AZ

"AKB-nin 268 partnyoru var və büro 35-dən artıq xidmətlə maliyyə sektoruna xidmət göstərir"

Bu gün Bakıda Azərbaycan Kredit Bürosunun və Avrasiya Kredit Məlumatları Təchizatçıları Assosiasiyasının (ACIPE) birgə təşkilatçılığı ilə keçirilən Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransı çərçivəsində region ölkələrinin kredit büroları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu.

FED.az xəbər ki, tədbirdə çıxış edən Azərbaycan Kredit Bürosunun baş direktoru Elçin Həbibov konfransın beynəlxalq əhəmiyyətindən və regional əməkdaşlığın vacibliyindən danışaraq önəmli məqamlara toxundu.

ACIPE-yə üzv olan 11 ölkəni təmsil edən 14 kredit bürosunun bu platformada bir araya gəldiyini qeyd edən Həbibov bildirdi ki, qurum təkcə təcrübə və informasiya mübadiləsi ilə kifayətlənmir, eyni zamanda yeni məhsul və xidmətlərin lokallaşdırılmasında da əhəmiyyətli rol oynayır. “Biz bir-birimizin yaratdığı xidmətləri araşdırırıq, ehtiyac yaranarsa həmin məhsulları ölkəmizdə tətbiq edirik,” – deyə o bildirib.

Regional əməkdaşlıqla bağlı sualı cavablandıran baş direktor qeyd edib ki, qarşılıqlı səfərlər, yerində baxışlar və texnoloji innovasiyaların nümayişi gələcəkdə bu sahədə əlaqələrin daha da dərinləşməsinə şərait yaradacaq. “Təkcə biz onlara yox, onlar da bizə gəlirlər. Kredit Bürosunun infrastrukturu və xidmətləri artıq regionda maraq doğurur və qarşılıqlı səfərlər çərçivəsində bu innovasiyalar paylaşılır,” – deyə Elçin Həbibov əlavə edib.

Eyni zamanda, o bildirib ki, Azərbaycan Kredit Bürosunun inkişafında beynəlxalq standartlara uyğun sertifikatlar – ISO 27001 və süni intellektin idarə edilməsinə dair CFI sertifikatı böyük rol oynayıb. Bu isə büroya həm etimad qazandırıb, həm də beynəlxalq platformalarda iştirak imkanlarını genişləndirib.

Məlum olduğu kimi, hal-hazırda Kredit Bürosunun 268 partnyoru var və büro 35-dən artıq xidmətlə maliyyə sektoruna xidmət göstərir. Əldə edilən təcrübə və texnoloji imkanlar isə yalnız daxili bazara deyil, regional əməkdaşlığa da töhfə verir.

Seçilən
13
fed.az

1Mənbələr