AZ

Səhnədə olanda gözüm nə tamaşaçıları axtarır, nə də ailə və övladlarımı Nüsrət Kəsəmənlinin aktyor oğlu

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müsahibim mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənlidir.

Ədəbiyyat tarixində atası da, özü də şair olan imzalarımız olsa da, Rəşad Kəsəmənli bu gün aktyor kimi tanınır və sevilir. 

Bu müsahibədə onunla həm atası, mərhum şair Nüsrət Kəsəmənlidən, həm də ümumi olaraq sənətdən danışmışıq.

Gununsesi.info Rəşad Kəsəmənli ilə müsahibəni təqdim edir:

– Rəşad bəy, əlinizdə olsa, hazırda aktyorluq sənətində nələri dəyişmək istəyərdiniz?

– Şəxsən bir şeyin şahidiyəm ki istedadlı uşaqlar var, məhz bu gün onlar sənətdən kənarda qalıblar. Amma sənətdə olan insanlar var ki, ümumiyyətlə, onların sənətə aidiyyatları yoxdur və sənəti sənətdən kənar qalanlar qədər sevmirlər. Baxın, elə bunlara bir əlac tapmaq lazımdır. Sənəti sevən, məncə, sənətin içərisində istər-istəməz olmalıdır. Yəqin ki, digərləri də can atırlar sənətdə olmağa, amma alınmır. Ancaq yenə təkrar edirəm, bunun bir yolu olmalıdır. Hətta deyərdim, bir imtahan keçirilməlidir. İki-üç ildən bir işə qəbulla bağlı imtahan keçirilsə, daha məqsədəuyğun olar. Necə ki, universitetə qəbul olmaq üçün qabiliyyət imtahanında keçirdik. Eyni qaydada da bir jüri yaradılsın və qeyd etdiyim imtahan mütləq şəkildə keçirilsin. Bəlkə, bu gün teatrda dırnaqarası fəaliyyət göstərən adam olacaq ki, o kənarda qalacaq? Amma elə bir gənc ola bilər ki, lap yetkin yaşda da biri- illərdir sənətə gələ bilmir, amma imtahan sayəsində sənətə gələ biləcək. Mütləq yoxlamaq lazımdır.

– Teatrda fəaliyyət göstərirsiniz. Bəzi aktyorlarımız narazılıqlar edir. Siz necə? Qazandığınız maaş sizi qane edirmi?

– Bizim aldığımız maaş, əslində, heç də az əmək haqqı deyil. Ümumi teatrdan qazandığımız məvacibi götürsək, teatrdan aldığımız maaş az deyil, normaldır. Amma siz soruşsaz ki, hamını qane edirmi? Təbii ki, bugünkü həyat tərzini, insanların yaşayış səviyyəsini, ümumi malların dəyərini qiymətini götürsək, əlbəttə, bu maaş insanlara yetmir. Bu isə aktyorların problemi deyil. Ümumi problemdir. Tək aktyorluqda yox, bütün sahələrdə maaş nisbətən azdır. Amma yenə də deyirəm, teatrların maaşı heç də az deyil, normaldır. Hətta maaşımız çox yaxşıdır. Lakin mənim düşüncəmə görə, yaxşı aktyor çox yaxşı yaşamalıdır. Sakit, rahat, dinc və ən azından xırda problemlərdən uzaq yaşamalıdır ki, roluna adaptasiya ola bilsin. Bizi bəzən müqayisə edirlər xarici aktyorlarla. Heç uzağa getməyim elə, Türk aktyorları ilə. Sən Türkiyədə yaşayan yaxşı aktyorun aldığı məvacib ilə, buradakı yaxşı aktyorların qazandığı məvacibi də müqayisə eləsən, onda görərsən ki, vəziyyət necədir. Qırx, əlli, hətta altmış qat bizdən daha çox qazanırlar. Əlbəttə ki, o insan ən azından evin kommunalının, gündəlik yaşayış üçün lazım olan qidaların, ərzaqların problemini çəkmir. O pulun 10-20 faizini ayırıb evə qoysa ki, mənimlə işiniz olmasın, mən işimdəyəm, ancaq işinə adaptasiya ola biləcək. Onlara evdən zəng etmirlər ki, çörək. ət qutardı. Və yaxud da, evdən zəng gəlmir ki, uşağın məktəbində pul yığırlar. Onlara zəng olunmur. Çünki onlar evə pulu artıqlaması ilə qoyurlar ki, bu büdcə ilə hərşeyi həll edərsiniz, mənimlə işiniz olmasın və nəticə etibarilə də bütünlükdə özünü verir işinə. Məsələ budur.

