AZ

Aclıqla mübarizə üçün trilyonlarla vəsaitə ehtiyac var

BAKI, TurkicWorld

Dünyada 700 milyondan çox insan aclıqla üz-üzədir.

TurkicWorld xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Orta Asiya üzrə Alt Regional Koordinatoru və Türkiyə nümayəndəsi Viorel Qutu dünyada ərzaq təhlükəsizliyinin vəziyyətinə dair narahatedici statistika açıqlayıb.

Onun sözlərinə görə, bu gün dünyada 700 milyondan çox insan aclıqla mübarizə aparır və təxminən 3 milyard insan sağlam qidalanma üçün kifayət qədər maliyyə imkanına malik deyil.

FAO-nun “Dünyada Qida Təhlükəsizliyi və Qidalanmanın Durumu” adlı son hesabatına əsasən, 2023-cü ildə dünya əhalisinin 28,9 faizi – təxminən 2,3 milyard insan – orta və ya yüksək səviyyədə qida çatışmazlığı ilə üzləşib. Proqnozlara görə, 2030-cu ilə qədər bu rəqəm 582 milyona çata bilər.

FAO rəsmisi bildirib ki, əslində dünya əhalisini doyuracaq qədər qida istehsal olunur. Lakin istehsal, saxlama, daşınma və istehlak mərhələlərində qidanın üçdə biri itirilir və ya israf olunur. Bu səbəbdən qidanın yalnız qida məhsulu deyil, həm də torpaq, su və biomüxtəliflik kimi məhdud resursların məhsulu kimi dəyərləndirilməsinin vacibliyinə diqqət çəkilib.

Qutu bildirib ki, FAO region ölkələrini daha qənaətcil su idarəçiliyinə və ərzaq texnologiyalarının inkişafına yönəlməyə çağırır. “2050-ci ildə dünya əhalisinin 10 milyarda çatacağı gözlənilir. Bu qədər insanı eyni resurslarla doyura bilmək üçün fərqli və səmərəli yanaşmalar tətbiq olunmalıdır”, – deyə o qeyd edib.

İnflyasiya ilə bağlı Dünya Bankının iyun ayında açıqladığı məlumatlarda isə ərzaq qiymətlərinin aşağı və orta gəlirli ölkələrdə ciddi şəkildə artmaqda davam etdiyi vurğulanıb. 161 ölkədən toplanmış məlumatlara əsasən, bu ölkələrin 60 faizində ərzaq qiymətləri ümumi inflyasiya səviyyəsini üstələyir.

Viorel Qutu ərzaq qiymətləri ilə bağlı aparılan müzakirələrdə yalnız istehlakçıların deyil, həm də istehsalçıların mövqeyinin nəzərə alınmalı olduğunu bildirib: “Əgər ərzaq ucuz olarsa, istehsalçılar bu sahədən uzaqlaşar. Bu isə kənd yerlərində yoxsulluğu və tənəzzülü dərinləşdirə bilər”.

Türkiyənin kənd təsərrüfatı sahəsində rolunu yüksək qiymətləndirən Qutu, ölkənin regional lider olduğunu vurğulayıb və FAO-Türkiyə əməkdaşlıq proqramları çərçivəsində bu təcrübənin ehtiyacı olan digər ölkələrə ötürülməsi istiqamətində işlər görüldüyünü bildirib.

Seçilən
7
turkic.world

1Mənbələr