AZ

Ərakçi: ABŞ-ın İrana hücumu hər kəs üçün təhlükəli olar

Ərakçi: ABŞ-ın İrana hücumu hər kəs üçün təhlükəli olar

İranın xarici işlər naziri Abbas Ərakçi bildirib ki, bombardman altında olduqları bir vaxtda ABŞ ilə danışıqlara gedə bilməzlər.

Ərakçi Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclası öncəsində jurnalistlərə açıqlama verib.

Ölkəsinin ABŞ ilə 15 iyun tarixində altıncı raund müzakirələrə başlamasından iki gün əvvəl İsrailin İrana hücum etməyə qərar verdiyini qeyd edən Ərakçi bildirib ki, onların diplomatiyaya qarşı olduqları açıq-aşkar ortadadır: "Bu problemin sülh yolu ilə həllini istəmirlər. 2015-ci ildə olduğu kimi, danışıqlar yolu ilə bir həllə qəti şəkildə hazırıq”.

Ərakçi İranın 2015-ci ildə ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniyadan ibarət P5+1 ölkələri ilə əldə etdiyi razılaşmanı xatırladaraq bildirib ki, bu, iki il davam edən danışıqların nəticəsi idi və razılaşma imzalandıqdan sonra bütün dünya bunu qeyd etdi.

Diplomatiyanın əhəmiyyətinə diqqət çəkən Ərakçi “Bu o deməkdir ki, diplomatiya işləyə bilər. Keçmişdə işləyib, gələcəkdə də işləyə bilər. Lakin bizim diplomatiyaya qayıda bilməyimiz üçün əvvəlcə aqressiya dayandırılmalıdır” deyə əlavə edib.

“Xalqımız bombardman altındaykən ABŞ ilə danışıqlara gedə bilməyəcəyim aydındır,” – deyə Ərakçi sözlərini davam etdirib:

“Təəssüf ki, ABŞ-ın əvvəldən bu aqressivliyin içində olduğu qənaətinə gəldik. Onlar bunu inkar etdilər. Hadisələrin içində olmadıqlarını deyirlər, amma ilk gündən bəri ABŞ-ın bu məsələdə iştirak etdiyinə dair əlimizdə kifayət qədər sübut var. İndi isə ABŞ Prezidenti Donald Trampın paylaşdığı tvitlər və verdiyi müsahibələr bu məsələdə liderlik iddiasında olduqlarını açıq şəkildə ortaya qoyur”.

Ərakçi yekun olaraq “Təəssüf ki, ABŞ-ın da bu aqressiyaya qoşula biləcəyini eşitdik. Bu, çox bədbəxt bir vəziyyət olar. Bunun hər kəs üçün çox, həm də çox təhlükəli olacağına inanıram” deyə vurğulayıb.

Seçilən
3
afn.az

1Mənbələr