– Məsələn, hazırda bəzi bayağı mahnı ifa edən ifaçılar da sizdən daha çox qazanır…

– Səbəb dövranın və cəmiyyətin çox hissəsinin elə bayağı olmasındadır. Kim nəyi dinləyirsə, və yaxud da kim nə ilə qidalanırsa, elə odur. Bu gün siz mənə sual versəniz ki, özünüzə də şamil edirsiniz? Cavabım bu olar ki, bəli, əlbəttə, eləyirəm. Gəlin, açaq mənim telefonumun musiqi bölməsini və oradan mahnılara qulaq asaq. Bəli, mən nəyi dinləyirəmsə, elə oyam. Mən həmişə demişəm, bir insanın zövqünü müəyyən etmək istəyirsənsə, götür onun telefonunu və musiqi bölməsinə daxil ol.

– Bayağı mahnı dinləyənləri zövqsüz adlandırırsınız?

– Xeyr, zövqsüz demədim. Zövqü odur dedim. Bəlkə də, onlar üçün mən zövqsüzəm. Əgər onların tərəfindən baxanda dinlədiyim musiqilər və baxdığım filmlərlə zövqsüz görünürəmsə, mən onların baxdığı o zövqsüzlüyümlə fəxr edirəm. Onlar da özləriylə fəxr etsinlər. Məsələn, mən hər janrda musiqiyə qulaq asıram. Lakin bir-iki janrı çıxmaq şərti ilə. Axşam olanda beynimi sakitləşdirmək üçün caz janrında olan mahnılara üstünlük verirəm. Bizim retro mahnılarımıza çox qulaq asıram. Ümumiyyətlə, Azərbaycanın retro mahnılarını çox sevirəm. Tam başqa bir dünyaya daxil olmuş kimi hiss edirəm özümü. Klassik musiqilər, rep-rok dinləyirəm, təkcə ağır rokdan başqa. Yeri gəlmişkən, bu gün Azərbaycanda elə gözəl rok qrupları var ki, çox da xoşuma gəlirlər. Hətta “Dərviş qrupu” var- onlar necə gözəl ifa edirlər… Bizim köhnə mahnılarımızı improvizasiya ediblər və çox da əla alınıb. Bəli, mən fikirləşdim ki, deməli, janrın pisi yox imiş. Sadəcə, janrda ifa olunan mahnının zövqə uyğun olmayanı var imiş. Belə. Ümumilikdə qulaq asıram hər janrda mahnılara, amma çalışıram, içərisində bayağı sözlər olmasın. Hətta daha açıq desəm, çayxana sözləri…

– İnsanların teatra marağı çox deyil, sanki. Sizcə, hazırda teatra olan diqqətini necə artırmaq olar?

– Mən elə düşünürəm ki, şükür Allaha SSSR dağıldıqdan və Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra teatra maraq artıb. Bu gün bütün teatrların biletləri kifayət qədər satılır və insanların da tamaşalara olan marağı yetəri qədərdir. Amma bu marağı, dinamikanı itirməmək üçün, əsasən orta məktəblərdə mənasız şeylərə pul yığmaqdansa, elə teatr üçün pul yığsınlar və uşaqların diqqətini buraya yönəltsinlər. Teatr bir mədəniyyət ocağıdır. Mənim övladlarım mənim tamaşalarımı gəlib izlədikcə onlar orada gördükləri hadisələri tarix fənnində oxumamışdan öncə tamaşa vasitəsilə artıq bilirlər. Çünki tamaşada hərş eyi canlı izləyə bilirlər. Necə deyərlər, teatr ədəbiyyat və tarixin canlı ifadəsidir. Teatr vasitəsilə insanlarda kiçikdən böyüyə mədəniyyət formalaşır. Yəni, bir sözlə, bəzi qurumlar elə məktəblər də lazımsız və əsassız şeylərə pul yığmaqdansa, uşaqların diqqətini teatra yönəltsələr daha faydalı olar.

