AZ

"Atamın mənimlə fəxr etməsini istəyirəm" - "Qarabağ"lı MÜSAHİB

Ötən həftə U-17 Liqasında 2024/2025-ci illər mövsümü başa çatdı.

Sezonu "Qarabağ" üçün uğurlu hesab etmək olar.

"Neftçi"dən bir xalı geri qalan ağdamlılar sezonu ikinci sırada tamamladı.

61 qolla “Qarabağ”ın futbolçusu Əli İbrahim ən məhsuldar oyunçu, komandanın digər üzvü Əli Qazibəyov isə mövsümün ən yaxşı oyunçusu adına layiq görüldü.

Elə sonuncu ilə müsahibəmiz də son mövsüm, öz çıxışı və gələcək planları ətrafında oldu.

- Daha bir mövsüm arxada qaldı. Bu sezonu "Qarabağ" üçün necə qiymətləndirirsən?

- Ağır mövsüm oldu. Ümumi götürəsi olsaq, düşünürəm ki, "Qarabağ" adına yaxşı bir sezonu arxada qoyduq.

- Nə kimi yadda qaldı mövsüm? Daha çox hansı xatirələrlə xatırlayacaqsınız?

- Yaddaşımda çox yaxşı qalacaq. Daha bir il təcrübə qazanmış olduq. Vacib oyunlarda yaşanan atmosfer hələ uzun müddət xatırlanacaq.

- Nəticələr üzərindən gedəsi olsaq komanda sezonu ikinci sırada bitirdi. Səncə, çempion olmağa nə mane oldu?

- Bəli, "Neftçi" çempion oldu. Amma aramızdakı 3 oyundan heç birində bizi məğlub edə bilmədilər. 2 oyunda qalib gəldik, 1 oyunda bərabərlik yaşandı. Sadəcə aşağı sırada qərarlaşan rəqiblərlə oyunda yersiz xallar itirdik. Nəticədə mövsümü ikinci sırada bitirdik.

- Amma fərdi olaraq yenə uğurlu ola bildin. Ardıcıl ikinci mövsüm çempionatın ən yaxşı oyunçusu seçildin...

- Komanda yoldaşlarıma təşəkkür edirəm. Onların dəstəyi sayəsində bunu əldə edirəm. Təbii ki, ən yaxşı oyunçu seçilmək mənə xoşdur. Digər tərəfdən məsuliyyətim artmış olur.

- Ardıcıl ikinci dəfə ən yaxşı seçilməyində hansı məqamı xüsusi qeyd edərdin?

- Ötən mövsüm ən yaxşı seçiləndə atam demişdi ki, arxayınlaşmaq olmaz. Yenidən eyni uğuru təkrarlamaq lazımdır. İnşallah, U-19 komandasında da buna nail olaram.

- Atandan söz düşmüşkən, bilirik ki, Elman Qazibəyov tanınmış idmançıdır. İdmançı ailəsində olmaq futbolçu karyerana necə təsir edir?

- Daim mənim arxamdadır. Heç bir oyunumu buraxmır. Oyunlarımda atamı görəndə özümü daha da yaxşı hiss edirəm və hər şey uğurlu alınır. Hər zaman mənimlə fəxr etməsini istəyirəm.

- Bu il iki gəncin - Amin Rzayev və Hikmət Cəbrayılzadə "Qarabağ"ın əsas komandasında meydana çıxdığını gördük. Yaxın gələcəkdə səni də əsas komandada görə bilərikmi? Ümumiyyətlə, əsas komandanın məşqlərinə dəvət edilirsən?

- Əsas komandada çıxış etmək əsas hədəflərimizdəndir. Gənclərin orada şans alması hamımızı motivasiya edir. Məşqlərdə iştirak edirəm. İnşallah, mənə də oyunlarda meydana çıxmaq qismət olar.

- Qarabağ Akademiyasında son iki mövsümdə ciddi yüksəliş hiss olunur. Bunu nə ilə bağlamaq olar?

- Bəli, nəticələrimiz yaxşılaşır. Məsələn, bizim komandaya Rəşad Sadiqov baş məşqçi gəldi. Onunla bir yerdə bu iki ildə komandamız həqiqətən də çox güclü futbol oynayır.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
13
sportinfo.az

1Mənbələr