AZ

Sabiq deputat: Dörd illik ali təhsil dövrü tarixə qovuşur 

Əmək bazarında texniki sahələr üzrə maraqlı bir tendensiya müşahidə olunur: uzun illər universitet təhsili alanlarla sadəcə bir neçə aylıq kurs keçən şəxslər eyni vəzifələrdə çalışır, eyni məsuliyyəti daşıyır. Bu isə ali təhsilin rolu, praktiki bacarıqların çəkisi və peşəkar hazırlıq modelləri ilə bağlı yeni suallar doğurur.

Məsələ ilə bağlı fikirlərini AzEdu.az-a bölüşən əməkdar müəllim, sabiq deputat Sona Əliyeva bildirib ki, artıq əmək bazarı “diplom” anlayışından uzaqlaşır və qısa müddətli, praktik yönümlü hazırlıq əsaslı peşə sisteminə doğru yönəlir:

Heydər Əliyev hər zaman müəllimlər haqqında xoş fikirlər səsləndirirdi

“Dörd illik təhsil dövrü adlı anlayış bir müddət sonra tarixə qovuşacaq. V nəsil texnoloji dövrün əsas tələblərindən də biri budur. İndi peşə əsridir, məslək çağıdır. İndi özəl şirkətlər, texniki sahə istiqamətləri sürətli rəqabət mühitində işçinin peşəsini sürətlə dəyişdirmək, başqa sahələri də onun iş qrafikinə əlavə etməyə üstünlük verirlər. Bu da o deməkdir ki, 3 həftəlik və ya 3 aylıq kurs keçən bir şəxs, 4 illik passiv təhsil almış gənc mütəxəssisi sıradan çıxara bilir”.

Onun sözlərinə görə, texniki sahələrdə hər il yeni ixtisaslar meydana çıxır və bu dəyişən tələblərə uyğunlaşmaq üçün klassik təhsil sistemi yetərli deyil. Praktiki laboratoriya imkanlarının azlığı, nəzəriyyənin real bacarıqlarla əvəz olunmaması universitet məzunlarını əmək bazarında zəif mövqeyə salır:

“Nəzəriyyə praktika qədər effektli olmadığı üçün 3 aylıq kurslar bir işçinin yetişməsi üçün kifayət edir. Dörd illik təhsil+diplom anlayışı artıq tarixə gömülür. Çünki əmək bazarı öz qaydalarını sürətlə dəyişir və yeniləyir. Hətta dörd illik tədris prosesində əmək bazarında hansısa bir peşə sahəsinin bazara girib-çıxdığını da görmək mümkündür.

Bu baxımdan, praktiki nəzəriyə anlayışı hazırda at oynatmaqdadır. Yəni bu, nəzəriyyəni praktiki müstəvidə öyrətməkdir. Şirkətlər bu yolla həm vəsaitə, həm də zamana qənaət edir. 3 aylıq kurs bitirən şəxslər yeni məsləyinə qısa müddət sonra praktiki olaraq tam hakim olur və peşəkarlaşır.

Təəssüf ki, dörd illik universitetlərin praktiki laboratoriyaları olmadığı üçün onların yetirmələri əmək bazarına "ölü peşəkar" formasında ayaq basırlar. Onların bir çoxu isə digər qütblə mübarizədə qısa müddət sonra ayaqlaşa bilmir, uduzurlar”.

Seçilən
5
azedu.az

1Mənbələr