Xəbər verildiyi kimi, avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) hafta.az-a verilən məlumata görə, bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir.
İlk belə yer Yusif Səfərov küçəsində təşkil edilib. Qeyd olunub ki, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyir ki, bu yeniliyi təqdirəlayiq hal kimi dəyərləndirmək olar: “Avtobus zolaqlarında düşüb-minmə üçün xüsusi yerlərin ayrılması uzun müddətdir, vətəndaşlarımızın gözlədikləri və ümid etdikləri məsələlərdən biri idi. Ona görə əhali arasında bu, böyük məmnuniyyətlə qarşılanır və insanlar belə bir yeniliyi səbirsizliklə gözləyirlər. Belə zonalar təyin olunduqda vətəndaşlar bu yerlərdə qısamüddətli dayanmalar zamanı cərimələnməyəcəklər. Yəni, əgər bir şəxs avtomobilini həmin ərazidə saxlayıb sərnişin düşürürsə və ya mindirirsə, bu zaman texniki olaraq müəyyən edilən qısa müddət çərçivəsində cərimə yazılmamalıdır. Bunun üçün isə texniki avadanlıqlarla bu proses düzgün şəkildə tənzimlənməlidir ki, sui-istifadə halları baş verməsin. Eyni zamanda, bu zonalar əlçatan, ümumi istifadəyə açıq və təhlükəsiz yerlərdə qurulmalıdır. Məsələn, döngələrdə, parkların yaxınlığında və ya xiyabanların ətrafında, lakin digər parklanma yerlərindən bir qədər aralı, məsələn, 10–15 metr məsafədə bu zolaqlar təşkil oluna bilər. Bu cür yanaşma həm nəqliyyatın təhlükəsizliyini artırar, həm də sərnişinlərin rahatlığını təmin edər. Ümid edirik, bu addım vətəndaşlarımız üçün faydalı olacaq və ümumi razılıqla qarşılanacaq”.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli də vurğulayır ki, minib-düşmə məntəqələri həm sürücülərin, həm də sərnişinlərin rahatlığı üçün həyata keçirilib: “Bilirik ki, bizdə, ölkədə olan taksi sistemi bu cür yanaşmanı tələb edir. Biz görürük ki, belə məntəqələrin yaradılması effektivdir. Burada həm sürücülərin, həm də sərnişinlərin rahatlığı nəzərə alınıb. Sürücülər və sərnişinlər bilməlidirlər ki, bu məntəqələr gözləmə yeri deyil. Sürücü orada maşını saxlayıb sərnişini gözləməməlidir. Sərnişin əvvəlcədən orada olmalı və taksini sifariş etməlidir və yaxud da enmək üçün sərnişin taksi ilə gəlib orada enə bilər. Bu qayda bütün avtobus zolaqlarına şamil edilmir. Məsələn, Yusif Səfərov küçəsində xəstəxanalar var. Xəstəxanalara yaxın ərazidə təşkil olunub ki, gəlib-gedən vətəndaşlar orada taksi sifariş edə bilsinlər. Bura minib-enmə məntəqəsidir, dayanacaq deyil. Ona görə də avtomobillərin uzun müddət dayanmayacağına görə düşünmürəm ki, avtobuslara mane olsun. Bu kimi layihələr şəhər mobilliyi, mobilliyin transformasiyası layihəsi çərçivəsində həyata keçirilir. Əsas məqsəd də şəhər mühitində hər kəs üçün hərəkətin sərbəst olmasını təmin etməkdir”.