AZ

Hörmüz düyünü - İran dünyanı sınamaq üzrədir

İran ətrafında vəziyyət daha da gərginləşir. İranın ali qanunverici orqanı olan parlament, ABŞ və İsrailin İranın hərbi və nüvə obyektlərinə endirdiyi son zərbələrə cavab olaraq, strateji önəm daşıyan Hörmüz boğazının bağlanmasına razılıq verib. Boğazın bağlanması ilə bağlı son qərar İranın Ali Milli Təhlükəsizlik Şurasına asılı olacaq. Şura bu planı təsdiqləyəcəyi təqdirdə, İran dünya enerji təchizatında həyati rol oynayan bu su yolunu bağlaya biləcək.


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Fərhad Məmmədov bildirib ki, İran bu cür radikal bir addım atarsa, bu, təkcə bölgəni deyil, qlobal bazarları silkələyə bilər:


“Hörmüz boğazı gündəlik 18-20 milyon barel neftin daşındığı əsas marşrutdur. İran onun bağlanmasına qərar versə, bu addım dərhal dünya üzrə neft və qaz qiymətlərinə ciddi təsir göstərəcək. Qiymətlər qısa müddətdə 100-150 dollar arasında yüksələ bilər. Amma məsələ təkcə iqtisadi deyil - bu, yeni müharibənin başlanğıcı da ola bilər”.

 


Politoloqun fikrincə, belə bir addım İranın hərbi infrastrukturunu daha böyük təhlükə altına ata bilər:


“ABŞ və İsrail tərəfindən zərbələr artıq başlanıb. İran Hörmüz boğazını bağlayarsa, qarşı tərəfin cavabı daha sərt olacaq. Xüsusilə ABŞ-nin donanması Fars körfəzində tam hazırlıqdadır və ehtimal olunan bütün İran hədəflərini - dənizdəki hərbi bazaları, raket qurğuları, hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq üçün planlarını tam hazır saxlayır. Belə bir ssenari İranın hərbi donanmasının məhvi ilə nəticələnə bilər”.


Siyasi şərhçi Elman Vəliyev isə məsələyə daha fərqli konteksdə yanaşaraq qeyd edib ki, İranın belə bir addım atması real deyil və bu, daha çox ABŞ-nin strateji planının bir hissəsidir:


“İran deyir ki, boğazı bağlayacam. Amma bu real deyil. Hörmüz boğazı beynəlxalq dəniz hüququ ilə qorunan bir su yoludur. Onun bağlanması yalnız bölgə ölkələrini deyil, Avropanı və Asiyanı da vuracaq. İran bunu edərsə, təkcə özünü deyil, dünyanı qarşısına almış olacaq”.

 


Vəliyev bildirib ki, bu gedişin arxasında daha böyük bir məqsəd dayanır:


“ABŞ uzun müddətdir İranı təzyiq altında saxlayır. İndi isə məqsəd İranla işi tamamlamaq və növbəti mərhələdə Qərbi və Çini zəiflətməkdir. Çünki Hörmüz boğazından keçən enerji əsasən Asiyaya – xüsusilə Çinə gedir. Bu səbəbdən, bu gərginlik yalnız İranla məhdudlaşmayacaq, qlobal güc balansına təsir edə bilər”.


Bəsti Rəfizadə
Sfera.az

 

Seçilən
7
sfera.az

1Mənbələr