– Rəşad bəy, siz deyəsən, hüquqşünaslığı oxumusunuz əvvəlcə, hə? Sonra da imtina etmisiniz…

– Səbəb odur ki, demirəm mən özümü hüquqda görmürdüm, sadəcə, incəsənəti çox sevirdim deyə hüquqda görmək istəmirdim. Dördüncü-beşinci sinifdə oxuyanda, axşamlar evdən hazırlığa gedirəm adı ilə aktyorluq dərnəyinə qaçırdım. Bizimkilər də elə bilirdilər ki, dərsdən sonra əlavə hazırlıqda oluram. Və o vaxtlar hazırlıqlar da ödənişli deyildi. Evdə həqiqətən bilmirdilər ki, mən aktyorluq dərnəyinə gedirəm və dörd il də belə getmişəm. O qədər çox sevirdim oranı. Hətta aktyorluq dərnəyinə dərslərdən daha çox vaxt ayırırdım. Bir gün anam eşidəndə bir az narazılıq etdi. Düzdür, atam narazılıq etmədi, amma anam bir az da yox, elə xeyli narazı davrandı. Amma bugünkü gün biz anamla o günləri xatırlayıb, bəzi nüanslara çox gülürük. Mən isə anamın istəyini yerinə yetirmək üçün sənədlərimi hüquqa verdim və qəbul da oldum. İki il orada təhsil aldıqdan sonra, hələ də ürəyimin incəsənətdə olduğunu hiss etdim. Axır hərbi xidmətə getdim və qayıdandan sonra davam etmədim. Sənədlərimi topladım qabiliyyət və test imtahanından da keçdim. Beləcə, İncəsənət univseristetinə qəbul oldum. Atam da deyirdi ki, uşağın ürəyi haranı istəyirsə, qoy, ora da qəbul olsun. Bu gün mənə sual versəniz ki, peşmansınızmı? Bəlkə də, hansısa anda və ya çətinliyə düşəndə, bəli, ola bilər. Hirsli anımda deyə bilərəm ki, kaş hüquqa gedərdim, haqqsızlıq çox gördüm və.s. Bilirsiz, bu sahədən kənar qalaraq hansısa başqa bir sahədə nəailiyyət qazanıb, ürəyində həmişə buranın ağrısını çəkmək daha ağrılıdır, nəinki bu sahəyə gəlib, haqsızlıq görüb o ağrını çəkmək…

– Ananız indi tamaşalarınıza gəlib baxır?

– Anam, bu gün, bəli, mənim bu sənətdə olmağımdan çox razıdır. Hətta siz danışdırın anamı, o həmişə deyir ki, mən Rəşadla fəxr edirəm. Çünki o da görür ki, mən hər şeyi düzgün şəkildə edirəm və heç vaxt populyarlığın arxasınca qaçmamışam. Populyarlaşmağa qalanda, bu gün mən istəsəm, məşhurluğum birə on artar. Özünüz də bilirsiniz ki, indiki dövrdə populyar olmaq çətin bir şey deyil. İndi məşhurlaşmaq üçün daha çox ucuz hərəkətlər məqsədəuyğundur. Mən çox ucuz hərəkətlər etsəm, hamı deyəcək ki, bu nə iş görür, bu nə edir, bu hərəkəti bundan gözləməzdik. Amma eyni zamanda gündəmə də gələcəm və ən tələbatlı da adam olacam. Ancaq insanlar bu ucuz hərəkətlərlə gündəmə gəlməklə şəxsiyyətlərini də itirirlər. Mən isə bunu istəmirəm. Mən pilləni üç-üç, dörd-dörd tullanaraq çıxmaqdansa, yıxılıb ayağımı büdrətməkdənsə, bir-bir çıxmağı üstün tuturam.

– Sizi ilk dəfə görən insanlar bəzən öz adınızı da unudub “Nüsrət Kəsəmənlinin oğlu” deyə xitab edirlər. Narahat olmursunuz?

