BAKI, 21 iyun. TELEQRAF
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Teleqraf-a müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərindən və müzakirə olunan mövzulardan danışıb.
Onunla müsahibəni təqdim edirik.
- Mətin bəy, Ermənistan Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri ətrafında müzakirələr davam edir. Bunu Ankara-İrəvan xəttində yeni istiqamət kimi şərh edənlər də var. Heç bir diplomatik əlaqəyə malik olmayan iki ölkə arasında münasibətlərdə nə kimi dəyişikliklər gözlənilir?
- Paşinyan Türkiyəyə ilk işgüzar səfərini etdi. Bu, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Türkiyə arasında münasibətlərin bərpası, sərhədlərin açılması prosesinin tərkib hissəsidir. Rəsmi İrəvanın əsas məqsədi Türkiyə ilə münasibətləri bərpa etmək və sərhədlərin açılmasına nail olmaqdan ibarətdir.
Türkiyə ilə əlaqələrin bərpası Ermənistanın maraqlarına uyğundur. Bunun iqtisadi, siyasi və geosiyasi baxımdan İrəvan üçün böyük faydalarının olacağı proqnozlaşdırılır. Amma Ermənistan hakimiyyəti hələ də məqsədinə nail ola bilmir. Çünki Türkiyə Ermənistanla aprılan danışıqlarda müttəfiqi olan Azərbaycanın maraqlarını və mövqeyini nəzərə alır.
İrəvan Bakı ilə sülh məsələsində ciddi addım atmasa, Ermənistanla Türkiyə arasında münasibətlərin bərpası mümkün olmayacaq. Bu günə qədər Türkiyə hökumətinin həyata keçirdiyi siyasət məhz bundan ibarət olub. Paşinyan daxili və xarixi təzyiqlərin artması fonunda çalışır ki, Türkiyə münasibətlərin bərpası istiqamətində hansısa uğura nail olsun. Hər halda Ermənistanın Baş nazirinin son səyləri bununla bağlıdır.
- İrəvanın son zamanlar Ankara ilə artan diplomatik təmasları Azərbaycanla Ermənistan arasında sülh prosesinə necə təsir edə bilər?
- Türkiyənin bölgəyə, xüsusən də Azərbaycanla Ermənistan arasında sülh prosesinə təsir imkanları var. Burada Türkiyə bir növ platforma kimi çıxış edə bilər. Azərbaycan Türkiyə ilə müttəfiq dövlətdir. Ankaranın eyni zamanda regionda maraqları və təsir imkanları genişdir.
Bu mənada Türkiyə də regionda davamlı sülhün olmasında maraqlıdır. Bölgənin bütün ölkələri ilə rəsmi Ankara arasında əlaqələrin olması onun marağındadır.
- Azərbaycanın sülh şərtlərinin rəsmi İrəvan tərəfindən qəbulu, eləcə də Zəngəzur dəhlizinin açılması istiqamətində Ankarının təsir imkanları nədən ibarətdir?
- Türkiyənin bu məsələlərdə iradə nümayişi mümkündür. Çünki Zəngəzur dəhlizi son illərdə Azərbaycanla Türkiyə arasında müzakirə edilən və dəstəklənən böyük bir layihədir. Ankara ilə İrəvan arasındakı son diplomatik təmaslarda da Zəngəzur dəhlizinin açılması məsələsinin müzakirə edilməsi ehtimalı böyükdür.
Hazırda sülh prosesinə maneə olan əsas əngəllərdən biri də Ermənistanın Zəngəzur dəhlizinə etirazıdır. Bu dəhlizin açılması Azərbaycanla Ermənistan arasında sülh prosesinə cidd şəkildə təkan verə bilər. Eyni zamanda bu amil Türkiyə ilə Ermənistan arasında gedən danışıqlar prosesi və münasibətlərin bərpası məsələsinə də ciddi təsir göstərmiş olardı.