AZ

İranda internet – senzuraya baxmayaraq var

İran hakimiyyəti “Qərb casusluğu vasitəsi” kimi gördükləri interneti kəsib. Lakin İsrail və İran arasında gərginliyin artdığı bir vaxtda internet iranlıların bir-biri ilə ünsiyyət qurması üçün həyati əhəmiyyət kəsb edir.

İranın bir çox yerlərində internet ciddi şəkildə yavaşlayıb və ya tamamilə kəsilib. İyunun 17-dən İranda insanlarla xarici dünya arasında ünsiyyət xeyli çətinləşib. Mobil telefonlardan və şəhər telefonlarından birbaşa zənglərdə də problemlər yaşanır.

İyunun 13-də İsrail ordusu ölkənin nüvə proqramını tamamilə aradan qaldırmaq məqsədi ilə İrana qarşı hərtərəfli hücuma başlayıb. İran İsrailin bir neçə şəhərini hədəfə alan raket zərbələri ilə cavab verib.

Müxtəlif internet platformalarında İranda bombaların vurduğu əraziləri əks etdirən çoxsaylı həvəskar videolar paylaşılır. Mövcud vəziyyəti “müharibə vəziyyəti” kimi xarakterizə edən iranlı istifadəçilər hakimiyyətin təhlükəsizliklə bağlı xəbərdarlıqlarına o qədər də əhəmiyyət vermirlər. Ölkədə sığınacaq və ya erkən xəbərdarlıq sistemi yoxdur. Çoxlu sayda insanın paytaxt Tehranı tərk etdiyi bildirilir.

İyunun 18-sə səhər saatlarında sənədli rəssam və fotoqraf Puria Nuri sosial mediada yazdığı paylaşımda “Mən hələ də şəhərdəyəm”, – deyib. İnternet bağlantısının zəif olduğunu və hər zaman işləmədiyini qeyd edən Nuri hazırkı vəziyyəti belə yekunlaşdırıb: “Tam müharibəni xatırladan bir vəziyyətdə yaşayırıq. Şəhərdə hələ də çoxlu yaşlı və əlil var. Cənubdakı kasıb məhəllələrdə də işə getməli olan çoxlu insan var. Partlayışların səsi gecə və gündüz şəhərin dibində əks-səda verir. Hədəfə alınan hərbi obyeklərin və mülki itkilərin sayı durmadan artır”.

Kibertəhlükəsizlik və rəqəmsal hüquqlar üzrə ekspert Əmir Rəşidi bildirib ki, İranda insanlarla əlaqə saxlamaq çətindir: “İnterneti düşmən adlandırılıb və ona nəzarət etmək istəyən İranın təhlükəsizlik aparatı tərəfindən ləngidilir. Rejim interneti ​​”Qərbin casus aləti” kimi qələmə verir. Amma xüsusilə indi internet hər kəslə ölkədə ünsiyyət və insanlarla əlaqə saxlamaq üçün böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, ictimaiyyətin mövcud şəraitdə nələrə diqqət etməli olduğu barədə məlumatlı olmaq üçün sürətli internetə ehtiyacı var”.

***

Rəqəmsal sferada hüquqları və vətəndaş cəmiyyətini qorumaq üçün illərdir çalışan Rəşidi internetin İranda insanlar üçün əhəmiyyətinə və onun təqdim etdiyi imkanlara diqqət çəkir: “İranda bəzi təşəbbüslərin öz xidmətlərini pulsuz təqdim etməyə başladığını görürük. Məsələn, onlar paytaxt Tehrandan kənarda ev axtarışları və ya VPN-ə giriş haqqında məlumat paylaşırlar ki, başqaları xəbərləri oxusun”.

Fotoqraf və səyahət yazıçısı Peyman Yəzdani kimi “X” platformasında hələ də fəal olan azsaylı internet istifadəçiləri müxtəlif yollarla kömək etməyə çalışırlar: “Əgər siz xaricdə yaşayırsınızsa və valideynləriniz Tehrandadırsa, onların əsas ehtiyaclarını ödəmək və ya görmək lazımdırsa, bizə birbaşa mesaj göndərin. Alış-veriş və ya ziyarətlərin öhdəsindən biz gələ bilərik.”