– Əlbəttə ki, çox xoş təəssürat yaradır. Bu, hətta mənim üçün çox böyük bir fəxrdir. Ona görə mənim üçün böyük bir fəxrdir ki, Nüsrət Kəsəmənli sağ ikən bu ad mənim üçün başqa bir fəxr idi, bu gün başqa bir fəxrdir. O vaxtlar o fəxr idi ki, mənim atamı tanıyırlar və mən onun oğluyam- bununla fəxr edirdim. Bu gün isə mənim atam həyatda yoxdur, amma insanlar mənə baxıb o Nüsrət Kəsəmənlinin oğludur deyir, şükür edirəm ki, atamı xatırladıram. Çünki atamın adını heç kəs boş yerə, yaxud da futbola baxanda xatırlamır. Mən müqəddəs bir sənətlə atamın adını xatırladıram. Və bu mənim üçün, yenə təkrar edirəm, çox böyük bir fəxrdir. Elə kaş sona qədər də məni atamla tanısınlar.

-Ümumiyyətlə, Nüsrət Kəsəmənli izi daşımaq sizin üçün nə ifadə edir?

-Nüsrət Kəsəmənli izi daşımaq, mənə görə Kəsəmənli olmaqdan daha çətindir. Sənət baxımından demirəm, şəxsiyyət olaraq bunu vurğulayıram. Çünki Nüsrət Kəsəmənli necə varsa, elə də yaşayıb, rahat və özünü təsdiq etmiş insan olub. Mən isə bu gün özüm özüm olmaqla yanaşı, suyu da üfürərək içirəm ki, hansısa səhvimdə adım Rəşad Kəsəmənli kimi yox, Nüsrət Kəsəmənlinin oğlu kimi hallanmasın. Mən onun adına xələl yetirməmək üçün iki qat artıq məsuliyyət daşıyıram. Ona görə belə yaşamaq daha çətindir və bacardığım qədər də çalışıram ki, onun adına xələl gəlməsin.

– Özünüz də şeir yazırsınız?

– Əlbəttə, irsən keçib. Birinci-ikinci siniflərdə oxuyanda artıq mən şeir yazırdım. Hətta 1982-ci illərdə qəzetlərdə də çap olunub. Amma mən heç vaxt atam yazır deyə mən də mütləq yazmalıyam düşüncəsində olmamışam. Və bunun da tərəfdarı deyiləm ki, hansısa ailədə ata bu vəzifənin, yaxud da peşənin sahibidir, bu sahədə uğur qazanır, mütləq ki, övlad da bunu davam etdirməlidir. Mütləq deyə bir şey yoxdur. Sadəcə, içimdən gəlib, başlamışam yazmağa.

– Rəşad bəy, aktyor olmasaydınız hansı sahə ilə məşöul olardınız?

– Hüquq oxusam da, böyük ehtimal cərrah olardım. Çünki mən elə bir insanam ki, kiməsə yaxşılıq edib qarşı tərəfin üzündə təbəssüm yaradanda ikiqat özüm də xoşbəxt oluram. Düzdür, təəssüflər olsun ki, bəzən cərrahların da əlində kimsə tələf olur, amma bu da cərrahların günahı deyil, onlar da əllərindən gələni edirlər. Burada əsas fakt tale və qismətin əvvəldən yazılmasıdır. Ona görə cərrahları da qınamaq olmaz. Bir sözlə, kiminsə həyatını xilas edib insanların üzündə o təbəssümü görmək baxımından, bəli, cərrah olmaq istəyərdim.

– Elə sənətkarlar var ki, teatrda faəliyyət göstərməyənləri yaxşı aktyor hesab etmirlər…

– Xeyr, mən belə deməzdim, amma eyni zamanda qeyd etmək istəyərdim ki, teatrın aktyorun inkişafına böyük təkanı var. Ancaq mənim zənnimcə, teatr aktyoru olmayanı yaxşı aktyor saymamaq da düzgün deyil. Doğrudur, elə aktyorlar var ki, hansısa seriallarda çox möhtəşəm oynuyurlar, amma teatrda eyni performansı göstərə bilmirlər. Və bu da çox təbii haldır. Onlara yaxşı aktyordur, lakin teatr aktyoru deyil demək daha düzgündür, nəinki aktyor hesab etməmək.

– Elə bir rolunuz olub ki siz onu canlandırarkən özünüzü itirəsiniz, bacarmayasınız hansısa səbəblərə görə?

