Düzdü, Türkiyə çempionunun başqan vəkili Abdulla Kavukçu ünlü futbolçu ilə bağlı çıxan xəbərləri təkzib edib. Amma Türkiyə mətbuatından tamam fərqli iddialar gəlir.
''Fanatik'' nəşrinin xəbərinə görə Gündoğan ''Cim-Bom''a gəlməyə razılıq verib və tərəflər arasında ''2+1'' illik anlaşma əldə olunub. İndi qalır yalnız klublar arasında anlaşmanın əldə olunması. Çünki təcrübəli futbolçunun ''Siti'' ilə hələ birillik müqaviləsi var.
Məsələ o qədər ciddiləşib ki, Xosep Qvardiola da bu mövzu haqda danışmalı olub. Klublararası Dünya Çempionatında ''Siti''nin ''Əl-Əyn''ə qarşı keçirəcəyi oyundan öncə təşkil olunan mətbuat konfransında ünlü mütəxəssis Gündoğanın ''Qalatasaray''la anlaşıb-anlaşmaması barədə suala belə cavab verib:
''Bu mövzu haqda sizə heç nə deyə bilməyəcəm. Çünki heç nədən məlumatım yoxdu. İlkayın özü ilə də bu haqda danışmamışam. Hər halda o, bu komandanın bir parçası olmasaydı, bizimlə birlikdə bu turnirdə iştirak etməzdi. Daha öncə söyləmişdim ki, yeni mövsümdə heyətin çox geniş olmasını istəmirəm. Hələ ki, heyətimiz genişdi. Amma 26-27 futbolçu ilə yola davam edə bilmərik. Çünki belə olan halda oynamayan futbolçuların sayı çox olur. Çox güman, pillə-pillə bəzi oyunçular ayrılacaq. Amma gündəm İlkaydısa, o hazırda mənim və komandanın planları arasında yer alır''.
Xatırladaq ki, 34 yaşlı futbolçu birillik ''Barselona'' macərasının ardından ötən yay ''Siti''yə qayıtdı. O, geridə qoyduğumuz mövsümdə 51 rəsmi oyunda iştirak edərək aktivinə 3 qol, 7 məhsuldar ötürmə yazdı.