AZ

PSV titulu inanılmaz şəkildə qorudu

Niderland çempionatının 2024/25 mövsümü ilk növbədə çempionluq yarışında rəqabətin son tura qədər qorunmasıyla yadda qaldı.

PSV titulu qorudu, özü də bunu inanılmaz şəkildə bacardı. Halbuki sona 5-6 tur qalmış “Ayaks”ın qızıl medallara sahib çıxacağı çoxlarında şübhə doğurmurdu.

Əzmkar eyndhovenlilər
2017/18 mövsümündə çempion olan PSV ardıcıl üç dəfə “Ayaks”ın, bir dəfə “Feyenoord”un kölgəsində qalandan sonra 2023/24 mövsümündə zirvəni ələ keçirə bilmişdi. Sanki 2-ci yerə “abunə olan” eyndhovenlilər, nəhayət, Peter Bosun sayəsində tilsimi qırmışdılar. Lakin “kəndlilər”in son mövsümdə titulu qorumaq şansı ikinci dövrədə turlar arxada qaldıqca azalırdı.

Doğrudu, PSV çempionata fırtına kimi başladı: zarafat deyil, ilk 10 turda xal itirməyən “qırmızı-ağlar” qızıl medalları boynundan çıxarmaq niyyətində olmadıqlarını göstərdilər. Bosun komandası bu oyunlarda 35 qol vurdu, qapısından isə 6 top buraxdı. Sonrakı turlarda “Ayaks”a (2:3) və “Herenven”ə (0:1) məğlubiyyətlər belə çempionun erediviziyadakı qüdrətinə şübhə yeri qoymamışdı. Ona görə ki, PSV ilk dövrəni əsas izləyicisi “Ayaks”dan 6 xal öndə başa vurmuşdu.

Amma eyndhovenlilər ikinci dövrədə bir sıra aparıcı oyunçularını zədə səbəbindən itirdikləri üçün liderliyi əldən verdilər. İş o yerə çatdı ki, +6 aprelin əvvəlində -9-a çevrildi! Çempionlar Liqasının (ÇL) 1/8 finalında “Arsenal”a 1:7, Niderland kubokunun yarımfinalında isə “Qou Ehed İqls”a 1:2 hesabıyla uduzaraq mübarizəni dayandıran Bosun komandası bütün diqqətini çempionata ayırmaqla inanılmazı bacardı. Son 10 turda 9 qələbə qazanan “qırmızı-ağlar” böyük əzmkarlıqları sayəsində ardıcıl ikinci mövsüm Niderland liqasının şəksiz lideri olduqlarını göstərdilər.

Komandanın aparıcı simalarına gəlincə, Malik Tillman ilə İsmael Saybarinin meydanın mərkəzindəki mükəmməl oyunu rəqiblərin müdafiəsini pərən-pərən saldı. Həlledici anlarda isə hücum xəttinin “qanadlar”ı sayılan Noa Lanq ilə İvan Perişiçin öldürücü zərbələri sözünü dedi.

“Kəndlilər”in oyununun əsas dirijoru isə yenə Lyuk de Yonq idi. O, əvvəlki mövsümdəki kimi (29 qol və 15 məhsuldar ötürmə) məhsuldar olmasa da, 14 qol və 11 assist ilə komandanın lideri funksiyasının öhdəsindən məharətlə gəldi.