– Heç vaxt elə bir rolum olmayıb. Qəribə haldır, mənim bəzi teatrdan dostlarım danışır ki, biz hələ də səhnəyə çıxanda ilk anda özümüzü itirir, təxmini beş dəqiqədən sonra toparlayırıq. Amma mən elə ilk səhnəyə çıxandan elə bir anım nə olub, nə də mən xatırlamıram. Halbuki mənim özünü səhnədə itirdiyini deyən həmkar dostlarım da tam peşəkarlardır. Oyunları da gözəldir, özləri də çox möhtəşəm aktyorlardır. Düşünürəm ki, bunun peşəkar olub-olmamaqla əlaqəsi yoxdur. Bəziləri isə bunu məsuliyyətə də bağlayırlar. Məncə, bu, məsuliyyətlə də əlaqəli deyil. Çünki mən işimə çox böyük məsuliyyətlə yanaşıram, amma məndə o həyəcan olmur.

– İndiyədək oynadığınız hansı rol sizi tam ifadə edə bilib?

– Nə film, nə serial, nə də teatrda belə bir rolum olmayıb.

– Bəs hansı obrazı canlandırmaq sizə həm çətin, həm də əyləncəli gəlib?

– Çox olub. Və o rollarımın hamısını çox sevmişəm. Ümumiyyətlə, mənim üçün oynadığım rolun böyüyü və ya kiçiyi olmayıb. Amma iki rolum mənə çox yaxındır oyun olaraq da, elə ümumi götürəndə də. Biri qırğız yazıçısı Çingiz Aytmatovun Ana Tarla tamaşasında oynadığım Suvankul rolu olub. Hətta Aynur xanım, siz də o tamaşada iştirak etmisiniz. O tamaşada birdən-birə insanın yaşlı dövrünə keçməsi cəmi iki dəqiqə vaxt alır. Pərdənin arxasına keçib paltarı sürətlə dəyişməlisən ki, iki dəqiqəlik mahnı bitənə kimi sən artıq başqa paltarda, fərqli qrimdə girirsən kulisin bu tərəfinə. Yəni bu rolda çətinlik ondan ibarət idi ki, həm içimdə iki dəqiqəyə bu qədər şeyin çatıb-çatmayacağının həyəcanı, həm də artıq fərqli, daha doğrusu, yaşlı xarakteri canlandırmağın məsuliyyəti var idi. Təsəvvür edin, şən bir obrazdan yaşlı, müdrik və ən əsası artıq övladlarını müharibəyə yola salan obraza keçid edirsən. O mənim üçün çox yaddaqalan və eyni zamanda sevdiyim obraz idi. Və biri də mənim üçün fərqliliyinə görə çox sevdiyim bizim dəyərli yazıçımız Elçinin Şekspir əsərində Stalin obrazı idi. Çünki mənim üçün ruhi xəstə rolunu oynamaq, əslində, asan bir şey deyil. Ya batacaqsan, ya qalxacaqsan-ortası olmur. Çünki dəlini həddindən artıq şişirtsən ucuz və gülünc görsənəcəksən. Gərək çox dəqiq oynayasan ki, yuxarı qalxasan. Ona görə də Stalin obrazı çox məsuliyyətli idi mənə görə. Və bu rolun xarakterində ani dəyişikliklər olurdu. Kədərdən ani gülüşə və ya əksinə…

– Övladlarınızın sizi tamaşaçı qismində izləməklərinin şahidi olmuşam. Yəqin, tək aktyor yox, səhnədən onlara ata kimi də baxmısınız, bu da məsuliyyəti artırır…

