AZ

Bakı şəhəri bu qədər əhalini daşımaqda çətinlik çəkir EKSPERT aqressiyanın səbəbini AÇIQLADI

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Son dövrlər ictimai nəqliyyatda baş verən gərginliklər, sərnişinlər arasında yaşanan aqressiv davranışlar gündəmi zəbt edib. Sosial şəbəkələrdə də bu mövzu ilə bağlı narazılıqlar açıq şəkildə görünür.

Məsələ ilə bağlı BAKU.WS-ə danışan sosioloq Üzeyir Şəfiyev bu aqressiyanın səbəblərini bir neçə əsas faktorla izah edib.

"Tək ictimai nəqliyyatda yox, ümumiyyətlə insanlarda aqressiv davranışlar artıb", – deyə o bildirib. Onun fikrincə, bu artım təkcə fərdi psixoloji problemlərlə bağlı deyil, şəhər mühiti və ümumi sosial dinamika ilə birbaşa əlaqəlidir.

Sosioloq qeyd edir ki, Bakı şəhəri bu qədər əhalini daşımaqda artıq çətinlik çəkir. Sıxlıq, gündəlik stress, uzun gözləmə və yubanma halları insanlarda dözümsüzlük və emosional gərginlik yaradır. Nəticədə bu, ən çox ictimai nəqliyyat kimi kütləvi məkanlarda üzə çıxır.

Üzeyir Şəfiyev bu vəziyyətin formalaşmasında sosial şəbəkələrin və informasiya platformalarının rolunu da xüsusi qeyd edir:

"Sosial şəbəkələrdə, informasiya platformalarında neqativ xəbərlərin yüklənməsi də insanlara çox təsir edir.

İnsanlar ardıcıl olaraq mənfi xəbərlərlə üz-üzə qalanda bu onların gündəlik emosional vəziyyətinə və davranışına sirayət edir. Əsas xəbər axınında müharibələr, qəzalar, sosial ədalətsizlik kimi mövzuların üstünlük təşkil etməsi ümumi gərginlik fonunu daha da artırır."

Sosioloq bildirir ki, təkcə yerli deyil, qlobal miqyasda baş verən proseslər – münaqişələr, humanitar böhranlar, iqtisadi qeyri-sabitlik də insanlarda narahatlıq və psixoloji təzyiq yaradır:"Bu da insanlarda özünümüdafiə instinktinin güclənməsinə gətirib çıxarır." Başqa sözlə, insanlar ətraf mühitdə təhlükə və narahatlıq hiss etdikdə, özlərini qorumaq üçün emosional və davranış baxımından daha sərt reaksiya verirlər.

Sosioloq hesab edir ki, bu aqressiyanın yumşaldılması üçün cəmiyyətə ötürülən məlumatların xarakteri dəyişdirilməlidir."Çox yaxşı olar ki, məlumatlandırma daha çox pozitiv yöndə olsun", – deyə o vurğulayır.

Onun fikrincə, balanslı və motivasiyaedici informasiyanın artırılması cəmiyyətin ümumi psixoloji vəziyyətinə müsbət təsir edə bilər və insanlar bir-birilə daha səbirli, anlayışlı davranmağa başlaya bilər.

Şahanə Xankişiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
baku.ws

5Mənbələr