AZ

ABŞ diplomatik prosesə ağır zərbə vurub - Araqçi

BAKI, TurkicWorld

İranın xarici işlər naziri Seyid Abbas Araqçi bildirib ki, ABŞ-nin son hərbi addımı İranın nüvə proqramı ilə bağlı davam edən diplomatik prosesi ciddi şəkildə pozub.

TurkicWorld-un məlumatına görə, İstanbulda keçirilən mətbuat konfransında çıxış edən Araqçi qeyd edib ki, Tehran ABŞ ilə dolayı yolla danışıqları davam etdirdiyi bir vaxtda İranın nüvə obyektlərinə hücum edilməsi, Vaşinqtonun dialoq yolundan çəkildiyini və İsrailin hərbi addımlarına dəstək verdiyini göstərir.

“Bu, qarşı tərəfin diplomatiyadan yox, yalnız təhdid və güc dilindən anladığını sübut edir. Belə yanaşma isə dünya üçün son dərəcə təhlükəli və nigaranedici strategiyadır”, – deyə İranlı nazir vurğulayıb.

Araqçi əlavə edib ki, ABŞ tərəfindən həyata keçirilən bu hücum, əslində, yalnız İranı deyil, BMT Nizamnaməsini və beynəlxalq hüququ da hədəf alır.

Qeyd edək ki, 13 iyun səhəri İsrail İranın müxtəlif hərbi və strateji obyektlərinə hava zərbələri endirib. Nəticədə bir sıra yüksək rütbəli hərbçilər, generallar, nüvə alimləri və digər rəsmi şəxslər həlak olub.

Elə həmin gün axşam saatlarında İran “Doğru Vəd III” adlı genişmiqyaslı hərbi əməliyyata start verib. Əməliyyat çərçivəsində Tel-Əviv daxil olmaqla İsrailin müxtəlif şəhərlərinə yüzlərlə ballistik raket və pilotsuz uçuş aparatı göndərilib. Hücumlar nəticəsində mülki itkilər və ciddi infrastruktur dağıntıları baş verib.

Bundan əlavə, ötən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektinə hava zərbələri endirib. Zərbələr nəticəsində obyektlərin ciddi şəkildə zədələndiyi bildirilir.

Seçilən
13
turkic.world

1Mənbələr