir.

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, 7 yaşında məktəbə başlayan uşaqlar daha motivasiyalı və sinif lideri olmağa meyllidirlər: “Bu yaşda məktəbə başlama onların psixoloji hazırlığı və diqqət mərkəzində olmasına müsbət təsir göstərir. Uşaqlar daha inamlı şəkildə öyrənməyə hazır olur və məktəb həyatına uyğunlaşmada daha yüksək nəticələr göstərirlər. Beləliklə, məktəbə başlama yaşının 7-yə qaldırılması, uşaqların həm akademik, həm də sosial-emosional baxımdan daha güclü olmalarına kömək edir. Əgər biz uşaqların təhsildə maksimum potensialını ortaya çıxarmaq istəyiriksə, onların təbii inkişaf mərhələlərini nəzərə almalıyıq".

Mütəxəssilərin fikrincə, uşaqların 7 yaşında məktəbə başlaması daha faydalıdır. Çünki bu yaşda uşaqların sosial və əqli inkişafı təhsil prosesinə daha uyğun hesab edilir. 7 yaşda uşaqlar adətən sosial münasibətlərdə daha yetkin və özünəinamlı olurlar. Bu yaşda sinifdə daha asan uyğunlaşır və qrupla işləməyi öyrənirlər. Uşaqlar 7 yaşa yaxın daha çox diqqət göstərə və təlimatları izləyə bilirlər. Əqli inkişaf mərhələlərində bu yaşda daha yüksək səviyyəli düşünmə bacarıqları formalaşır ki, bu da oxuma-yazma və riyazi biliklərin mənimsənilməsində kömək edir.

7 yaşında uşaqlar stresə daha dözümlü olur və məktəbin intizam qaydalarına daha rahat alışırlar. Onlar üçün məktəb mühitinə uyğunlaşmaq daha asan ola bilər.

Kiçik yaşda uşaqlar üçün oyun əsas öyrənmə metodudur. Məktəbə daha gec başlamaq, onlara oyunlar vasitəsilə yaradıcılıq və təcrübə yolu ilə öyrənmək imkanı verir ki, bu da uzunmüddətli inkişaf üçün faydalıdır.

Amma bu model hər uşağa uyğun olmaya bilər, çünki bəzi uşaqlar daha erkən yaşlarda məktəbə hazır ola bilər. Optimal məktəbə başlama yaşı, həmçinin valideynlərin, təhsilçilərin və mütəxəssislərin uşağın fərdi inkişafını və ehtiyaclarını nəzərə alaraq qərar verməsinə bağlıdır.

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, məktəbə getmək üçün uşaqlarda standart yaş 6-dır. Avropanın bəzi məktəblərində hətta ölkəmizdə də artıq 5 yaşlı uşaqların məktəbə qəbulu prosesi aparılır: “Amma bunun tərəfdarı deyiləm. Çünki uşaqlar o yaşda hələ də valideyn qayğısı altında olmalıdırlar. Düzdür bəzi fitri istedadlı uşaqlar var ki, onlar 5 yaşından xüsusi komissa tərəfindən rəy verilməklə məktəbə qəbul olunurlar. Amma hazırki dərs yükünün çoxluğunu nəzərə alsaq, uşaqların vaxtından tez məktəb həyatına başlamaqlarının tərəfdarı deyiləm. 6 yaş məktəbə başlamaq üçün tam uyğundur”.

Ekspertin sözlərinə əsasən, valideyn özü uşağın tədris prosesinə hazır olub olmadığını bilməlidir: “Bu məsələyə individual yanaşılmalıdır. Valideyn ilk növbədə övladını tanımalıdır. Beynin sağ və sol yarımkürələri var. Bu yarımkürələrin inkişafına əsasən uşaqlardakı beyin potensialını və qavrama bacarığını aşkara çıxarmaq mümkündür. Çünki elə uşaq var ki, məktəbə 5 yaşında da getsə, 6-7 yaşlı uşaqlarla ayaqlaşa bilir. Bu uşaqlar normal balansda diqqətini saxladığı təqdirdə, daha çox hiperaktiv ola bilirlər. Onların beyin  neyronları o qədər aktiv olur ki, özlərindən böyüklərlə ayaqlaşa bilirlər. Lakin bəzi hallarda bunun əksi də olur. Belə ki, həmin uşaqlar 6 yaşına çatmış olsalar da, məktəbə və həmyaşıdlarına adaptasiya ola bilmirlər. Bu uşaqlar da introvert tipli və sakit təbiətli olurlar”.

 

Nərmin Qarazadə

Seçilən
14
azedu.az

1Mənbələr