AZ

Kənd yerlərində rəqəmsallaşma: Regional bərabərsizliklərin azaldılması üçün İKT-nin rolu

Müasir dövrdə informasiya və kommunikasiya texnologiyaları (İKT) yalnız texnoloji deyil, sosial və iqtisadi inkişafın da mühüm alətlərindən birinə çevrilib. Rəqəmsallaşma prosesi əsasən urbanizasiya mərkəzlərində daha sürətli baş versə də, kənd yerlərində bu sahədə fərqlər qalmaqdadır. Məhz bu səbəbdən İKT kənd yerlərində regional inkişafın təşviqi və bərabərliyin təmin olunması baxımından vacib vasitə kimi önə çıxır.

İKT-nin kənd yerlərində tətbiq sahələri aşağıdakıları nümunə göstərmək olar:

1. Təhsil

2. Səhiyyə

3. Kənd təsərrüfatı

4. Dövlət xidmətlərinə çıxış

5. Biznes və sahibkarlıq və s

İKT-nin regional bərabərsizliklərin azaldılmasındakı rolu aşağıdakılardır:

İKT-nin tətbiqi kəndlə şəhər arasında olan bir sıra fərqləri azalda bilər:

    •    İqtisadi imkanlar: Rəqəmsal texnologiyalar kənd gənclərinə “freelance” iş imkanı yaradır, kənd təsərrüfatı ilə məşğul olan şəxslərin məhsul satışını asanlaşdırır.
    •    Təhsil və maarifləndirmə: Elektron resurslara çıxış imkanları bərabər təhsil hüququnu təmin edir.
    •    İnformasiya bərabərliyi: İnternet və mobil texnologiyalar kənd əhalisinin məlumat alma imkanlarını artırır, ictimai iştirakçılığı gücləndirir.
    •    Sosial inklüzivlik: Rəqəmsal alətlər qadınların, əlillərin və yaşlıların ictimai həyata inteqrasiyasını asanlaşdırır.

Çətinliklər

    •    İnfrastrukturun zəifliyi (internetin zəif və ya heç olmaması)
    •    Rəqəmsal savadlılıq səviyyəsinin aşağı olması
    •    Qiymətlərin əlçatan olmaması və texnologiyaların maliyyə baxımından çətinliyi

Azərbaycanda görülən işlər və perspektivlər

    •    “Smart village” layihəsi (Ağalı kəndində tətbiq olunub) artıq bu sahədə uğurlu nümunədir.
    •    “Rəqəmsal inkişaf və nəqliyyat” strategiyası çərçivəsində regionlarda fiber-optik internetin çəkilməsi davam etdirilir.
    •    “ASAN İnnovasiyalar Mərkəzi”, “İNFORMATİKA” dərslərinin ümumi təhsildə tətbiqi kimi təşəbbüslər kənd ərazilərində rəqəmsal savadlılığın artırılmasına xidmət edir.

Mövzu ilə bağlı  İT ekspert Elvin Abbaslı öz fikirlərni Operativ Media ilə bölüşüb.

O, bildirib ki, kənd yerlərində rəqəmsallaşma və İKT-nin tətbiqindəki fərqlər artıq əvvəlki qədər kəskin deyil:

"Xüsusilə, Azərbaycanın “Onlayn Azərbaycan” layihəsi və regional infrastruktura yönəlmiş dövlət investisiyaları sayəsində ölkə üzrə boydan-boya fiber-optik kabel xətlərinin çəkilməsi ilə kənd və şəhər yerləri arasında rəqəmsal uçurumun əsas texniki səbəbləri tədricən aradan qaldırılır. Bu infrastruktur kənd ərazilərində genişzolaqlı internetə çıxışı təmin etməklə, elektron hökumət xidmətlərindən istifadəyə, onlayn təhsil və tibb xidmətlərinə, e-kənd təsərrüfatı texnologiyalarına əlçatanlığı artırır. Bu da kənd icmalarında vətəndaşların dövlətlə əlaqəsini gücləndirir, iqtisadi fəaliyyətin çevikliyini artırır və rəqəmsal savadlılıq üçün real zəmin yaradır.

