"Partizan" "Qarabağ"ın sabiq legioneri Patrik Andradedən Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.
Sportinfo.az xəbər verir ki, müraciət CAS-a 2024-cü ildə ünvanlanıb.
Dinləmələr bu həftə - iyunun 17-də olub. Müraciətin səbəbi və məhkəmənin qərarı açıqlanmayıb.
Patrik Andrade ilk dəfə "Qarabağ"da 2020-ci il avqustun 28-dən 2022-ci il iyulun 1-dək çıxış edib. Ardından o, azad agent qismində "Partizan"a keçib.
2022/2023 mövsümündə Belqrad komandasında 26 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Lakin Kabo Verde yığmasının yarımmüdafiəçisi 2023-cü il iyulun 15-də Serbiya klubundan yenidən Ağdam klubuna transfer olunub və onunla 2 illik müqavilə bağlanılıb.
İyunun 11-də 32 yaşlı oyunçunun başa çatan sözləşmənin uzadılmadığı açıqlanıb. Hazırda Andrade klubsuzdur.