AZ

Bakıda I Beynəlxalq Kredit Hesabatlılığı Konfransı keçirilir

Bakıda “Birinci Beynəlxalq Kredit Hesabatlığı Konfransı” keçirilir.

Valyuta.az xəbər verir ki,“Məlumatdan Qərarlara: Kredit Bürolarının Gələcəyi” Kredit bürolarının gələcəyi” mövzusuna həsr olunan tədbir Azərbaycan Kredit Bürosu və “Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyası”nın ("ACIP") birgə təşəbbüsü ilə baş tutub. 

Konfransda çıxış edən Azərbaycan Mərkəzi Bankının nümayəndəsi tədbirin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib və bu sahədə atılan beynəlxalq təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Çıxış zamanı bildirilib ki, kredit hesabatlığı artıq yalnız skorinq funksiyasını yerinə yetirməklə kifayətlənmir, maliyyə sektorunda risklərin idarə olunması, makroprudensial təhlillər və tənzimləmə alətləri baxımından strateji əhəmiyyət kəsb edir. Xüsusilə qeyd olunub ki, kredit büroları informasiya assimetriyasını azaltmaqla məsuliyyətli kreditləşməyə və maliyyə sabitliyinə töhfə verir.

Mərkəzi Bankın nümayəndəsi, həmçinin, kredit bürolarının maliyyə inklüzivliyi baxımından da mühüm rol oynadığını bildirib. 

Qeyd olunub ki, alternativ məlumatların – elektron pul əməliyyatları, kommunal və icarə ödənişləri, elektron ticarət davranışları kimi qeyri-ənənəvi mənbələrin – kredit tarixçələrinə inteqrasiyası daha geniş təbəqələrin maliyyə resurslarına çıxışını təmin edir. Bu yanaşma mikro və kiçik biznes subyektlərinin kreditləşməsində də yeni imkanlar yaradır.

Çıxışda kredit bürolarının rəqəmsal transformasiyada roluna da xüsusi yer ayrılıb. Rəqəmsal şəxsiyyətin identifikasiyası, real vaxt rejimində autentifikasiya və çevik təhlil xidmətləri kredit bürolarının funksional imkanlarını genişləndirərək onları rəqəmsal maliyyə sisteminin ayrılmaz hissəsinə çevirir.

Bununla yanaşı, süni intellekt və maşın öyrənməsi texnologiyalarının kredit qərarlarına təsiri də vurğulanıb. AI əsaslı modellərin daha böyük və mürəkkəb məlumat bazalarını emal etmə imkanları kredit risklərinin daha dəqiq qiymətləndirilməsinə şərait yaradır. Eyni zamanda, alqoritmlərin şəffaflığı və model risklərinin idarə olunması məsələləri tənzimləyici orqanların diqqətində saxlanılmalıdır.

Çıxışın sonunda qeyd olunub ki, Azərbaycanda kredit hesabatlığı sisteminin təməli 2000-ci illərin əvvəlində Mərkəzi Bankda qoyulmuş Kredit Reyestri ilə atılıb və bu sistem bu gün "Azərbaycan Kredit Bürosu" vasitəsilə uğurla davam etdirilir. Büronun fəaliyyəti ölkənin beynəlxalq reytinqlərdə – xüsusilə "Dünya Bankı"nın "B-Ready" hesabatında – yüksək göstəricilərlə dəyərləndirilir.

Konfransın "ACIP Assosiasiyası" formatında təşkili və idarə heyətinin iclasının gündəliyə daxil edilməsi regionda bu sahə üzrə əməkdaşlığın dərinləşməsinin göstəricisi kimi dəyərləndirilib.

Seçilən
19
valyuta.az

1Mənbələr