Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"NATO ölkələrinin ÜDM-nin 5 faizini müdafiəyə ayırmaqla bağlı razılığa gəlmələrinin əsasında hər şeydən öncə yeni geosiyasi reallıqlar dayanır".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli NATO ölələrinin ÜDM-nin 5 faizini müdafiə xərclərinə ayırmaq məsələsində razılığa gəlmələrinin səbəbini şərh edərkən deyib.
İbrahim Rüstəmli bildirib ki, dünyada süni şəkildə ciddi və böyük münaqişə ocaqları yaradılıb:
"Bütün bu hadisələr qabaqcadan düşünülmüş senarinin tərkib hissələridir. Ukrayna-Rusiya və Yaxın Şərqdə gedən müharibələrin yeni dünya düzəninin taleyinə həlledici təsir göstərəcəyi qaçılmazdır. Artıq müharibənin konfiqurasiyasında bütün kartlar açıq görünür. Praktik olaraq sərt şəkildə üçüncü dünya müharibəsi gedir".
Həmsöhbətimizin fikrincə, belə bir vəziyyətdə döyüşən tərəflər arasında müharibənin nəticələri onların gələcək perspektivi üçün mühüm rol oynayacaq:
"Bu mənada da elə bir vəziyyət yaranıb ki, artıq geri dönüş yoxdur. Deməli, hər şey irəliyə doğru getməlidir. Belədə mövcud situasiya hər kəsdən öz müdafiə qüdrətini ortaya qoymağı tələb edir. Baş verən hadisələrin arxasında ölüm-dirim mübarizəsi dayanır. Tramp Ukrayna müharibəsi fonunda dəfələrlə Avropaya xatırladıb ki, bu münaqişə Amerikadan daha çox onların müharibəsidir. Çünki Rusiya Ukraynanı əzəndən sonra Avropanın üzərinə gələcək. Putin də bu niyyətini gizlətmir. Kreml son dövrlər Avropa ölkələrinə, MDB məkanı dövlətlərinə qarşı təhdidlərini artırıb. Bütün bunların arxasında da ərazilərin və gücün bölüşdürülməsi məsələsi dayanır. Ona görə də NATO dövlətlərinin ÜDM-nin 5 faizini müdafiə xərclərinə ayırması məsələsi təbiidir və prinsipial xarakter daşıyır. Münaqişələr bitəndən sonra təbii ki, qalib ölkələr söz sahibi olacaq. Bu səbəbdən heç kim tribunasını itirmək istəmir, hamı qələbə əldə etməyə çalışır".
Qeyd edək ki, "Reuters”in məlumatına görə, NATO ölkələri 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmaq barədə razılığa gəliblər.
Belə ki, ötən bazar günü NATO ölkələri qarşıdan gələn sammitə dair birgə bəyanat qəbul ediblər. Bəyanatda 2035-ci ilə qədər müdafiə və təhlükəsizlik xərclərinin illik olaraq ÜDM-in 5%-nə qədər artırılması hədəf kimi göstərilib. Bu qərar İspaniyanın etirazları aradan qaldırıldıqdan sonra mümkün olub.
"Reuters”in məlumatına görə, bu bəyanat NATO-nun 32 üzvü tərəfindən təsdiqlənib, lakin yalnız çərşənbə günü Haaqada keçiriləcək sammitdə ABŞ prezidenti Donald Tramp da daxil olmaqla liderlər tərəfindən təsdiq olunduqdan sonra rəsmi qüvvəyə minəcək.
Rüfət Sultan
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.