AZ

Fariz İsmayılzadə: “Azərbaycan BSES vasitəsilə qlobal enerji dialoqunda rolunu gücləndirir”

Bakı Yay Enerji Məktəbinin iştirakçılarının coğrafiyası hər il genişlənir.

"Report" xəbər verir ki, bu barədə ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun (IDD) direktoru Fariz İsmayılzadə ADA Universitetində keçirilən 19-cu Bakı Yay Enerji Məktəbinin (“Baku Summer Energy School” - BSES 2025) açılış mərasimində bildirib.

Onun sözlərinə görə, 19 il əvvəl Xəzər dənizinin sahilində başlayan proqram bu müddət ərzində Azərbaycan və xarici ölkələrdən minlərlə mütəxəssisi bir araya gətirib.

F.İsmayılzadə qeyd edib ki, bu il proqramda 15 ölkədən 47 nümayəndə və 10 ölkədən 30 spiker iştirak edir: “Onların arasında təkcə Azərbaycan deyil, həm də Cənub Qaz Dəhlizi boyunca yerləşən dövlətlər, xüsusilə Bolqarıstan, Yunanıstan, Xorvatiya, Qazaxıstan, Türkiyə və İtaliya var. Həmçinin Çili, ABŞ, Vyetnam, Almaniya, Böyük Britaniya, Pakistan və İspaniyadan olan iştirakçılar da burada təmsil olunur. Ötən il iştirakçılar arasında Nigeriya və Səudiyyə Ərəbistanının nümayəndələri də olub. Bu isə məktəbin coğrafiyasının hər il yenilənməsini və genişlənməsini təsdiqləyir”.

O, həmçinin vurğulayıb ki, Xəzər regionu bərpa olunan enerji mənbələrinin inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi və Mərkəzi Asiya ilə əlaqələrin dərinləşdirilməsi üçün fəal meydana çevrilir: "Regionumuz təkcə neft və qaz sənayesinin beşiyi deyil, həm də geosiyasi və enerji prosesləri baxımından daim diqqət mərkəzində olan bir məkandır".

Seçilən
24
report.az

1Mənbələr