AZ

Bütün universitetlər müəllimə 7-8 min manat maaş verə bilməz? - Niyə?...


İlqar Orucov: “Müəllimlərə 7-8 min manat maaş verilməsini gələcəkdə görmək mümkün olacaq

UNEC-in rektoru Ədalət Muradov universitetin 95 illik yubileyi münasibətilə keçirilən tədbirdə deyib ki, bu gün UNEC-də müəllimlərin 7-8 min manat maaş alması realdır.

O vurğulayıb ki, ali təhsil müəssisəsinin ən böyük hədəfi dünyanın ən yaxşı 500 univeristeti siyahısına düşməkdir: “Universitetdə rəqabət mühiti yarada bilmişik. Müəllimlərin maaşı differensial qayda ilə hesablanaraq ödənilir. Bunu da müəllimlərin reytinqi sistemi əsasında müəyyən edirik. Bununla bağlı xüsusi proqram təminatımız var. Reytinqdə ilk onluqda olan müəllimlərin əmək haqqı 2 dəfə, 11-dən 30-a qədər yer tutanların 70 faizi qədər artırıla bilir. Bu gün universitetdə reytinqdə yer alan müəllimlərin 7-8 min manat maaş alması realdır. Biz müəllimlərin rəqabətini stimullaşdırmaq üçün onlar arasında tədqiqatçı statusunu tətbiq etməyə başladıq. Bizim özəlliyimiz ondadır ki, regionda ilk dəfə rəqəmsal univerisitet modelini reallaşdıra bildik”.

Bu UNEC-də necə reallaşdırıla bilir? Nəyin hesabına edə biliblər? Bu hansı şəkildə mümkün olar? Başqa universitetlərdə vəziyyət necədir?

Bütün universitetlər müəllimə 7-8 min manat maaş verə bilməzmi? Bu təcrübəni başqa universitetlər tətbiq edə bilməzlərmi?

“Ucdantutma hamıya bu qədər…”

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, UNEC rəhbərinin açıqlaması ilə tanışdır və müasir universitet quruculuğu istiqamətində Ədalət Muradovun gerçəkdən də böyük əməyi bizi artıq öz milli universitetimizlə öyünməyə gətirib çıxarıb: “Yaxınlarda UNEC-in 95 illik yubileyi ilə əlaqədar keçirilən konfransda mən də iştirak etdim, rektorun təqdimatını da dinlədim. Həqiqətən də UNEC yaxın perspektivdə Azərbaycan universitetləri içərisində özünü təhsilin səviyyəsi, universitetdə tədqiqat mühitinin varlığı ilə göstərəcək. Çünki bu universitetin hədəfləri var və rektor qeyd etdi ki, cənab Prezident məni bu vəzifəyə təyin edərkən mənə tapşırıqları olub ki, UNEC dünya səviyyəli universitet olsun. Həqiqətən də orda çox gözəl universitet mühiti qurulub və bu həmçinin universitet əməkdaşlarına yönəlik sosial qayğıların qarşılanmasında da özünü göstərməkdədir. Ədalət müəllim qeyd edir ki, UNEC-də müəllimlərin 7-8 min manat maaş alması realdır. Əslində, biz UNEC-in timsalında hər il maaşların artırılmasını görürük. Eyni zamanda o universitetinin infrastrukturu yenilənir. Bunlar hamısı təbii ki, sevindiricidir. Bizim digər universitetlərimizdə də bu istiqamətdə işlər görülür, amma gerçəkdən UNEC burda öz fərqini göstərməkdədir. Çünki əzm var, iradə var, sağlam kollektiv var, eyni zamanda hədəflər düzgün müəyyənləşib. Universitetlərdə əməkdaşların əməkhaqqının yüksəldilməsi və eyni zamanda diferensional yanaşmanın tətbiqi çox önəmlidir. Bu eyni zamanda əməkdaşların daha yaxşı işləməyə sövq edir. Əlbəttə, bütün universitetlər üçün bu imkanlar yoxdur. Məsələn, elə universitetlər var ki, onların birbaşa sənaye ilə işləmək imkanları yoxdur, biznes mühiti ilə əlaqə qurmaq imkanları zəifdir. Hər zaman qeyd edirəm, universitet yalnız və yalnız tələbə ödənişləri hesabına öz büdcəsini formalaşdırmalı deyil, universitet sənaye ilə sıx işləməlidir, biznes əlaqələri qurmalıdır, eyni zamanda iqtisadiyyata töhfə verməlidir, sifarişlər götürməlidir, o sifarişləri icra edə bilməlidir, həmçinin yerli və beynəlxalq qrant layihələrində iştirak etməlidir. Belə olacaqsa, əlbəttə, universitetlərə əlavə maliyyə axını olacaq. Əlavə maliyyə imkanlarını həm də düzgün idarə etmək çox önəmlidir. Biz sizinlə keçən söhbətlərimizdə bir neçə dəfə universitetlərimizdə maliyyənin səmərəsiz xərcləndiyini qeyd etmişik. Fikrim ondan ibarətdir ki, universitetlərdə zahiri, kosmetik işlərə son qoymaq lazımdır.