Digər bir qrup fəal isə paytaxtı tərk etmək istəyənlər üçün səyahət təşkil etməyə çalışır. Bəzi həkimlər “İnstagram”da telefon nömrələrini paylaşaraq, tibbi məsləhətlər, reseptlər və ya Tehranda hansı apteklərdə müəyyən dərmanların olması barədə məlumat verirlər.

Yanğınsöndürənlər polis məntəqələrində çəkdikləri fotoları paylaşaraq və “Biz buradayıq!” mesajı göndərməklə xalqın inamını və ümidini yaşatmağa çalışırlar.

İndiyədək küçələrdə qarət və ya xaotik səhnələrin görüntüləri yayılmayıb.

İnternetdə çoxlu dezinformasiyalar da var. Məsələn, “WhatsApp” və ya “İnstagram” kimi proqramların İsrail tərəfindən idarə edildiyi və ya “Starlink”dən istifadəni təmin edəcək zərərsiz görünən proqramların endirilməsinin təşviq edildiyi iddia edilir. Rəşidi bu cür tətbiqlərin əsl məqsədi ilə bağlı xəbərdarlıq edir: ““Starlink”dən istifadə etmək istəyənlərin internet şəbəkəsinə qoşulması üçün peyk antennasına ehtiyacı var. Hazırda platformalarda yayılan və yüklənməyə təşviq edilən zərərsiz proqramlar istifadəçilərə casusluq etmək üçün istifadə oluna biləcək təhlükəli alətlər ola bilər”.

 

Rejim üçün görünməmiş sınaq

 

İran əsilli politoloq Hüseyn Kermani deyib: “Təhlükəsizlik xidmətlərinin nöqteyi-nəzərindən İrandakı mövcud vəziyyət və rəqəmsal mühit, ümummilli etirazlar kimi keçmiş böhran vəziyyətləri ilə müqayisə oluna bilməz”.

Kermani rəqəmsal məkanlarda siyasi ünsiyyəti və avtoritar kontekstlərdə kompüterlə təbliğatı araşdırır. 2025-ci ildə nəşr olunan “İranda Twitter Aktivizmi” adlı kitabında o, İran kimi avtoritar dövlətlərdə sosial mediadan istifadə nümunələrini təhlil edir.

Kermani hazırkı vəziyyəti belə təhlil edir: “Etiraz kimi hadisələrin daxili xarakter daşıdığı keçmişdən fərqli olaraq, biz indi transmilli böhranla üz-üzəyik. Ölkə xarici düşmənlə mübarizə aparır. Bu, təhlükəsizlik aparatı üçün tamam başqa vəziyyətdir. Artıq öz xalqını nəzarətdə saxlamaq deyil, xarici düşmənlə birbaşa münaqişədir. Lakin onun xarici münaqişə ilə məşğul olmaq təcrübəsi yoxdur və görünür ki, təhlükəsizlik aparatı hələ də şokdadır”.

İnternetdə İran İslam Respublikasının dini və siyasi liderləri və digər rəsmi şəxslərinin ölkəni tərk etməsi ilə bağlı çoxlu təsdiq olunmayan məlumatlar yayılır. Eyni zamanda rejimə sadiq olanların hazırladığı təbliğat videoları da sürətlə yayılır. Bu videolar İsrail ordusunun intensiv hücumlarını azaltmağa çalışır. Bu videolardakı əsas fiqurlardan biri də sui-qəsd nəzəriyyələri və sərt əxlaqi tələbləri ilə tanınan rejimin ideyaçısı məşhur Əli Əkbər Raefipurdur.

Politoloq Hüseyn Kermani sözügedən təbliğat videolarını belə şərh edir: “Bu videoların hədəf auditoriyası siyasi sistemə bağlı olan və mənəvi mövqeyini gücləndirmək məqsədi daşıyanlardır. Fars-molla rejimi öz gücü ilə bağlı qəsdən yalan məlumatlar yayır ki, onları psixoloji manipulyasiya etmək və cəmiyyətdən onlara olan inamı saxlamaq məqsədi daşısın”.

Seçilən
14
vaxt.az

1Mənbələr