BAKI, 21 iyun. TELEQRAF
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə 2025–2026-cı illəri əhatə edən ümumilikdə 12 milyon 190 min 640 manat məbləğində müxtəlif şirkətlərlə müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, nazirliyin “M-KONTAKT” MMC ilə bağladığı müqaviləyə əsasən Ordunun hərbi hissələri üçün müxtəlif tipli mebellər quraşdırılacaq. İşlərin dəyəri 1 milyon 70 min manatdır. Layihənin icra müddəti 2 iyun 2025 – 30 iyun 2026 tarixləridir.
Texniki təminatın gücləndirilməsi məqsədilə “PROVIDE SOLUTIONS” MMC ilə hərbi hissələr üçün batareyaların (Lot 1) tədarükü üzrə müqavilə imzalanıb. Layihə 178 min 905 manat dəyərindədir.
Səhiyyə sahəsində də yenilənmə planlaşdırılır. “GARANT PLUS” MMC ilə bağlanan dəyəri 1 milyon 53 min 282 manat olan müqaviləyə əsasən hərbi tibb müəssisələri üçün tibbi avadanlıqlar quraşdırılacaq. İşlər 31 may 2025 – 30 iyun 2026 tarixlərində həyata keçiriləcək.
Kommunikasiya infrastrukturunun yenilənməsi üçün “KABLOLINE” MMC ilə 842 min 752 manat məbləğində müqavilə imzalanıb. Müxtəlif növ kabellərin tədarükü ilin sonunadək həyata keçiriləcək.
“PLATINIUM-17” MMC ilə bağlanan müqavilə isə ordunun yeməkxanaları üçün mətbəx qabları və ləvazimatların tədarükünü nəzərdə tutur. Bu istiqamətdə 922 min 916 manat ayrılıb. Layihənin icra müddəti ilin sonunaqədərdir.
Yanğın təhlükəsizliyinin artırılması üçün “FIRE GROUP” MMC ilə 286 min 518manat dəyərində müqavilə bağlanıb. Yanğınsöndürmə vasitələrinin təhvili müddəti 13 iyun – 20 dekabr 2025 tarixləridir.
İnşaat ehtiyaclarının qarşılanması məqsədilə “TEXNOLOG” MMC ilə imzalanan müqavilənin dəyəri isə 3 milyon 49 min 538 manatdır. Tədarük müddəti bu ayın sonu bitir.
İT infrastrukturunun texniki dəstəyi çərçivəsində “KAİNAT-PRINT” MMC ilə 55 min 848 manat dəyərində müqavilə bağlanıb. Kartric doldurma məntəqələri üçün avadanlıqlar 10 iyun – 20 dekabr 2025 tarixlərində təmin ediləcək.
Laboratoriyaların fəaliyyətinin davamlılığı məqsədilə “AZƏRİ MED” QSC ilə 2 milyon 259 min 383 manat dəyərində müqavilə imzalanıb. Reaktivlər və məsrəf materiallarının təhvili bu ayın sonuna qədərdir.
Texniki vasitələrin düzgün işləməsi üçün “ALCO” MMC-dən müxtəlif növ yağlar, sürtkü materialları və xüsusi mayelər alınacaq. Bu məqsədlə şirkətə 1 milyon 677 min 340 manat ödənib. Təchizat müddəti 27 may – 30 dekabr 2025 tarixləridir.
İnformasiya və əyləncə vasitələrinin yenilənməsi istiqamətində “HALAL-P” MMC ilə 235 min 917manatlıq müqavilə bağlanıb. Hərbi hissələrə televizorların təchizatı 15 may – 30 dekabr 2025 tarixləri əhatə edir.
Nəhayət, qaz təchizatının modernləşdirilməsi üçün “BABAYEV GROUP COMPANY” MMC ilə 558 min 19 manat dəyərində müqavilə imzalanıb. Sənədə əsasən bu ayın sonuna qədər hərbi hissələrə qaz sayğacları, klapanlar və dedektorların quraşdırılacaq.