AZ

Bağçalarda qida norması köhnəlib EKSPERT

ain.az bildirir, Sherg.az portalına istinadən.

 Uşaqlar niyə 12 qram ətlə böyüməlidir?

“Bağçada uşaqlara qarabaşaq və makaron, üstündə də toyuq filesi verilir. Bundan savayı nə verilir?”

 Tibb və təhsil müəssisələri, sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsası yaradılacaq və yeni qida normaları müəyyən ediləcək. Bu məsələ Milli Məclisin dünən keçirilən iclasında müzakirə olunan "Yaşayış minimumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. 

Qanun layihəsinə əsasən, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən ediləcək. Bildirilib ki, hazırda qeyd olunan müəssisələrdə qida normaları Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli qərarına uyğun olaraq müəyyən edilir. Həmin normaların müəyyənləşdirildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq, bu normalarda mahiyyəti üzrə ciddi dəyişiklik edilməyib. Bu baxımdan adıçəkilən müəssisələrdə istifadəsi məqsədəuyğun olan qida məhsullarının çeşidliliyinin minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibinə uyğunlaşdırılmasına, həmçinin müxtəlif növ xəstəliklərin müalicə metodikasından irəli gələrək tibb müəssisələrində yeni qida normalarının müəyyən edilməsinə ehtiyac yaranıb. Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. 

Qeyd edək ki, minimum istehlak səbəti – insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Yaşayış minimumu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan sosial normadır. "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə minimum istehlak səbətinin tərkibi formalaşdırılıb, həmin orqanın 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarıyla bu tərkib yeni redaksiyada əlavələrlə təsdiq edilib. Məhz üzərindən 11 illik müddət keçməsi nəzərə alınaraq minimum istehlak səbətinin və buna müvafiq olaraq da qida ilə bağlı yeni normaların müəyyənləşməsinə ehtiyac var. Normalar necə müəyyənləşəcək, gündəlik tələbatı ödəyəcək səviyyədəmi olacaq, yenilənmiş qaydalar açıqlanan zaman bilinəcək. Məsələ tibb və təhsil müəssisələrini, sosial sahəyə aid müəssisələri əhatə etdiyindən xüsusilə vacib görünür. Məsələn, xəstəxanalarda xəstələrin gündəlik yemək rasionu necə dəyişəcək, yaxud uşaq bağçaları, orta məktəb bufetlərində, həmçinin uşaq evləri, internat məktəbləri, sosial sığınacaqlarda gündəlik yemək norması necə müəyyənləşəcək? 

Pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, qida normalarının yenilənməsi zəruridir: 

- Bağçada uşaqlara qarabaşaq və makaron, üstündə də toyuq filesi verilir. Bundan savayı nə verilir? Uşaqların ən çox yediyi bunlardır. Halbuki uşaqların sağlam böyüməsi, orqanizmin möhkəmlənməsi, əzələ bərkliyi üçün müəyyən qidalar var ki uşaq onları mütləq qəbul etməlidir. Həftənin 5 günü səhərdən axşamadək uşaqlar bağçanın ixtiyarındadır. Ancaq şənbə-bazar günləri, bayramlarda evdə olurlar. Bir-iki gün evdə normal qidalanma ilə uşağın orqanizmi möhkəmlənməz. Bu, mütəmadi, hər gün olmalıdır. Məsələ bundadır ki, uşaqlar bağçada qarabaşaq, makarona o qədər vərdiş edir ki, evdə başqa yeməklərdən imtina edirlər. İndiyədək qüvvədə olan istehlak səbəti üzrə ərzaqlara baxanda görürük ki, məsələn, 0-15 yaş arası uşaqlar üçün ət və ət məhsullarının illik norması 29.6 kiloqramdır. Bu, ay ərzində 2 kiloqram ət deməkdir. 365 günün hər birinə təxminən cəmi 12 qram ət düşür. 2 kiloqram ət 30 gün ərzində yeyilməlidir. Bu, nə deməkdir, yəni bir uşaq ayda cəmi 2 kiloqram ət yeyəcək. Düzdür, bu, minimum göstəricidir. Amma maksimumun nə qədər olduğunu necə bilək? Uşaq bağçaları aylıq nə qədər ərzaq alır və bu ərzağın içində ətin ümumi çəkisi nə qədərdir? Məsələn, meyvənin illik miqdarı 76 kiloqram göstərilib, əvvəlki istehlak səbətində. Bununla hər uşağa gündə 5-6 qram meyvə düşür. Bu meyvənin hansı meyvələrdən nədən ibarət olduğu bilinmir. Hər uşaq hər gün azı 1 alma, 1 kök, müxtəlif tərəvəzlər yeməlidir. Sağlam olmaq üçün. Verilirmi bu uşaqlara? Balıq məhsullarının çəkisi lap azdır. Halbuki məhz balıq məhsulları orqanizmin zəruri ehtiyacı olan D vitamininin daşıyıcılarıdır. Məktəblərdə, digər uşaq müəssisələrində də, o cümlədən qida normalarının yenilənməsinə ehtiyac var. Nəzərə almaq lazımdır ki, hazırda qidaların tərkibi vitaminlərlə zəngin deyil. Uşaqlara məhz vitaminlərlə zəngin qidalar verilməlidir. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
sherg.az

2Mənbələr