AZ

Bakıda baha, rayonda ucuz

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda ipoteka şərtlərinin regionlar üzrə yumşaldılması təklif olunur. Qiymətləndirmələrə əsasən, ipoteka kreditlərinin 80 faizindən çoxu Bakının payına düşür. Sumqayıt və Gəncə şəhərlərini çıxsaq, rayonlarda ipotekaya çıxış, demək olar ki, olduqca zəifdir.

Mövzu ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, burada müxtəlif səbəblər var: “Birincisi, Bakı şəhərinə daha çox əhali toplanıb və paytaxtda yüksək urbanizasiya var. İkincisi, şəhərdəki mövcud inkişaf, ən əsası da ipoteka götürənlərin rəsmi maaşları yüksəkdir. Eləcə də ipoteka götürənlərin boyük bir hissəsi də Bakıda toplanıb. Bu o deməkdir ki, ipoteka götürən şəxsin gəlirləri rəsmidir və son illər rəsmi gəlirlər daha çox Bakı və böyük şəhərlərdə formalaşıb. Kənd yerlərində o qədər də ipoteka krediti tələb olunmur. Birinci, kənd yerlərində çıxarışla təmin olunan evlər çox azdır. İkincisi, ona görə ehtiyac olmur ki, bir çox vətəndaşlar pay torpaqlarından istifadə edirlər və gəlirlərinə uyğun olaraq pay torpaqlarında evlərini tikirlər. Rayonlarda və qəsəbələrdə də oxşar vəziyyətdir. Onlar çalışırlar ki, nisbətən şəhərin kənar yerlərində ucuz torpaq, əmlak alsınlar. Bölgələrə nisbətən böyük şəhərlərdə vətəndaşlara ipoteka kreditləri verilir. Kreditlər isə ümumilikdə 5-10 faiz arasında dəyişir. Bunlar Bakı, Sumqayıt və Xırdalan şəhərləridir. Digər şəhərlərdə çox nadir hallarda vətəndaşlar ipotekaya müraciət edir. O əmlakın qiyməti bir o qədər də baha deyil. Vətəndaşa sərf edir ki, şəhərin hansısa bir tərəfində baha olmayan bir torpaq sahəsi alıb yavaş-yavaş ev tikdirsin. Qiymətin yüksək olmasının əsas səbəbləri məhz əhalinin şəhərlərdə formalaşması, həmin şəhərlərdə daşınmaz əmlakın əlçatan olmaması və son 3-4 il ərzində daşınmaz əmlakın 35-40 faizə qədər bahalaşmasıdır. Yəni vətəndaşın topladığı kapital ona yol vermir ki, onlar bu vəsaitlə əmlak ala bilsinlər. Bilirlər ki, əmlak bahalaşıb, ipotekalara müraciətlərin sayı xüsusilə son illər Bakı şəhərində daha da çoxalıb. Hətta rayonda çalışan vətəndaşların bəziləri çalışırlar ki, Bakıda ipoteka ilə ev alsınlar, nəinki regionlarda. Gələcəklərini şəhərdə təmin etmək istəyirlər. Məsələn, kimsə Gəncədə, Şəkidə, Lənkəranda yaşayır və fikirləşir ki, əgər ipoteka mənə düşürsə, gedim onu Bakıda alım, orada kirayəyə verim, öz xərcini yavaş-yavaş qarşılasın”.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə hesab edir ki, Bakı ilə müqayisədə regionlarda ipoteka şərtləri daha əlçatandır: “Çünki regionlarda evlərin də qiyməti Bakı ilə müqayisədə aşağıdır. Nəticə etibarı ilə alınan mənzillərə görə aylıq ödənişlərin məbləği vətəndaşlar üçün kifayət qədər əlçatan olur. Bu, başqa məsələdir ki, regionlarda ipoteka götürmək istəyən şəxslərin gəlirləri Bakıdakı səviyyədə deyil, aşağıdır. Eyni zamanda hesab edirəm ki, rayonlarda məskunlaşmanı təşviq etmək üçün ipoteka faizlərində müəyyən güzəştlər tətbiq etmək olar”.

Regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsinin qiymətlərə təsirinə gəlincə isə, R.Osmanlı qeyd edib ki, bu gün Azərbaycanda verilən ipotekanın 80 faizdən çoxu Bakının payına düşür: “Burada Abşeron və Sumqayıtı da çıxsaq, ümumi regionların təqribən 7-8 faizlik payı qalır. Bu mənada hesab etmirəm ki, regionlara ipotekada güzəşt tətbiq edilməsi əmlak qiymətlərinə təsir göstərsin. Əmlak qiymətlərinə təsir göstərməsi üçün bazar şərtləri bu prosesə uyğun olmalıdır. İndiki halda Azərbaycanda qiymət azalması üçün heç bir əsas və şərt yoxdur”.

Azərbaycanda maliyyə naziri Sahil Babayev Milli Məclis üzvlərinin ipoteka şərtlərinə uyğun kontingentin 90 faizinin Bakı və Abşeronda yaşaması ilə əlaqədar ipoteka siyasətinin dəyişdirilməsi və onun paytaxtdan bölgələrə yönəldilməsinin zəruriliyi ilə fikirlərə münasibət bildirib. Nazir mövqeyini belə açıqlayıb: “İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə uyğun olaraq müvəkkil banklar təxminən 55 min borcalana 3,5 milyard manatdan çox kredit verib. Bunun 78 faizi Bakı şəhərinin, 22 faizi isə respublikanın digər şəhər və rayonlarının payına düşüb. Regionlardakı əhalinin ipoteka krediti vasitəsilə yaşayış şəraitini yaxşılaşdırması məqsədilə fərdi qaydada məşğul olan sadələşdirilmiş vergi ödəyicilərinin də ipoteka kreditinə çıxış imkanları yaradılıb. Eyni zamanda, əhalinin elektron ipoteka sistemi vasitəsilə müvafiq müraciətləri əsasında müvəkkil banklar ipoteka kreditləri velir. Bu zaman ipoteka krediti vasitəsilə alınacaq yaşayış sahəsinin yerləşməsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb”.

Seçilən
9
hafta.az

1Mənbələr