Ekspertin sözlərinə görə, İKT-nin effektiv tətbiqində insan kapitalı, maarifləndirmə və xidmətlərin lokallaşdırılması hələ də əsas çağırışlar kimi qalır:

"Şəhərlərlə müqayisədə kənd yerlərində texnologiyanın gündəlik həyata inteqrasiyası zəifdir. Məsələn onlayn bankçılıqdan istifadənin aşağı səviyyədə olması, kənd təsərrüfatı subyektlərinin rəqəmsal idarəetmə alətlərinə marağının azlığı, texnoloji bacarıqların məhdudluğu müşahidə olunur. Bu fərqləri aradan qaldırmaq üçün yalnız infrastrukturla kifayətlənmək olmaz, paralel şəkildə mobil maarifləndirmə proqramları, yerli dillərdə və kontekstdə hazırlanmış e-xidmət interfeysləri, vətəndaşların təlim və təcrübə proqramları ilə cəlb edilməsi vacibdir. Beləliklə, rəqəmsal bərabərlik yalnız texniki deyil, sosial və iqtisadi koordinasiyalı yanaşma tələb edir".

Mövzu ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli də öz fikirlərini Operativ Media ilə bölüşüb:

O, bildirib ki, rəqəmsallaşma və informasiya-kommunikasiya texnologiyalarının (İKT) təhsildə tətbiqi xüsusilə kənd və ucqar bölgələr üçün strateji əhəmiyyət daşıyır:

"Bu kontekstdə, rəqəmsal platformaların – məsələn, Microsoft Teams, Moodle, Google Classroom və digər sistemlərin – genişləndirilməsi, təhsildə regional bərabərsizliklərin aradan qaldırılmasında mühüm rol oynayır.

Kənd yerlərində təhsil keyfiyyəti bir sıra səbəblərdən – müəllim çatışmazlığı, resurs azlığı, təhsilin fiziki infrastrukturundakı fərqlər və mərkəzləşmiş inkişaf modelləri səbəbilə – şəhərlərlə müqayisədə geridə qala bilir. Bu fərqin minimuma endirilməsi üçün ən müasir yanaşma texnologiya vasitəsilə təhsilin “məkan”dan asılı olmayaraq çatdırılmasıdır. Rəqəmsal platformalar, məhz bu ehtiyacdan doğaraq şagirdlərlə müəllimlər arasında məsafəni aradan qaldırır.

Ucqar kənd məktəblərində bəzən ixtisaslı müəllimlərin olmaması, ya da onların uzunmüddətli bölgədə qalmaqda çətinlik çəkməsi müşahidə olunur. Məsələn, informatika, fizika və ya xarici dil fənləri üzrə kadr çatışmazlığı olan məktəblərdə Teams və Moodle kimi platformalar vasitəsilə mərkəzdən distant dərslər təşkil etməklə bu boşluğu qismən də olsa aradan qaldırmaq mümkündür. Bu həm də kənd şagirdlərinə daha keyfiyyətli və müasir təhsil imkanları təqdim edir.

Eyni zamanda, rəqəmsal vasitələrin tətbiqi müəllimlərin peşəkar inkişafına da töhfə verir. Onlar onlayn kurslar, vebinarlar və təlimlər vasitəsilə biliklərini artırır, tədris metodlarını yeniləyə bilirlər. Bu isə tədrisin ümumi keyfiyyətinə müsbət təsir göstərir.

