AZ

MAQATE və ÜST nüvə hücumlarının nəticələrindən narahatdır

BAKI, TurkicWorld

İsrailin İranın nüvə obyektlərinə endirdiyi hava zərbələri regionda nüvə çirklənməsi və sağlamlıq risklərinə dair narahatlıqları gücləndirib. İran və İsrail arasında gərginliyin artdığı bir vaxtda baş verən bu hücumların ciddi ekoloji və tibbi nəticələr doğura biləcəyi xəbərdarlığı edilir.

TurkicWorld xəbər verir ki, BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) hələlik radiasiya sızıntısına dair heç bir sübut qeydə almadığını bildirsə də, agentliyin rəhbəri Rafael Mariano Qrossi qeyd edib ki, İranın Natanz nüvə obyektində həm radioloji, həm də kimyəvi çirklənmə izləri müşahidə oluna bilər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus da bu məsələ ilə bağlı narahatlığını ifadə edib.

"Nüvə obyektlərinin hədəfə alınması həm bölgənin ətraf mühitinə, həm də insanların sağlamlığına qısa və uzunmüddətli təsirlər göstərə bilər"- deyə o bildirib.

İsrailin hədəf aldığı əsas obyektlər – Natanz, İsfahan və Fordo – İranın nüvə proqramının əsas tərkib hissələri hesab olunur. Hücumlar nəticəsində Natanzdakı yerüstü obyektlərin tamamilə dağıdıldığı, yeraltı santrifüj qurğularının isə ciddi zərər gördüyü qeyd edilir. MAQATE bildirir ki, İsfahan obyektində də uran çevirmə qurğuları da daxil olmaqla dörd binaya ziyan dəyib, lakin radiasiya səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Fordo nüvə obyekt dağların dərinliyində yerləşməsi səbəbindən ətraf ərazilərə radiasiya yayılma riskinin aşağı olduğunu desələr də, yeraltı suların çirklənməsi təhlükəsini istisna etmirlər.

Ekspertlər İranın MAQATE ilə əməkdaşlıq etməsinin vacibliyini vurğulayırlar. Çernobılda olduğu kimi, radiasiyanın idarəsi üçün beynəlxalq dəstəyin kritik olduğu qeyd olunur.

Hazırda hücumların regionda və dünyada yaratdığı qeyri-müəyyənlik davam edir və sağlamlıqla bağlı fəsadların yaranmaması üçün vəziyyətin diqqətlə izlənildiyi bildirilir.

Seçilən
34
turkic.world

1Mənbələr