Mən Avropanın çox yaxşı universitetlərində olmuşam, görürsən ki, universitet binaları köhnə binalardır, infrastrukturu yeniləmək üçün böyük pulları ora sərf etməyə və həmin böyük pulları silməyə ehtiyac yoxdur. Bizdə isə yay tətili başlayan kimi universitet binalarının üzünü qaşımağa, universitetin pullarını bu cür lazımsız şeylərə sərf etməyə başlayırlar. Universitetlərin özlərinin maliyyə strategiyası çox düzgün qurulmalıdır”.

İ.Orucov qeyd etdi ki, universitet idarəetməsi çox spesifikdir və o spesifiklikdən irəli gələrək idarəçilik düzgün qurulmalıdır. İ.Orucov hesab edir ki, Azərbaycanda universitet rektorlarının çoxu öz yerində olsa çox işlər görmək və universitetlərin simasını dəyişmək mümkündür. “Biz universitetlərimizlə təkcə ona görə öyünmək istəmirik ki, onların binaları gözəldir. Biz istəyirik ki, universitetlər əmək bazarının tələblərini ödəmək kimi funksionallıqlarını davam etdirə bilsinlər. Eyni zamanda, qeyd etdiyim kimi, universitetlər iqtisadiyyatda pay sahibinə çevrilsinlər, həmçinin universitetlərdə keyfiyyətli tədqiqatlar aparılsın, təkcə təhsil verən qurum yox, həm də tədqiqat aparan quruma çevrilsin. Bu imkanlar var. Bunu etmək asan deyil, amma mümkündür. Yetər ki, məqsəd saf olsun, hədəflər düzgün müəyyənləşdirilsin, universitetə rəhbərlik edən şəxs özünü universitetin ağası kimi aparmasın, kollektiv idarəetməni formalaşdıra bilsin.

Sözün həqiqi mənasında bunu UNEC-in timsalında görürəm və ona görə də bu universitetin perspektivinə çox böyük inanım və ümidlərim var.

UNEC rəhbərinin qeyd etdiyi kimi, müəllimlərə 7-8 min manat maaş verilməsini gələcəkdə görmək mümkün olacaq. Həmçinin bu elə olmalıdır ki, əməkdaşlar aldıqları 7-8 min manat əməkhaqqını haqq etmiş olsunlar. Təbii ki, ucdantutma hamıya bu qədər maaş vermək doğru deyil. Əməkdaş bunu qazanmalıdır. Dünyanın fərqli universitetlərində olarkən məhz universitet əməkdaşının universitetin gerçək bir parçası olduğunu görmüşəm və hər zaman arzu etmişəm ki, bizim universitetlərin əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində yanaşmaları olsun, bunu reallaşdıra bilsinlər.

Bir universitetdə müəllimə yüksək maaşın verilməsinin nəyin hesabına baş verdiyinə gəlincə, əgər bir universitet rektoru ölkə rəhbərliyinin verdiyi tapşırıqları düzgün dərk və icra edirsə, o universitetin əməkdaşlarının maaşlarını 7-8 min manat etmək fikrini sıradan bir fikir kimi qəbul etmək olmaz. Mən buna inanıram. Arzum budur ki, bizim digər universitretlərimiz də qalib dövlətin adına layiq olsunlar, ona uyğun işləməyi qarşılarına məqsəd qoysunlar, görüntü ilə məşğul olmasınlar. Ölkənin gələcəyinin qurulmasında yalnız bir parça diplom verən qurum kimi yola çıxmasınlar, bu inkişafın bir parçası olduqlarını təsdiq etsinlər”-deyə İ.Orucov əlavə etdi.

İradə SARIYEVA

Seçilən
27
baki-xeber.com

1Mənbələr