AZ

Almanyada müsəlmanlara qarşı zorakılıq 60% artıb

Almaniyada müsəlmanlara qarşı ayrı-seçkilik və zorakılıq hadisələrinin sayı son illərdə kəskin artıb. CLAIM təşkilatının məlumatına görə, 2024-cü ildə ölkədə müsəlmanlar əleyhinə 3 min 80 hadisə qeydə alınıb ki, bu da ötən illə müqayisədə 60% çoxdur.

 

Sfera.az “En Son Haber”ə istinadən xəbər verir ki, CLAIM-in Berlindəki hesabatına əsasən, təkcə paytaxtda bu cür hücumlar 70% artıb.

 

Federal Kriminal İdarənin məlumatında isə 2024-cü ildə siyasi motivli nifrət cinayətlərinin sayı 28% artaraq 21 min 733-ə çatıb. Bunların əhəmiyyətli hissəsi İslamofobiya ilə bağlıdır. Həmçinin 79 məscid hücuma məruz qalıb.


CLAIM rəhbərləri Rima Hanano və Güzin Ceylan qeyd edirlər ki, Almaniyada hər iki şəxsdən biri müsəlmanlara qarşı mənfi münasibət bəsləyir. Müsəlmanlar ictimaiyyətdə “təhlükə” kimi təqdim olunur və bu, zorakılığın legitimləşdirilməsinə gətirib çıxarır.


Xüsusilə başörtülü qadınların daha çox fiziki və şifahi hücumlara məruz qaldığı vurğulanıb. Araşdırmalara görə, müsəlmanların yalnız 4%-i qarşılaşdığı hadisələri rəsmi qurumlara bildirir.


Ekspertlər hökuməti bu məsələni ciddiyə almağa, dəqiq hüquqi təriflərin verilməsinə və zərərçəkənlərə dəstək mexanizmlərinin gücləndirilməsinə çağırırlar. Mediada və siyasətdə istifadə olunan ifadələrin məsuliyyətlə seçilməsinin vacibliyi də vurğulanır.


Bəsti Rəfizadə
Sfera.az

Seçilən
4
1
sfera.az

2Mənbələr