AZ

“Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpoziumun bağlanış mərasimi olub

Azərbaycan Milli Elmlər Akademiyasının və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpoziumun bağlanış mərasimi olub.

Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək iki gün davam edən beynəlxalq simpoziumun öz işini uğurla başa vurduğunu, əhəmiyyətli elmi nəticələrlə yadda qaldığını bildirib.

AMEA rəhbəri vurğulayıb ki, “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusu ilk dəfə olaraq ayrıca bir beynəlxalq elmi simpoziumun əsas müzakirə predmeti olmuşdur.

O, tədbirdə həm Azərbaycan, həm də Türkiyə elmi mühitinə aid olan yanaşma və baxışların təqdim olunmasını simpoziumun əhəmiyyətini artıran mühüm məqamlardan biri kimi qiymətləndirib. İlk dəfə olaraq sistemli şəkildə iki ölkənin mövqeyi kontekstində geniş elmi müzakirələrin aparıldığını qeyd edib.

AMEA rəhbəri beynəlxalq tədbir çərçivəsində müxtəlif aktual mövzuları əhatə edən 30-a yaxın məruzənin dinlənildiyini, müzakirələr nəticəsində tədbirdə iştirak edən hər kəsdə Azərbaycan və Türkiyənin dünya siyasətindəki rolu, mövqeyi, birliyi və həmrəyliyi barədə kompleks təsəvvürün formalaşdığını bildirib.

“Türkiyə və Azərbaycanın bütün sahələrdə olduğu kimi, beynəlxalq miqyasda, siyasət meydanında da nümayiş etdirdiyi dostluq və qardaşlıq bu elmi simpozium çərçivəsində daha da aydın şəkildə özünü göstərmişdir”, – deyən AMEA prezidenti qeyd edib ki, tədbir çərçivəsində müzakirə olunan mövzular gələcək tədqiqatlar üçün geniş imkanlar yaradacaq, yeni elmi istiqamətlərin formalaşmasına təkan verəcəkdir.

Akademik Həbibbəyli təqdim olunan məruzələrin elmi məqalələr toplusu şəklində Türkiyədə nəşr olunacağını, bu kitabın gələcək tədqiqatçılar üçün bələdçi və dəyərli informasiya mənbəyi rolunu oynayacağını söyləyib.

O, beynəlxalq simpoziumun mühüm nəticələrindən biri kimi Türkiyə ilə elmi əlaqələrin daha da möhkəmləndirilməsini xüsusi vurğulayıb. Qeyd edib ki, bu tədbir AMEA-nın həm Türkiyənin müxtəlif elmi qurumları, həm də Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası ilə əməkdaşlıq əlaqələrinin inkişafında yeni səhifə açmışdır.

Türkiyə-Azərbaycan əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyən AMEA rəhbəri bu əməkdaşlıq nəticəsində iki qardaş ölkə arasında elmi əlaqələrin daha da dərinləşəcəyinə inamını ifadə edib.

Tədbir çərçivəsində Azərbaycana ilk dəfə səfər edən türkiyəli alimlərin iştirakının xüsusi məna kəsb etdiyini vurğulayan alim, ölkələrimiz arasında yeni elmi körpülərin qurulmasını sevindirici hal kimi qiymətləndirib.

O, bu simpoziumun yeni ortaq elmi layihələrin və gələcək əməkdaşlıqların başlanğıcına çevrildiyini, eyni zamanda, elmi əlaqələrin inkişafı baxımından mühüm platforma rolunu oynadığını qeyd edib.

Akademik İsa Həbibbəyli konfransın işində fəal iştiraka görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Sonra Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti, professor Müzəffər Şəkər çıxış edərək möhkəm təməllərə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin təhlili, iki ölkə arasında əməkdaşlığın daha da inkişafı, qlobal siyasi gərginliklərin aradan qaldırılması, ortaq elmi mövzuların müzakirəsi baxımından beynəlxalq tədbirin önəmini qeyd edib. O, iki günlük simpozium çərçivəsində müxtəlif istiqamətlər üzrə geniş və maraqlı məruzələrin dinlənildiyini vurğulayıb.

 

Professor Müzəffər Şəkər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri kədərimizdir” kəlamlarının hər iki dövlət arasında əlaqələrin sarsılmaz özülünü təşkil etdiyini bildirib.

O, böyük filosof Yunus Əmrənin şeirindən “Sevelim sevilelim, Dünya kimseye kalmaz” misralarını səsləndirərək, Azərbaycan və Türkiyə xalqlarının bir-birinə olan sevgisinin, iki ölkə arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin əbədi və daimi olmasını arzulayıb.

TÜBA prezidenti çıxışının sonunda beynəlxalq simpoziumun elmi və siyasi əhəmiyyətindən, əldə olunan nəticələrdən, gələcək əməkdaşlıq imkanlarından danışıb, tədbirin faydalı ideya platforması kimi məhsuldar nəticələrlə yadda qalacağına əminliyini ifadə edib.

Bağlanış mərasimində Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının (AASSA) prezidenti, TÜBA Beynəlxalq Əlaqələr İşçi Qrupunun sədri professor Əhməd Nuri Yurdusev çıxış edərək elmi-texniki biliklərə dərindən yiyələnmiş mütəxəssislərin hazırlanmasının müasir dövrdə hər bir ölkənin inkişaf strategiyasının əsas tərkib hissəsi olduğunu deyib.

O, insan amilinin, elmi potensialın və yüksəkixtisaslı alimlərin ölkənin elmi inkişafında mühüm rol oynadığını vurğulayıb: “Elmlər akademiyalarında dərin elmi biliklərə malik mütəxəssislərin yetişdirilməsi prioritet məsələlərdən biridir. Bu kimi ixtisaslı kadrların mövcudluğu şəraitində notarial qaynaqların çatışmazlığı elmi fəaliyyətə maneə yaratmır”.

O, Azərbaycan-Türkiyə münasibətlərinin bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini xüsusi vurğulayaraq, elm sahəsində əməkdaşlığın güclənməsinin ölkənin ümumi inkişafına ciddi töhfə verəcəyini bildirib.

AMEA və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq simpoziumun yüksək səviyyədə təşkil olunduğunu söyləyən AASSA-nın prezidenti, tədbir çərçivəsində müvafiq istiqamətlər üzrə geniş elmi müzakirələrin aparıldığını, hər iki ölkənin alim və ziyalılarının aktual elmi və ictimai problemlərin həllində yaxından iştirak etdiklərini deyib. Professor Əhməd Nuri Yurdusev vurğulayıb ki, Azərbaycan və Türkiyə elm adamlarının bir araya gəldiyi bu simpozium həm bilik və təcrübə mübadiləsi, həm də əlaqələrin genişləndirilməsi baxımından mühüm platforma rolunu oynadı.

Daha sonra AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zülfiyyə Vəliyeva və digərləri çıxış edərək simpoziumun aktuallığını vurğulayıb, tədbirin daha geniş coğrafiya əhatə etməsinin zəruriliyini qeyd ediblər.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Seçilən
5
1
veteninfo.az

2Mənbələr