"Monako", "Mançester Yunayted"in qapıçısı Andre Onananın mümkün transferi ilə bağlı futbolçunun nümayəndələrinə müraciət edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Times” nəşri məlumat yayıb.
Mənbənin verdiyi xəbərə görə, Fransa klubunun nümayəndələri hələlik rəsmi təklif irəli sürməyiblər. Lakin onlar 29 yaşlı qolkiperin "Mançester Yunayted"dəki vəziyyəti ilə maraqlanaraq, oyunçunun ətrafındakı şəxslərdən məlumat almağa çalışıblar.
Buna baxmayaraq, Kamerun millisinin üzvü "qırmızı şeytanlar"ın start heyətində yer almaq uğrunda mübarizəni davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Andre Onana 2023-cü ilin yayında 47 milyon funt sterlinq qarşılığında İtaliyanın "İnter" klubundan "Mançester Yunayted"ə transfer olunub. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına əsasən, Onananın hazırkı bazar dəyəri 25 milyon avrodur.