“ABŞ-nin “Midnight Hammer əməliyyatı” İranın nüvə obyektlərini məhv etmək məqsədi daşıyan mürəkkəb missiya idi”.
Oxu.Az RBK-ya istinadla xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinin başçısı general-leytenant Den Keyn bildirib.
O, bunun yalnız bir neçə nəfərin bildiyi tam məxfi missiya olduğunu söyləyib:
“İyunun 20-si gecə yarısından iyunun 21-i səhər saatlarınadək “B-2” bombardmançı qrupu ABŞ-nin materik ərazisindən havaya qalxıb. Yayındırıcı manevr qismində onların bir hissəsi Qərbə və Sakit okeana göndərilib.
Yeddi “B-2” bombardmançısından ibarət əsas zərbə qrupu sakitcə şərqə yönəlib. 18 saatlıq uçuş zamanı havada bir neçə dəfə yanacaq doldurulması həyata keçirilib.
İyunun 21-i axşam zərbə qrupu İrana girməzdən bir müddət əvvəl ABŞ-nin sualtı qayığı yerüstü hədəfləri vurmaq məqsədilə İsfahandakı əsas yerüstü infrastruktura iyirmidən çox “Tomahawk” qanadlı raketi atıb. Zərbə qrupu daha sonra qırıcıların qoruması altında İranın hava məkanına daxil olub.
Şərq vaxtı ilə təxminən saat 18:40-da və İran vaxtı ilə saat 02:10-da qabaqcıl “B-2” bombardmançısı Fordoya iki ədəd “GBU-57″ bombası atıb. Qalan təyyarələr daha iki nüvə obyektinə – Natanz və İsfahana cəmi 14 bomba atıblar”.
Onun sözlərinə görə, ABŞ İrana zərbələr endirərkən ümumilikdə 75 yüksəkdəqiqlikli döyüş sursatından istifadə edib:
“Bunlardan 14-ü “GBU-57” bombasıdır. Həmin bombalar döyüş şəraitində ilk dəfə tətbiq olunur, onların atılması üçün “B2 Spirit” bombardmançısından istifadə edilib”.