AZ

ŞAD XƏBƏR! Bu xəstəliklərin müalicəsi də SIĞORTAYLA OLACAQ EKSKLÜZİV

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

"Gələn ildən Xidmətlər Zərfi daha da genişləndiriləcək. Ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlər üzrə əlavə tibbi xidmətlərin zərfə daxil edilməsi nəzərdə tutulur". 

Bu BAKU.WS-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığortaüzrə Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib. 

Qeyd olunub ki, 2025-ci ildə Xidmətlər Zərfinə əhəmiyyətli dəyişikliklərin edilməsi planlaşdırılır. Bu, həm mövcud xidmətlərin çeşidini artıracaq, həm də daha çox pasiyentin ehtiyaclarını əhatə edəcək.

"İkinci istiqamətdə isə xidmətlərin adları daha dəqiq və izahlı şəkildə yazılacaq. Bu yanaşma tibb işçilərinin işini asanlaşdırmaqla yanaşı, vətəndaşların hansı xidmətin onlara təqdim olunduğunu daha yaxşı başa düşməsinə şərait yaradacaq. Üçüncü əsas dəyişiklik bəzi xüsusi tibbi sərfiyyatların – o cümlədən beyin və ürək arteriyalarına implantasiya edilən stentlər, dərman ifraz edən və ya etməyən koronar və periferik stentlər, eləcə də trombolitik preparatların tibbi xidmətə uyğun nizamlanması ilə bağlı olacaq".

Agentlikdən o da bildirilib ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin də icbari tibbi sığorta ilə qarşılanması mərhələli şəkildə həyata keçiriləcək. 2025-ci ilin sonuna qədər ürək-damar sistemi xəstəlikləri üzrə dərman təminatı sığortaya daxil ediləcək. Növbəti illərdə isə bu siyahıya həzm və tənəffüs sistemi xəstəlikləri üzrə dərmanlar da əlavə olunacaq.

Yenilənmiş Xidmətlər Zərfində dərman vasitələrinin təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi göstəriləcək. Bu əsasda pozitiv siyahı hazırlanacaq. Siyahıda dərmanların brend adları və qiymətləri də qeyd olunacaq.

Qiymət iki hissədən ibarət olacaq:

Şərti kompensasiya məbləği – sığorta tərəfindən ödəniləcək hissə;

Müştərək maliyyələşmə məbləği (MMM) – vətəndaşın ödəyəcəyi hissə.

Qeyd olunub ki, eyni tərkibli dərmanların qiyməti istehsalçı ölkədən və brenddən asılı olaraq fərqli ola bilər. Lakin dövlət sığortası yalnız eyni təsiredici maddəyə görə müəyyən olunmuş məbləği qarşılayacaq. Vətəndaş daha bahalı variantı seçərsə, fərqi özü ödəyəcək.

İcbari tibbi sığorta hesabına dərmanlar yalnız elektron resept əsasında əldə ediləcək. Vətəndaş resepti təqdim etməklə Agentliklə müqaviləsi olan apteklərdən dərmanın tərkib və dozaya uyğun istənilən variantını seçə biləcək. Müqaviləli apteklər xüsusi loqolarla işarələnəcək ki, insanlar onları rahatlıqla tanıya və tapa bilsinlər.

Şahanə Xankişiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
baku.ws

2Mənbələr