Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
İctimai Rəy xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub.
Gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına kompleksdə həyata keçirilmiş işlər barədə məlumat verib.
Bildirilib ki, bu kompleks Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ı çərçivəsində inşa olunur. Tikintisinə 2024-cü ilin yanvarında başlanılan kompleksin əsas binasında yerləşən universal idman zalı 1100 tamaşaçı tutumuna malikdir. Burada basketbol, voleybol, həndbol, minifutbol, badminton, gimnastika, cüdo, güləş, taekvondo, boks, karate və idmanın digər növləri üzrə məşqlərin və yarışların keçirilməsi nəzərdə tutulur. Binada, eyni zamanda, 80 nəfərlik iclas zalı, hakim, həkim, məşqçilər, şərhçilər üçün otaqlar, kafe olacaq. Kompleksdə 21 otaqdan ibarət 42 yerlik dördmərtəbəli mehmanxana və restoran da fəaliyyət göstərəcək. Burada 1300 tamaşaçı tutumuna malik tribunası olan, standartlara cavab verən futbol meydançası, həmçinin iki minifutbol meydançası yaradılacaq.
Qeyd edək ki, bu il sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil ediləcək.
***
Prezident İlham Əliyev Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, magistral yolun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin, səkilərinin, həmçinin magistral yola avtomobillərin iki istiqamətli giriş-çıxışını təmin edən yanaşma yollarının tikinti işləri başa çatmaq üzrədir. Piyada keçidinin ümumi uzunluğu 48 metr olacaq ki, onun da 37 metri qapalı hissədir. Eni 7 metr olan yanaşma yollarının ümumi uzunluğu isə 3,2 kilometrdir.
Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsidir. Bu yolun müasir səviyyədə qurulması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında rolunu daha da gücləndirir.
***
Prezident İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib.
***
Prezident İlham Əliyev “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin açılışında iştirak edib.
***
Prezident İlham Əliyev Yevlaxda “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib.






















