AZ

İranın üç nüvə mərkəzi: Fordo, Natanz və İsfahan

Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın İrandakı 3 nüvə obyektinə aviazərbələr endirməsi dünyanın diqqətini bir daha bu strateji məkanlara yönəldib. Hücumların hədəfi olan Fordo, Natanz və İsfahan obyektləri İranın nüvə proqramının onurğa sütunu kimi qiymətləndirilir. Yerin on metrlərlə altında inşa edilən və minlərlə sentrifuqanın yerləşdiyi bu strukturlar həm uranın zənginləşdirilməsi fəaliyyətləri, həm də nüvə tədqiqatları baxımından kritik əhəmiyyətə malikdir. Bəs bu obyektlərdə kimlər işləyir, hansı tədbirlər həyata keçirilir?

Hafta.az-ın yazdığına görə, bu adıçəkilən obyektlərin təhlükəsizlik səviyyəsi, əməliyyat qabiliyyəti və orada çalışan personalın sayı kimi təfərrüatlar indi hamının marağıdadır. Nəzərə alaq ki, indiyədək İsrail həmin ərazilərə dəfələrlə hücum etsə də, görünür heç bir uğur qazanmamışdı. Yoxsa ABŞ buranı 14 tonluq bombalarla vuraraq dünyada xaosun yaranmasına səbəb olmazdı.

Paytaxt Tehrandan təxminən 250 kilometr cənubda yerləşən Natanz obyekti İranın ən böyük uranın zənginləşdirilməsi sahəsi kimi tanınır. Burada uranı nüvə yanacağına çevirmək üçün sentrifuqa sistemləri var. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) məlumatına görə, İran obyektdə uranı 60 faizədək zənginləşdirirdi.

Qeyd edək ki, uran 90 faiz zənginləşdirilərsə, bu artıq atom silahının istehsalı üçün kifayətdir.

Vaşinqtonda yerləşən Nüvə Təhdidi Təşəbbüsü (NTI) qeyri-hökumət təşkilatının məlumatına görə, altı yerüstü və üç yeraltı binadan ibarət bu obyekt 50 min sentrifuqa tutumuna malikdir.

2003-cü ildən fəaliyyət göstərən obyektin bəzi hissələri İsrailin əvvəlki hücumlarında da hədəfə alınıb. ABŞ rəsmisi əvvəlki hücumlarda sentrifuqaların yerləşdiyi daha aşağı səviyyələrdə elektrik enerjisinin kəsildiyini bildirmişdi.

Tehrandan təxminən 100 kilometr cənub-qərbdə - Qum şəhəri yaxınlığında dağlıq ərazidə yerləşən Fordo nüvə obyekti İranın “nüvə ürəyi” kimi də tanınır. Tikintisinə 2007-ci ildə başlanan bu obyekt yerin 80-90 metr altında tikilib. Obyekt yüksək mühafizə olunan strukturu ilə diqqət çəksə də, onun faktiki ölçüsü və tutumu haqqında dəqiq məlumat yoxdur.

Bu yeraltı obyektin hava hücumları ilə zədələnməsinin və ya məhv edilməsinin çox çətin olacağı bildirilir və ABŞ-ın əlindəki bunker partladan bombaların Fordodakı obyektə çata bilən yeganə sursat olduğu deyilir.

MAQATE-nin məlumatlarına görə, burada təxminən 2700 sentrifuq var. Obyektin mövcudluğu ilk dəfə İran tərəfindən 2009-cu ildə, onun yaradılmasından iki il sonra, ABŞ və Qərb kəşfiyyat orqanlarının bu obyekt haqqında öyrənməsindən sonra elan edilib.

MAQATE 2023-cü ildə Fordoda 83,7 faiz saflığa çatan uran hissəcikləri tapdığını açıqlamışdı. Agentliyin son hesabatlarında da obyektdə 60 faiz saf olan uran istehsalının artdığı göstərilir. Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun (İŞİD) məlumatına görə, Tehran 60 faiz saflığa çatmış uran ehtiyatından istifadə edərək üç həftə ərzində Fordoda 9 nüvə silahı istehsal edə bilər.

Paytaxt Tehrandan 350 kilometr cənubda yerləşən İsfahandakı nüvə tədqiqat kompleksi İranın nüvə infrastrukturunun mərkəzlərindən biri hesab olunur. 1984-cü ildə Çinin dəstəyi ilə yaradılmış bu obyekt İranın ən böyük nüvə tədqiqat kompleksinə ev sahibliyi edir.

NTI-nin məlumatına görə, 3 min alimin çalışdığı müəssisə tədqiqat reaktorları, konversiya və yanacaq istehsalı müəssisələri və laboratoriyalardan ibarətdir.

“The Wall Street Journal” bildirir ki, bu obyektdə 10 nüvə silahı hazırlamaq üçün kifayət qədər material mövcuddur.

Seçilən
10
hafta.az

1Mənbələr