Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov banqladeşli həmkarı Touhid Hossain ilə görüşüb.
Bu barədə Sherg.az-a nazirlikdən məlumat verilib.
Görüş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclası çərçivəsində keçirilib.
Tərəflər Azərbaycan və Banqladeş arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin və qurumlararası əməkdaşlığın, habelə siyasi məsləhətləşmə mexanizminin əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıblar.
Ətraflı
Tərəflər ticarət, təhsil və rəqəmsal idarəetmə sahələrində əməkdaşlığın genişləndirilməsi, diplomatik və xidməti passport sahiblərinin vizadan azad edilməsi imkanlarını müzakirə ediblər. Hər iki tərəf aidiyyəti dövlət qurumları arasında təmasların gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Diplomatlar Azərbaycan ilə Banqladeş arasında əlaqələrin daha da dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin araşdırılması istiqamətində səylərin davam etdiriləcəyini bildiriblər.
Görüşdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi vurğulanıb.
Həmçinin regional və beynəlxalq gündəmdə olan məsələlər müzakirə olunub.