Amma burada yalnız texnoloji platformaları təqdim etməklə iş bitmir. Bu prosesin uğurla olması üçün aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməlidir:

    •    Kənd məktəblərində internet infrastrukturunun təkmilləşdirilməsi;
    •    Ailə və şagirdlərin cihaz və texnologiyaya çıxış imkanlarının artırılması (məsələn, planşet və ya kompüter təminatı);
    •    Müəllimlərin İKT bacarıqları üzrə müntəzəm şəkildə təlim alması;
    •    Distant tədris modelinin psixoloji və pedaqoji aspektlərinin nəzərə alınması.

Bunlar kompleks yanaşma tələb edən məsələlərdir. Hökumət, Təhsil Nazirliyi, yerli icra strukturları və vətəndaş cəmiyyəti təşkilatlarının əməkdaşlığı bu işin uğurla həyata keçirilməsində vacib amildir. Qeyd edim ki, bu istiqamətdə artıq müəyyən layihələr icra olunub, lakin regionlararası uçurumun tam qapanması üçün bu təşəbbüslərin miqyası daha da genişləndirilməlidir.

Əlbəttə, bu kimi rəqəmsallaşma təşəbbüsləri təkcə təhsil sahəsində deyil, bütövlükdə regionların sosial-iqtisadi inkişafına töhfə verir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən regionların inkişafına dair dövlət proqramları, imzalanmış sərəncam və göstərişlər birbaşa olaraq kənd və ucqar ərazilərin infrastruktur baxımından müasirləşdirilməsini və bərabər imkanların yaradılmasını hədəfləyir. Rəqəmsal texnologiyaların təhsildə tətbiqi də bu ümumi strategiyanın bir parçası kimi qiymətləndirilməlidir.

Beləliklə, İKT-nin təhsildə tətbiqi yalnız pedaqoji deyil, həm də dövlət səviyyəsində sosial inkişafı təşviq edən strateji bir addımdır. Bu sahədə atılan hər bir mütərəqqi addım ölkə rəhbərliyinin müəyyən etdiyi inkişaf prioritetlərinə uyğun şəkildə həyata keçirilməli və dəstəklənməlidir. Təhsildə regional bərabərsizliyin aradan qaldırılması da məhz bu milli inkişaf kursunun mühüm hədəflərindən biridir".

Kənd təsərrüfatı eksperti Akif Nəsirli bildirib ki, İKT-nin geniş imkanları fermerlər üçün yeni satış imkanları təqdim edə bilər:

"Ölkəmizdə kənd təsərrüfatı əsasən kiçik və orta ölçülü təsərrüfatlardan ibarətdir. Bu təsərrüfatların bir qismi informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üçün artıq müəyyən hazırlıq mərhələsindədir. İKT-nin kənd təsərrüfatına inteqrasiyası məhsuldarlığın artırılmasına, məhsul keyfiyyətinin yüksəldilməsinə, logistika məsələlərinin effektiv həllinə, eləcə də reklam və satış proseslərinin təkmilləşdirilməsinə əhəmiyyətli töhfə verə bilər.

İKT-nin geniş imkanları və çoxşaxəli istiqamətləri sayəsində fermerlərə daha əvvəl məlum olmayan satış imkanları təqdim edilə bilər. Bu texnologiyaların bölgələrdəki fermerlərə çatdırılması onların bazara çıxışını asanlaşdırmaqla yanaşı, ümumilikdə sektorun rəqabət qabiliyyətini artırar.

İKT yalnız kənd təsərrüfatında deyil, iqtisadiyyatın bütün sahələrində inkişafı stimullaşdıran əsas amillərdən biridir. Bir çox dünya ölkələrində bu texnologiyalar kənd təsərrüfatında geniş və səmərəli şəkildə tətbiq olunur.

Azərbaycanda isə hazırda İKT əsasən kənd təsərrüfatı məhsullarının logistikası sahəsində daha fəal şəkildə istifadə olunur. Lakin potensial daha genişdir və bu sahədə inkişaf üçün böyük imkanlar mövcuddur".

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" istiqaməti üzrə hazırlanıb.

 

Günay Nəcəfova

Seçilən
7
operativmedia.az

1Mənbələr