“Ayaks” üçün faciəvi sonluq
“Mövsümün bədbəxti” nominasiyasının qalibi “Ayaks” oldu. Ölkənin 36 qat çempionu 2023/24 mövsümünü antirekordlarla başa vurmuş, erediviziyada 5-ci yeri tutaraq ardıcıl ikinci dəfə ÇL-ə vəsiqə qazana bilməmişdi. Niderlandın ən titullu komandası bu dəfə çempionata yaxşı başladı: “yəhudilər” 10-cu turdan sonra 23 xalla lider PSV-dən 7 xal geri qalırdılar. Françesko Fariolinin çalışdırdığı komanda əsasən praqmatik oyunu ilə seçilirdi. Ölkə nəhənginin çempionluğa iddia edə biləcəyi haqda fikirlər oktyabr-noyabr aralığında səslənməyə başladı. “Ayaks” ardıcıl iki matçda “Feyenoord”a səfərdə 2:0, PSV-yə evdə 3:2 hesabıyla qalib gəldi. Amsterdamlılar sonrakı yarım il ərzində yalnız 4 oyunda qələbə qazana bilmədilər. Taleyin gərdişindən, belə uğursuz seriya mövsümün son 5 turuna təsadüf etdi. Həqiqətən də, faciəvi sonluq oldu: Fariolinin komandası 31-33-cü turlarda “Utrext” (0:4), “Sparta” (1:1), “Neymegen” (0:3) və “Qroningen” (2:2) ilə keçirdiyi oyunlarda yalnız 2 xal qazana bildi. Nəticədə mövsümün sonluğu faciəvi alındı: 29-cu turda PSV-ni 9 (!) xal qabaqlayan “yəhudilər” erediviziyanı 2-ci yerdə başa vurdular. ÇL-ə qazanılan vəsiqə paytaxt klubu və dünyadakı milyonlarla azarkeşi üçün kiçik təsəlli oldu. Debüt mövsümündə çempionluğa çox yaxın olan italiyalı Farioli “Tvente” ilə son oyundakı qələbədən (2:0) sonra “Yohan Kroyff Arena”nı göz yaşlarıyla tərk etdi...

Ziddiyyətli “Feyenoord”
2022/23 mövsümünün qalibi olan “Feyenoord” növbəti mövsümdə Arne Slotun başçılığı altında yalnız ölkə kubokunu qazana bilmişdi. Slot “Liverpul”a yollanandan sonra rotterdamlıların əvvəlki yüksək mövqeyini bərpa etməsi üçün vaxta ehtiyacı olacağı məlum idi. Brian Priskenin komandası mövsümü olduqca ziddiyyətli axarda keçirdi. Zədə probleminə görə ilk turlardan çox xal itirən “Feye”nin ÇL-dəki çıxışı yetərincə uğurlu alındı.

“Mançester Siti” ilə oyunun gedişində üç topluq fərqi aradan qaldırması və “Bavariya”ya 3:0 hesabıyla qalib gəlməsi qitə arenasında geniş əks-səda doğurdu. Ancaq daxili yarışlardakı qeyri-qənaətbəxş nəticələr rəhbərliyi Priskeni istefaya göndərməyə vadar etdi. Maraqlıdı ki, komanda baş məşqçi ilə yanvarda aparıcı hücumçu Santyaqo Ximenesin gedişindən sonra ÇL-də daha bir qitə nəhənginə badalaq vurdu: 1/8 finala vəsiqə üçün “Milan”a qarşı keçirilən oyunların nəticəsi (1:0, 1:1) də uğurlu alındı. Robin van Persinin komandası növbəti mərhələdə elə Milan şəhərini təmsil edən “İnter”ə boyun əydi – 0:2, 1:2.

Qitə arenasında çıxışını başa vurması rotterdamlıların erediviziyaya köklənməsinə şərait yaratdı. “Feye”nin mövsümün həlledici mərhələsindəki nəticələri çox yaxşı oldu. Komanda “Utrext” ilə mübarizədə 3-cü yeri tutmaqla ÇL-ə vəsiqəyə olan iddiasını daha tez sübut etdi.
“Utrext” uzun müddət Avropanın ən nüfuzlu klub turnirinə can atdı. Ron Yansın komandası faydalı transferlərin də sayəsində ilk dövrəni 3-cü yerdə başa vurdu. “Qırmızı-ağlar” ikinci dövrəni də yaxşı keçirdilər. Lakin sonda “Feyenoord”dan 4 xal az toplamaqla Avropa Liqasına (AL) yollandılar.

“Qou Ehed İqls” bu dəfə AL-də!
“Alkmaar”Niderlandı yeni mövsümdə Konfrans Liqasında (KL) təmsil edəcək. Maarten Martensin komandası bu turnirə vəsiqə uğrunda mübarizədə “Neymegen”, “Herenven” və “Tvente”nin də iştirak etdiyi pley-off oyunlarının qalibi oldu.

Əvvəlki mövsümdə bu şəkildə KL-ə vəsiqə qazanan “Qou Ehed İqls” isə bu dəfə AL-də oynayacaq. Paul Simonisin çalışdırdığı komanda finalda “Alkmaar”a üstün gələrək ölkə kubokuna sahib çıxdı.

Seçilən
20
1
football-plus.az

2Mənbələr