AZ

Amerikanın İrana müdaxiləsi Qafqaz ölkələri üçün bir fürsət kimi dəyərləndirilməlidir

Xatırlayırsınızsa, yanvar ayında Rusiya İranla strateji tərəfdaşlıq sazişi imzalamışdı. Bəs nə oldu? İndi niyə strateji tərəfdaşı olan Rusiya dostu İranı bombardman edən İsrailin qarşısında susur? Çünki avtoritar rejimlərdə sadəcə qorxu var – nə Azadlıq var, nə insan haqları, nə təhsil, nə elm, nə texnologiya nə də iddia edilən “güc”.

 

 

Saydığım bütün tələblər olmazsa toplumlar faciə yaşayar. İnsan hüquqlarına hörmət edilmədiyi bir yerdə insan azadlığı problemi üzə çıxır. Azad olmayan cəmiyyətlərdə isə inkişaf ola bilməz, təhsil və elm inkişaf edə bilməz. Elmin, təhsilin olmadığı bir cəmiyyət isə hər mənada məhvə məhkumdur. Necə ki, İran bu gün gözümüzün önündə bu prosesi yaşayır.

 

 

 

Amma bu “yox”ları xalqların anlaması və qorxunun yaratdığı bədbəxtliklərdən qurtulması üçün bəzən bu kimi müharibələr katalizator rolunu oynayır.

 

 

Ümumilikdə isə bölgədəki gərginliyin əsas səbəbkarlarının gücsüzləşdirilməsi üçün həm Rusiyada, həm də İranda rejim dəyişikliyi ən vacib məsələdir. Rusiyada bu hələlik çətin görünsə də, İranda artıq proses başa çatmaq üzrədir.

 

 

Lakin məsələ təkcə bizim bölgədə – yəni Cənubi Qafqazda – sülh və sabitliklə həll olunmur. Cənubi Qafqaz deyəndə eyni zamanda Böyük Yaxın Şərq də nəzərdə tutulmalıdır. Böyük Yaxın Şərq deyəndə isə bu, az qala bütün dünyaya təsir edən geosiyasi bölgəni əhatə edir.

 

 

Ona görə də Böyük Yaxın Şərqdə sülh və sabitlik üçün bu bölgənin “dəcəl uşağı” olan İsraildə də rejim dəyişikliyi zəruridir və artıq qaçılmaz bir mərhələyə daxil olmuşdur.

 

 

Xamenei və Netanyahu rejimlərinin devrilməsi bütün bölgəyə sabitlik gətirəcəkdir.

 

 

Bizim isə bu həssas məqamda edə biləcəyimiz əsas iş – Fars və Rus şovinizminin aqressiyası fonunda yaranacaq təhdidlərə qarşı Türk millətçiliyinin təbliği və yayılmasıdır. İranın və Rusiyanın dayanmayan aqressiyası qarşısında bir qalxan rolunu oynaya biləcək ideoloji mühit formalaşdırılmalıdır.

 

 

 

Biz artıq yeni siyasi konfiqurasiyada ehtiyatlı deyil, hazırlıqlı siyasət yürütməliyik. Qonşuyla düşmən ola bilmərik, amma qonşu dost olmaq istəmirsə, tədbiri əldən vermək olmaz.
Qısacası Ölkədə milliyətçi proqrama malik siyasi institutların fəaliyyəti gücləndirilməlidir.

 

 

ANAR ƏSƏDLİ

Seçilən
11
busaat.az

1Mənbələr