Hazır qəhvə içmək bir çox insanlar üçün rahat və sürətli seçimdir. Onun hazırlanması nə qədər rahat olsa da, bəzi zərərləri və riskləri var. Bu zərərlər həm tərkibindəki bəzi maddələrdən, həm də bəzi insanların sağlamlıq vəziyyətindən qaynaqlanır.
Hazır qəhvənin hansı ziyanları var və kimlər üçün onun istifadəsi təhlükəli sayılır?
Mövzu ilə bağlı qida eksperti Məhsəti Hüseynova Operativ Media-ya açıqlama verib.
“Ümumiyyətlə qəhvənin insan orqanizmi üçün faydaları çoxdur. Nəzərə alsaq ki, əgər bir çox ölkələrdə qəhvədən gündəlik içki kimi istifadə olunursa, Azərbaycanda bu çox az miqdarda olur.
Hazır qəhvələrin içindəki maddələr onu təhlükəli edir. Qəhvələrin tərkibində akrilamid, kofein, süni dadlandırıcılar və qatqılar, asidlik (turşuluq) olur”.
Hazır qəhvənin zərərləri nələrdir?
1. Akrilamid - Sinir sisteminə zərər verə bilər və bəzi tədqiqatlar bu maddənin xərçəng riskini artırdığını göstərib (xüsusilə heyvanlar üzərində aparılan təcrübələrdə).
Hazır qəhvədə bu maddənin miqdarı ənənəvi qəhvəyə nisbətən daha yüksək ola bilər.
2. Çox miqdarda kofein – Yuxusuzluq, ürək döyüntüsündə sürətlənmə, narahatlıq və əsəbilik kimi təsirlər yarada bilər.
3. Turşuluq (asidlik) - Hazır qəhvə daha çox turşuluq səviyyəsinə malik ola bilər ki, bu da mədə turşusu və qastrit problemi olan insanlar üçün zərərli ola bilər.
4. Əlavə maddələr (dadlandırıcılar, konservantlar) - Bəzi hazır qəhvə markalarında süni dadvericilər, ətirvericilər, qatılaşdırıcı maddələr və bəzən şəkər əlavə olunur. Bu maddələr uzunmüddətli istifadə zamanı metabolizm və qaraciyər üçün yük yarada bilər.
Hazır qəhvəni kimlər içməməlidir?
- Hamilə və süd verən analar
- Yüksək təzyiqdən (hipertoniya) əziyyət çəkənlər
- Mədə-bağırsaq problemi olanlar (qastrit, reflü, mədə xorası və s.)
- Yuxu problemi olanlar
- Allergiyası və ya sinir sistemi həssaslığı olanlar və s.