AZ

“Panatinaikos”un sabiq baş məşqçisi: Azərbaycanda bəyəndiyim maraqlı futbolçular var – EKSKLÜZİV MÜSAHİBƏ

Bakı, 23 iyun, AZƏRTAC

Yunanıstan millisinin sabiq futbolçusu, karyerası ərzində Niderlandın “Ayaks”, Belçikanın “Anderlext” kimi tanınmış komandalarında oynamış, baş məşqçi kimi ölkəsinin “Panatinaikos”, həmçinin ötən mövsüm Kiprin “Omoniya” klublarında işləmiş Yannis Anastasiu AZƏRTAC-a eksklüziv müsahibə verib. O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstanın “Aris” və Azərbaycanın “Araz-Naxçıvan” kollektivləri arasında keçiriləcək oyunlar və digər məsələlər barədə danışıb.

- “Aris” Konfrans Liqasında Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”la qarşılaşacaq. Bu oyundakı şansları necə dəyərləndirirsiniz?

- “Aris" ötən mövsümlə müqayisədə heyətini dəyişib. Bu il komandaya çoxlu yeni oyunçu cəlb olunub. Buna görə onlar haqqında nəsə demək çətindir. Hər şey hazırlıq prosesindən asılı olacaq. "Araz-Naxçıvan"a gəlincə, bu komanda barədə məlumatım yoxdur.

- Bu yaxınlarda ayrıldığınız "Omoniya" klubu ötən mövsüm UEFA Konfrans Liqasının pley-off mərhələsində "Zirə" ilə qarşılaşmışdı. Həmin matçları (6:0, 0:1) necə xatırlayırsınız?

- İlk matçda 6:0 hesablı böyük üstünlük əldə etdik. Baxmayaraq ki, "Zirə" asan məğlub olan komanda deyil. Lakin rəqibi yaxşı analiz etmişdik və əla iş sayəsində qələbə qazandıq. Cavab matçı isə bizim üçün rahat keçdi.

- Ümumiyyətlə, Azərbaycan futbolu barədə nə dərəcədə məlumatlısınız?

- Azərbaycanı avrokuboklarda uğurla təmsil edən "Qarabağ", həmçinin "Sumqayıt", "Sabah" və "Neftçi"nin oyunlarını izləmişəm. Liqanız haqqında məlumatım var. Orada bəyəndiyim bəzi maraqlı futbolçular var.

- Bəyəndiyiniz futbolçulardan kimlərin adlarını çəkə bilərsiniz?

- "Qarabağ"ın heyətində Aleksey Kaşuk, Kevin Medina, Kadi Borges, Abdullah Zubir, "Zirə"dən isə İssa Cibrila, Pyer Zebli və Salifu Sumanın adlarını çəkə bilərəm. Bunlar liqanızda fərq yaradan oyunçulardır.

- “Panatinaikos”da çalışdığınız dövrə nəzər salsaq, komandanız 2015-ci ildə UEFA Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” ilə üz-üzə gəlmişdi. Azərbaycan təmsilçisi səfər qolu sayəsində ( red: ilk oyun 0:0, ikinci matç 2:2) tarixində ilk dəfə turnirin qrup mərhələsinə vəsiqə qazanmışdı. Həmin matç yaddaşınızda necə qalıb?

- Düzünü desəm, həmin görüş 10 il əvvəl olub. Buna görə də çox şeyi xatırlamıram.

- Ötən mövsüm "Omoniya"da birgə işlədiyiniz Valdas Dambrauskas "Sabah"ın baş məşqçisi təyin olunub. Necə düşünürsünüz, o, Azərbaycan klubunda uğur qazana bilərmi?

- Valdas Azərbaycan futbolunu və mədəniyyətini bilir. O, hücum futbolu oynatmağı sevən məşqçidir. Düşünürəm ki, uğurlu ola bilər. Amma çox şey həm də klubun hədəflərindən asılıdır.

 

Seçilən
16
2
azertag.az

3Mənbələr