– Mən heç vaxt istər filmə, seriala çəkiləndə, istərsə də teatrda oynayanda tamaşaçını düşünməmişəm. Mənə görə tamaşaçını düşünmək düzgün deyil. Çünki tamaşaçını düşündüyün anda sənin beynin haçalanmış olur. Sənin fikrin ancaq obrazında olmalıdır. Adi bir nüansı qeyd edim- siz bu gün küçə boş olsa, tarqovunun o biri başına təkcə gedə bilərsiniz. Eyni yola isə əgər gəzən xanımdırsa, kişilər, yox kişidirsə, xanımlar düzülsün və ona baxsınlar. Sizcə, o tək gəzdiyi kimi rahat gedə bilərmi? İnsan heç kəs olmayanda daha rahat və sərbəst yeriyir. Çünki ətrafın diqqəti səndə olanda sən özünü itirirsən və beyninə müxtəlif suallar daxil olur- görəsən, niyə mənə baxırlar, mən yaxşı görsənirəmmi və.s. Beləliklə, sən o stiuasiyada özün olmaqdan çıxırsan. Və insanın yerişində diqqət pozuntusundan irəli gələrək itkinlik yaranır. Eynilə səhnədə olmaq da belə bir şeydir. Sən orada yalnız öz obrazına adaptasiya olmalısan. Düşünməlisən ki, səhnə obraz və partnyorların var, başqa heç kəs yoxdur. Tamaşaçıları düşündüyün anda beynin az da olsa öz obrazından uzaqlaşacaq. Ona görə də mən səhnədə olanda gözüm nə tamaşaçıları axtarmır, nə də ailə və övladlarımı. Bilirəm ki, onsuz da onlar oradadırlar. Mən səhnəyə çıxanda beynimi pərdənin arxasında qoyub gəlirəm. Səhnədə kiməmsə, o oluram. Amma səhnə bağlanıb yenidən açılanda baş əyməyə gəldiyim zaman onda Rəşad oluram və gözüm yaxınlarımı axtarır.

– Son olaraq, dünyanın ədalətsizlik üzərində qurulduğunu nəzərə alaraq bu sualı vermək istəyirəm. Sizə qarşı nankorluq edən insanlara-bura öz sahəniz də daxildir-münasibətiniz necədir?

– Ümumiyyətlə, haqsızlıq və nankorluq edən insanın mənə qarşı nə qədər doğma biri olduğuna bağlıdır münasibətim. Əgər tamamilə yad adam olsa, aqressiv insan olduğumu da nəzərə alsaq, mən onun yerindəcə çox kobud cavabını verib silərəm. Yəni keçmərəm müəyyən qədər hansısa səhvlərindən. Amma dost-tanışım və yaxud da günlərimi bir yerdə keçirdiyim insan olanda səbrlə davranıram. Səbrlə davranmağım isə hər şeyi keçməyim demək deyil. Sadəcə, səbrlə davranıram və hər şeyin öz zamanı, vaxtı var. Belə stiuasiyalarda emosiyalarım ikinci plana keçir. Sildiyim insanları da əsla və əsla bağışlamıram. Mən silirəm sözünü həyatımda üç dəfə işlədirəm. Əsla da geri dönüş ola bilməz. İstəyir dünya-aləm birləşsin, bitdi dedimsə, bitir. Silirəm sözünü ağzımdan bir dəfə çıxarıram və onu da düşünüb deyirəm. Demirəm mən çox önəmli bir şəxsiyyətəm. Özümə görə sadə bir insanam. Amma və lakin bu da mənim qanunlarımdır. Zənnimcə, bu, pis xasiyyət də deyil. Əksinə, çox düzgün xarakterdir. Bir anda silmirəm heç kimi, daha doğrusu, boş bir şeyə görə. Düzdür, elə insanlar var ki, silənə kimi onlara şans verirəm. Lakin ağzımdan sildim kəliməsi çıxırsa, deməli o şansa layiq hərəkət etməyib. Özümə qarşı da istəyirəm belə olsunlar. Əgər kiməsə qarşı səhvim böyükdürsə, məni silsinlər. Eyni zamanda qeyd etməliyəm ki, gördüyüm haqqsızlıqlar mənim insanlara güvənimi azaldaraq yenidən məni gücləndirir. Güvənin azalması isə ehtiyatı əldə daha çox saxlamaq deməkdir. Ehtiyatı saxlamaq isə səni daha da gücləndirir. Əgər sənin sipərin insanlara qarşı bir kərpicdən ibarət idisə, hər sənə nankorluq edən ora bir beton qoyub gedir. Və beləliklə də sədd başlayır qalınlaşmağa. O da qalınlaşdıqca, sənin nə qədər güvəninin azalmağını göstərir.

Aynur Ədil

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
icma.az

1Mənbələr